Əbədi qəhrəmanlıq
dastanı
Şuşanın
işğalından 20 il ötür
İkinci Dünya müharibəsi
illərində alman faşistlərinə qarşı mərdliklə
döyüşən Azərbaycan oğulları öz hünərləri
ilə əbədi qəhrəmanlıq dastanı
yaratdılar. Bu dastanın şanlı səhifələri
müxtəlif cəbhələrin, soyuq səngərlərin
qanlı-qadalı, barıt və ölüm qoxulu havası ilə
yazıldı. O zaman Şuşa və ona məxsus kəndlərdən
bu davaya üç minə yaxın oğul yollandı.
Müharibə bitdikdən sonra o cavanların yarıdan
çoxu geri qayıtmadı. Onlar haqqında alınan xəbərlərdə
bu sözlər deyilirdi: "...Həlak olub", "İtkin
düşüb". Qafqazdan Berlinə qədər və ətraf
ölkələrə şaxələnən bu
döyüşlərdə şücaət göstərən,
yaralanan, eləcə də həlak olan şuşalılar
tarixin o qanlı illərində də şərəfli həyatları
və igidlikləri ilə örnək olublar.
Şuşalı döyüşçülər arasında
elə oğullar da olub ki, onların qəhrəmanlığı
keçmiş SSRİ-nin bütün müttəfiq
respublikalarına bəlli idi. Həmin unudulmaz qəhrəmanlar
haqqında qələmə aldığımız bu yazı
onların xatirəsinə bir ehtiram nişanəsidir.
Aslan Vəzirov 1920-1930-cu illərdə Leninqrad və Moskvada hərbi mühəndislik məktəbində oxumuşdu. İkinci Dünya müharibəsi başlayanda o, Zaqafqaziya Cəbhəsi Şimal Ordu qrupunun 5-ci Dağ-mina-mühəndis briqadasının, 3-cü Ukrayna cəbhəsinin 51-ci Qırmızı bayraqlı Mühəndis-istehkam briqadasının, 2-ci Belarusiya cəbhəsində Baş Komandanlığın 1-ci qvardiya mühəndis-istehkam briqadasının komandiri olmuşdur. Qvardiya polkovniki idi. Şərəfli döyüş yolu keçib. Müharibədən sonrakı illərdə Kaunas, Voronej və Bakıda müxtəlif vəzifələrdə çalışmışdır. 1965-ci ildə Azərbaycan Müharibə Veteranları Komitəsinin sədri olub. Dörd dəfə Qırmızı Bayraq, II Dərəcəli Kutuzov, II Dərəcəli Boqdan Xmelnitski ordenləri, 2 xarici orden və bir sıra medallarla təltif edilmişdir. Müharibə illərində göstərdiyi igidliyə görə 1945-ci ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. Qorxmazlıq, cəngavərlik, vətənpərvərlik, torpaqsevərlik, yurda bağlılıq Aslan Vəzirovun xarakterik xüsusiyyətləri idi. Aslan Vəzirovun həyat yolu gənclərimiz üçün bir örnəkdir.
Xəlil Məmmədov 1916-cı ildə Şuşada anadan olub, 1939-cu ildə orduya çağırılıb. Tank batalyonunun alay məktəbini bitirən Xəlil Məmmədov hərbi xidmət zamanı tank komandiri təyin edilmişdi. İkinci Dünya müharibəsi başlayandan sonra rota, batalyon komandiri olub. Kerç yarımadasında gedən döyüşlərdə, Krım, Şimali Qafqaz, Ukrayna və Moldaviyanı azad etmək uğrunda vuruşmalarda fərqlənmişdir. Döyüşlərdə göstərdiyi şücaətə görə 1943-cü ilin mart ayında Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Xəlil Məmmədov 1944-cü ilin payızında rəhbərlik etdiyi tank batalyonu ilə Rumıniyanın faşist işğalçılarından azad edilməsində xüsusi xidməti olub. Müharibə qələbə ilə tamamlandıqdan bir il sonra Xəlil Məmmədov Bakı Ali Partiya Məktəbində oxuyub. Uzun illər məsul vəzifələrdə çalışıb. Azərbaycan SSR Daxili İşlər Nazirliyində müavin, nazir, Nazirlər Sovetində şöbə müdiri, Bədən Tərbiyəsi və İdman Komitəsinin sədri olmuşdur. Bir neçə çağırış Azərbaycan Ali Sovetinə deputat seçilən Xəlil Məmmədov Qırmızı Bayraq, Aleksandr Nevski, Qırmızı Əmək Bayrağı, iki dəfə Qırmızı Ulduz, "Şərəf Nişanı" ordenləri və bir sıra medallarla təltif edilmişdir.
Əmir Rüstəmov hərbi xadim, mühəndis qoşunları üzrə general-mayor idi. Müharibədən əvvəl mühəndis olub. 1932-ci ildə hərbi xidmətə çağırılmışdı. 1941-ci ildə V.V.Kuybışev adına Hərbi Mühəndislik Akademiyasını bitirmişdir. 1942-1943-cü illərdə Rostov yaxınlığında, Qafqaz uğrunda gedən döyüşlərdə fəal iştirak etmişdir. Müharibədən sonra Quru qoşunların mühəndis xidməti qərargahı əməliyyat şöbəsinin rəisi təyin edilmişdir. 1952-ci ildə K.Y.Voroşilov adına Hərbi Akademiyanı bitirmişdir. Almaniyada sovet qoşunları qrupunun tərkibində mühəndis qoşunlarının rəisi (1952-1956), Sibir Hərbi Dairəsi mühəndis qoşunlarının rəisi (1956-1966), V.V.Kuybışev adına Hərbi Mühəndislik Akademiyasında kafedra rəisi (1966-1969) işləmişdir. Şərəfli və çətin əməyinə görə Qırmızı Bayraq, Qırmızı Ulduz orden və medalı ilə təltif olunmuşdur.
Cahid
Hüseynov 1918-ci ildə Şuşanın Malıbəyli kəndində
anadan olub. 1937-ci ildə Ağdam Pedaqoji Texnikumunu bitirdikdən
sonra bir müddət müəllimlik edib. 1940-cı ildə hərbi
xidmətə çağırılıb. Şərəfli
döyüş yolu keçib. Cənub, Cənub-Qərbi
Zaqafqaziya cəbhələrində vuruşan Cahid iki dəfə
yaralanıb və 1943-cü ilin mart ayında ordudan tərxis
edilib. Xidmət etdiyi dövrdə o vzvod komandirinin müavini,
komandir, rota komandirinin müavini, polk məktəbinin rəis
müavini, polk komandiri kimi məsuliyyətli vəzifələr
daşıyıb.
Cahid
Hüseynov 1943-cü ildə Tiflis Hərbi Siyasi Məktəbini,
1947-ci ildə isə Bakı Zabitlər Evi nəzdində
ikiillik Marksizm-Leninzm Universitetini, 1948-ci ildə Qorki Hərbi
Siyasi Akademiyasını və 1965-ci ildə Mülki Müdafiə
Ali Zabitlər Heyəti kursunu bitirmişdi. Uzun müddət
Naxçıvanda və Sumqayıtda Mülki Müdafiə Qərargahının
rəisi olub.
Cahid
Hüseynov son dərəcə intizamlı, tələbkar,
qabiliyyətli və xeyirxah bir insan idi. Müharibə illərində
göstərdiyi hünərə görə
Qırmızı Ulduz, II Dərəcəli Vətən
Müharibəsi ordenləri, "Döyüş xidmətinə
görə" və digər medallarla təltif edilmişdir.
Tanınmış hərbçinin döyüş və həyat
yolu həmişə öyrənilməyə və təqdir
edilməyə layiqdir.
Bəbir Əliyev 1919-cu ildə Şuşada doğulub. Şuşa Pedaqoji Texnikumunu bitirdikdən sonra bir müddət doğma şəhərdə müəllimliklə məşğul olub. Sonralar ali təhsil almaq məqsədilə Bakıda Azərbaycan Dövlət Pedaqoji İnstitutunun coğrafiya fakültəsinə daxil olub. Lakin bu təhsil müəssisəsini tamamlamaq ona qismət olmayıb. İkinci Dünya müharibəsinin başlanması ilə əlaqədar səfərbərliyə alınaraq cəbhəyə göndərilib. Baltikyanı ölkələrin faşistlərdən azad edilməsi uğrunda döyüşlərdə iştirak edib. 1941-ci ildə Orconikidze Piyadalar Məktəbini bitirərək yenidən cəbhəyə qayıdıb. Əslində, Bəbir Əliyev əks-kəşfiyyatçı kimi qeyri-adi şücaətlər göstərib. Onun da döyüş yolu Berlinə qədər uzanıb. Müharibə qələbə ilə başa çatdıqdan sonra o, Almaniyanın Karl Marks ştatının (indiki Trir şəhərinin) komendantı təyin edilib. 1947-ci ildə Azərbaycana qayıdan Bəbir Əliyev Daxili İşlər Komissarlığında çalışmışdır. Bəbir Əliyev I, II, III dərəcəli Böyük Vətən müharibəsi, Qırmızı Bayraq, "Şərəf Nişanı" ordenləri və bir sıra medallarla təltif edilib
Şahmar Babayev. Bu şuşalı balası da müharibə illərində kəşfiyyatçı olub. Bu sahədəki səmərəli işinə görə Lenin ordeni almış ilk azərbaycanlı əsgər idi. Müharibə illərində silaha sarılan Şahmar Babayev bölmə komandiri kimi fəaliyyət göstərib. O, Leninqradın müdafiəsi zamanı həlak olub.
Qızbəs Əsədova - 1916-cı ildə Şuşada doğulan bu xanım 1937-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. Təyinatla Qusar rayonuna göndərilən Qızbəs xanım həkim kimi əmək fəaliyyətinə başlayıb. İkinci Dünya müharibəsinin qara xəbəri Azərbaycanı bürüyəndə gənc vətənpərvər həkim könüllü olaraq cəbhəyə getmiş, müxtəlif hospitallarda çalışaraq minlərlə döyüşçüyə həyat bəxş etmişdir. Müharibədən sonra Bakıya qayıdan Qızbəs Əsədova ömrünün sonuna kimi paytaxtdakı 3 nömrəli poliklinikaya rəhbərlik edib. Onun əməyi həmişə yüksək qiymətləndirilib. Qırmızı Əmək Bayrağı, II dərəcəli Böyük Vətən müharibəsi ordenləri və müxtəlif medallarla təltif edilib. 80 və 90 illik yubileyləri təntənəli keçirilib. 2006-cı ildə respublika Prezidentinin fərdi təqaüdünə layiq görülüb. Haqq dünyasına qovuşan bu həkim xanımın həyat yolu mənəvi məziyyətlərlə zəngin idi.
İbrahim Zülfüqarov 1933-cü ildə Şuşa Pedaqoji Məktəbini bitirdikdən sonra müəllimliklə məşğul olub. İkinci Dünya müharibəsi başlananda cəbhəyə çağırılıb. Sorağı müxtəlif səngərlərdən gəlib. Qələbədən sonra Şuşaya qayıdaraq pedaqoji fəaliyyətini davam etdirib. Dəfələrlə yerli sovetə deputat seçilib, bacarıqlı müəllim kimi şöhrət qazanıb. Bir sıra elmi-metodiki məqalənin, rusdilli məktəblərdə "Azərbaycan dili" dərsliyinin müəllifi idi. Həm cəbhədə, həm də pedaqoji sahədə göstərdiyi uğurlu fəaliyyətə görə bir sıra orden və medallarla təltif olunub.
Məmməd Zöhrabov görkəmli pedaqoq idi. Müharibədən əvvəlki illərdə Şuşada və onun ətraf kəndlərində müəllimlik edib. 1941-ci ildə Şuşa İkiillik Müəllimlər İnstitutunu bitirdikdən sonra məktəbə yox, cəbhəyə yollanıb. 416-cı Azərbaycan diviziyasının 1368-ci polkunun tərkibində vuruşub. Qroznı, Mozdok, Taqanrok, Rostov, Azov şəhərləri uğrundakı döyüşlərdə iştirak edib. 1943-cü ildə yaralanaraq ordudan tərxis olunub. Uzun müddət Şuşanın müxtəlif məktəblərində, eləcə də uşaq evində çalışıb. İki dəfə "İgidliyə görə", "1941-1945-ci illərdə Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə", "Şərəfli əməyə görə" və digər medallarla təltif edilib.
İllər keçdikcə xalqımızın qəhrəmanlıq tarixi həmişə araşdırılacaq. Onun şanlı səhifələri bütün nəsillər tərəfindən oxunacaq. Canlarını torpaq uğrunda, haqq, ədalət, sülh naminə qurban verən igid övladların qəhrəmanlığı heç vaxt unudulmayacaq. 1941-1945-ci illər müharibəsində soyuq səngərlərdə Azərbaycanın yüz minlərlə oğul və qızı iştirak etdi, mərdliklə döyüşdü, qəhrəmanlıq və şücaət göstərdi, millətə başucalığı gətirdi. Bütün bölgələrimizdə olduğu kimi, doğma Şuşamızdan da minlərlə gənc bu ağır müharibənin elə ilk günlərindən cəbhəyə yollandı. Onların bəziləri göstərdikləri fədakarlığa görə müxtəlif orden və medallara layiq görüldü. Bəziləri də ağır döyüşlərdə həlak oldu. Çoxunun da qədəri itkinliklə üzləşdi. Əlbəttə, o insanları yad etmək, xatırlamaq bizim həm övladlıq, həm də vətəndaşlıq borcumuzdur. Ötən əsrin sonlarında bədnam qonşularımız "Qarabağ kartı"nı ortaya ataraq ağlagəlməz qətllər, talanlar, vəhşiliklər törətdilər. Biz özgə torpaqlarında vuruşub faşizmi məhv edən ataların övladlarıyıq. Haqqımız çatmaz ki, doğma Vətənimizi, əcdadımızın ruhu dolaşan Şuşamızı faşist xislətli ermənilərdən xilas etməyək!
F.XƏLİLZADƏ
Azərbaycan.- 2012.- 8 may.- S. 11.