Tələbə
və magistrantlar arasında keçirilən olimpiadaya yekun
vurulmuşdur
Azərbaycan Dövlət İqtisad Universitetində Bakı və respublikanın müxtəlif bölgələrində fəaliyyət göstərən, 11-i dövlət (Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti, Aqrar Universitet, Lənkəran Dövlət Universiteti, Gəncə Dövlət Universiteti, Gəncə Texnologiya Universiteti, Kooperasiya İnstitutu, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Memarlıq və İnşaat Universiteti), 4-ü özəl (Azərbaycan Universiteti, Qərb Universiteti, Bakı Biznes Universiteti, Qafqaz Universiteti) olmaqla, 15 ali məktəbin tələbə və magistrantı arasında "Vergilər" mövzusunda 6-cı olimpiada keçirilmişdir.
Vergilər Nazirliyinin Analitik informasiya şöbəsinin verdiyi məlumata görə, ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş olimpiadada 200-dən yuxarı tələbə və magistrant iştirak etmişdir.
Test üsulu ilə təşkil olunmuş olimpiada zamanı iştirakçılar 2 saat ərzində Vergilər Nazirliyinin Tədris Mərkəzində müvafiq test bazası əsasında hazırlanan sualları kompyuter vasitəsilə onlayn rejimdə cavablandırmışlar. Hər bir tələbə üçün fərdi sual bazası tərtib olunmuşdur. Nəticələr iştirakçı ali məktəblərin təmsilçilərindən ibarət münsiflər heyətinin iştirakı ilə Tədris Mərkəzinin mütəxəssislərinin nəzarəti altında xüsusi kompyuter proqramları vasitəsilə qiymətləndirilmişdir.
Tələbələr arasında hər üç mükafata Azərbaycan Universitetində təhsil alan gənclər - Babək Quliyev (1-ci yer), Nəsimi Yusifov (2-ci yer) və Tofiq Zeynalzadə (3-cü yer) layiq görülmüşlər. Bundan əlavə, adıçəkilən universitetin müəllimi Tofiq Hümbətov da tələbəsi 1-ci yeri tutduğu üçün xüsusi mükafat almışdır.
Magistrantlar arasında isə ilk üç yeri tutanlar Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri - Nurlan Nəcəfov (1-ci yer), Şahin Musabəyov (2-ci yer) və Emin Mancanov (3-cü yer) olmuşlar. Bu universitetin müəllimi Ramiz Məhərrəmov da tələbəsinin fərqlənməsinə görə xüsusi mükafatlandırılmışdır.
Azərbaycan.- 2012.- 8 may.- S. 11.