Heydər Əliyev
ideyaları: qurtuluşdan quruculuğa aparan yol
Ötən il xalqımız öz tarixinin ən mühüm hadisələrindən birini - müstəqilliyini bərpa etməsinin 20 illiyini təntənə ilə qeyd etdi. Bu iyirmi il dövlətçilik baxımından böyük bir dövr olmasa da, müstəqil dövlətimiz bu vaxt ərzində əsrlərə bərabər inkişaf yolu keçmişdir. Bu dövrdə Azərbaycanda bütün sahələrdə dövlət quruculuğu prosesi uğurla həyata keçirilmiş, dövlətçilik ənənələri zənginləşdirilmişdir. Ölkəmizdə bütün sahələrdə aparılan islahatlar hərtərəfli müsbət nəticələrin əldə olunmasına şərait yaratmış, ümummilli lider Heydər Əliyevin qurub yaratdığı müstəqil Azərbaycan artıq inkişafının yeni mərhələsinə qədəm qoymuşdur. Geridə qalan hər on il qarşıdakı nəhəng vəzifə və hədəflərinə görə bir-birindən fərqli olmuş, öz dövrünün inkişaf istiqamətlərini müəyyən etmişdir. 1993-2003-cü illəri əhatə edən birinci onillik keçid dövrü olaraq müharibə vəziyyətində yaşayan ölkədə ictimai-siyasi sabitliyin bərqərar edilməsi və dirçəliş illəri kimi yadda qaldı. 2003-cü ildən başlayan ikinci onilliyi isə qısaca olaraq, davamlı inkişafın təmin edilməsi və bütün sahələrdə islahatların aparılması dövrü kimi xarakterizə edə bilərik.
1994-cü ildə "Əsrin müqaviləsi"nin imzalanması müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanın neft strategiyasının reallaşması baxımından mühüm addım olmaqla yanaşı, ölkəmizin zəngin neft və qaz yataqlarının işlənməsini, xalqımızın öz sərvətlərindən bəhrələnməsini təmin etdi. 1995-ci ildə ulu öndər Heydər Əliyevin müəllifi olduğu müstəqil Azərbaycanın Konstitusiyasının qəbul edilməsi ilə ölkədə demokratik, hüquqi dövlət quruculuğu üçün zəruri hüquqi baza formalaşdırıldı.
Azərbaycanın ötən iyirmi ildə keçdiyi inkişaf yoluna nəzər salanda qəlbimiz iftixar hissi ilə dolur. Azərbaycanın dövlət müstəqilliyi ölkəmizin hər bir vətəndaşı üçün ən böyük sərvətdir. Fəxrlə deyə bilərik ki, müasir Azərbaycan ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi təməl prinsiplərini uğurla davam etdirən möhtərəm Prezident cənab İlham Əliyevin başçılığı ilə regionun lider dövlətinə çevrilmiş, dünya siyasi arenasında layiqli yerini tutmuşdur. Hazırda ölkəmiz dünyanın əksər nüfuzlu beynəlxalq təşkilatlarının üzvüdür və bu qurumlar vasitəsilə haqq işimiz bütün dünyaya çatdırılır. Azərbaycan diplomatiyası fəaliyyətini gücləndirərək BMT, ATƏT, Avropa Şurası, NATO, İslam Konfransı Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində ölkəmizin ərazi bütövlüyünü dəstəkləyən və Ermənistanın təcavüzkar siyasətini pisləyən bir çox qətnamələr və qərarlar qəbul edilməsinə nail olmuşdur. Prezident İlham Əliyevin Azərbaycan diasporunun inkişafına xüsusi diqqəti sayəsində müxtəlif ölkələrdəki diaspor təşkilatlarımızın sayı və fəaliyyəti daha da genişlənmişdir. Əgər 5 il əvvəl xaricdə 336 diaspor təşkilatımız vardısa, bu gün onların sayı 416-ya çatmışdır. Keçən ilin sonunda ölkəmizin BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə qəbul edilməsi isə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş çağdaş Azərbaycan diplomatiyasının yeni qələbəsi, Prezident İlham Əliyevin yürütdüyü müstəqil xarici siyasətin dünya birliyi tərəfindən etirafı idi. Prezident İlham Əliyevin Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi münasibətilə bəyanatında bu barədə deyilir: "... Biz 20 il ərzində müstəqil ölkə kimi özümüzü dünyada təsdiq edə bilmişik. Biz sübut edə bilmişik ki, Azərbaycan etibarlı tərəfdaşdır, Azərbaycan dost ölkədir və dostların sayının artması bizim siyasətimizin təntənəsidir. Bu səsvermə müstəqilliyimizin 20 illiyinə təsadüf edir. Bu, çox rəmzi məna daşıyan bir hadisədir. Bu göstərir ki, 20 il ərzində Azərbaycan müstəqil dövlət, dünyada böyük şöhrətə malik olan ölkə kimi özünü göstərib".
Prezident İlham Əliyevin müəllifi olduğu yeni milli inkişaf konsepsiyasının uğurlu tətbiqi nəticəsində ölkəmiz keçid dövrünü arxada qoyaraq yeni mərhələyə qədəm qoymuşdur. Qeyd etmək yerinə düşərdi ki, 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin, 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin fəaliyyətə başlaması böyük strateji uğurlar olmaqla yanaşı, həm də Azərbaycanın dünya iqtisadiyyatına bir töhfəsi idi. Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi iqtisadi siyasətin düzgün istiqamətdə davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan iqtisadi artım sürətinə görə dünyada liderlər sırasındadır. Neft və qeyri-neft sektorları stabil inkişaf edir, ümumi daxili məhsul, dövlət büdcəsi və valyuta ehtiyatlarımız ildən-ilə artır. Təsadüfi deyil ki, dünyada gedən qlobal iqtisadi böhran şəraitində də ölkəmizdəki iqtisadi inkişaf tempi davam etməkdədir.
Bu gün əminliklə deyə bilərik ki, Azərbaycanın enerji təhlükəsizliyi təmin olunmuşdur. Ölkəmizdə müasir infrastruktur yaradılır, regionların inkişafı proqramı uğurla həyata keçirilir. Yeni yollar, hava limanları, körpülər salınır, tikilən müasir təhsil, səhiyyə, mədəniyyət ocaqları, muzeylər, parklar, idman kompleksləri ölkəmizi daha da gözəlləşdirir. Mühüm sosial əhəmiyyət daşıyan Oğuz-Qəbələ-Bakı su kəməri istismara verilmişdir. Hazırda tarixi İpək yolunun bərpası ilə bağlı Bakı-Tbilisi-Qars dəmiryolu və yeni limanın tikilməsi kimi irimiqyaslı strateji layihələr həyata keçirilir.
Bu uğurlar bir daha sübut edir ki, "Hər bir məmur xalqının xidmətçisi olmalıdır", - deyən Prezident İlham Əliyev sonrakı fəaliyyətində verdiyi sözə sadiq qaldığını sübut etmişdir. Ölkə başçısının regionlara davamlı səfərləri zamanı vətəndaşlarla birbaşa görüşləri, regionların problemlərinin həllindəki tələbkarlığı və qətiyyəti xalqın Prezidentə olan inamını daha da artırmış, onun ulu öndər Heydər Əliyevin layiqli davamçısı olduğunu bir daha təsdiqləmişdir. Ölkənin sosial-iqtisadi inkişafını sürətləndirməyi qarşıya məqsəd qoyan Prezident İlham Əliyevin 24 noyabr 2003-cü il tarixdə imzaladığı "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında" fərmanının, 11 fevral 2004-cü ildə təsdiqlədiyi "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı (2004-2008-ci illər) Dövlət Proqramı"nın icrası ölkə həyatının bütün sahələrində inkişafa yeni həyat verdi.
Neft Fondunun vəsaitlərindən səmərəli istifadə olunmasına dövlət tərəfindən göstərilən həssas münasibətin təzahürü kimi, Azərbaycan Prezidenti İlham Əliyevin 27 sentyabr 2004-cü il tarixli fərmanı ilə təsdiq edilmiş "Neft və qaz gəlirlərinin istifadə olunması üzrə uzunmüddətli strategiya"nın əhəmiyyətini xüsusi vurğulamaq lazımdır. Bu strategiyada vəsaitlərin aktiv şəkildə, o cümlədən iqtisadiyyatın qeyri-neft sektorunda, regionların, kiçik və orta sahibkarlığın inkişafında, yoxsulluğun azaldılması üzrə tədbirlərin həyata keçirilməsində, "insan kapitalı"nın inkişafında, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsində və digər bu kimi istiqamətlərdə istifadə olunması nəzərdə tutulur. Neft strategiyasının uğurla həyata keçirilməsinin nəticəsidir ki, Azərbaycan bu gün yalnız investisiya qoyulan deyil, eyni zamanda, investisiya yatıran ölkə kimi də tanınır.
Bundan başqa, dövlət başçısı İlham Əliyev yüksəkixtisaslı, yeni texnologiyaların tətbiqini bacaran gənc mütəxəssislərin yetişdirilməsini də ən ümdə vəzifə kimi qarşıya qoymuşdur. Prezident İlham Əliyevin fərmanı ilə "2007-2015-ci illər üçün Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almaları ilə bağlı Dövlət Proqramı"nın təsdiqlənməsi və uğurla icrası da bu məqsədə xidmət edir.
Ölkə başçısının xüsusi önəm verdiyi sahələrdən biri də milli iqtisadiyyatın neft amilindən asılılığının aradan qaldırılması üçün qeyri-neft sektorunun inkişafının sürətləndirilməsinə nail olmaq idi.
Dövlət başçısının 14 aprel 2009-cu il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın məqsədi də ölkədə qeyri-neft sektorunun inkişafının sürətləndirilməsindən, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasından ibarətdir.
Bunlarla yanaşı, 2012-ci ildə Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə təsdiq edilmiş "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı", "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı" və "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Tədbirlər Planının icrası bu sahədə qarşıda duran vəzifələrin həllində xüsusi əhəmiyyətə malikdir.
Müvafiq proqramların uğurla həyata keçirilməsi sayəsində ölkədə 1 milyona yaxın iş yeri açılmış, yeni müəssisələrin işə salınması ilə ölkə daxilində istehsal olunan məhsulların çeşidi və keyfiyyəti artmışdır.
Ümumiyyətlə, Prezidentin 2003-cü ildən indiyədək imzaladığı 40-dan çox Dövlət Proqramı ölkə həyatının bütün sahələrində hərtərəfli islahatların əsasını qoymuş, inkişaf prosesində stabilliyin təmin edilməsinə şərait yaratmışdır. İqtisadiyyatda baş verən real struktur dəyişiklikləri onun neft amilindən asılılığının azaldılmasına, qeyri-neft sektorunun, xüsusən kənd təsərrüfatının, emal sənayesinin, turizmin, xidmət sahələrinin genişlənməsinə, regionların inkişafına, insan resurslarından səmərəli istifadə olunmasına yönəlmişdir. Ölkəmizin büdcəsi xarici ekspertlər tərəfindən sosialyönümlü büdcə kimi xarakterizə olunur və bu sahəyə ayrılan vəsait hər il davamlı olaraq artırılır. Prezident İlham Əliyev bununla əlaqədar demişdir: "Sosial sahədə qarşımızda duran vəzifələr əhalinin rifah halını yaxşılaşdırmaq, aztəminatlı təbəqənin sosial müdafiəsini gücləndirmək, yoxsulluğu bütövlükdə Azərbaycanda aradan qaldırmaqdır".
Ölkə başçısının "Azərbaycan-2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması barədə imzaladığı sərəncam isə Azərbaycan dövlətinin yaxın perspektivlərə hesablanmış çox mühüm dövlət sənədidir. Sərəncamda dövlətimizin milli quruculuğun yeni mərhələyə qədəm qoyması öz əksini tapmış, dövlətçiliyin növbəti 10 il üçün inkişaf strategiyasının bünövrəsi qoyulmuşdur. Bu, bir daha sübut edir ki, Azərbaycan əldə etdiyi nailiyyətləri daim və daha da artırmaq niyyətindədir.
Prezident İlham Əliyevin daim diqqət mərkəzində saxladığı və xüsusi həssaslıqla yanaşdığı ən mühüm məsələ isə ölkəmizin ərazi bütövlüyünün bərpasıdır. Ölkə başçısının Azərbaycanın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair mövqeyi qəti və dəyişməzdir. O, dəfələrlə bəyan edib ki, bu münaqişə yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü, beynəlxalq hüquq normaları çərçivəsində həll olunmalıdır.
Bu gün sosial-iqtisadi problemlərdən əziyyət çəkən Ermənistandan fərqli olaraq, Azərbaycanın yüksəlişi, ölkəmizdə günbəgün güclənən ordu quruculuğu prosesi, beynəlxalq təşkilatların ölkəmizə dəstəyi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə ədalətli həllinə geniş imkanlar açır.
Fəxrlə deyə bilərik ki, bu gün Azərbaycan ordusu regionun ən güclü ordusudur. Ölkəmizdə informasiya-kommunikasiya texnologiyalarının, müdafiə sənayesinin inkişaf etdirilməsi, ilk süni peykimizin yaradılması ilə bağlı ciddi işlər görülür.
Ölkə həyatının bütün sahələrində müasirləşmə və tərəqqi göz önündədir. Təbii ki, bu sosial-iqtisadi dəyişikliklər, getdikcə dərinləşən demokratikləşmə prosesləri mövcud qanunvericilik bazasının zamanın tələblərinə uyğunlaşdırılmasını, yeni qanun və qərarların qəbulunu şərtləndirir. Bu sahədə Milli Məclisin də üzərinə mühüm vəzifələr düşür.
Qarşımızdakı məqsədlərə nail olmaq üçün Prezident İlham Əliyevin tövsiyəsinə uyğun olaraq, özəl bölmənin inkişafı məqsədilə qanunvericilik bazasının və bu sahədə dövlət tənzimlənməsi sisteminin təkmilləşdirilməsi tədbirləri davam etdirilir. Milli Məclis daim dövlət başçısına dəstək olaraq ölkənin yeni inkişaf modelinin hüquqi təminatının yaradılmasında yaxından iştirak edir. Bu baxımdan, parlamentin fəaliyyətinə qiymət verən Prezident İlham Əliyev demişdir: "Milli Məclis Azərbaycanın inkişafında çox mühüm rol oynayır. Yeni qanunlar qəbul olunur, Milli Məclisin beynəlxalq fəaliyyəti möhkəmlənir və deputatların seçicilərlə görüşləri çox mütəmadi xarakter alır. Bu, çox önəmlidir, çünki seçicilərin qayğıları, onların arzuları, ilk növbədə, yerinə yetirilməlidir. Bu baxımdan, Milli Məclis üzvlərinin fəaliyyətindən çox şey asılıdır. Bütün görülən işlər, ölkədə gedən inkişaf meyilləri bir məqsədə qulluq edir: Azərbaycanı hərtərəfli inkişaf etdirmək, zəngin, qüdrətli dövlətə çevirmək, sosial ədalət prinsiplərini tam şəkildə bərqərar etmək və ölkəmizi müasirləşdirmək".
Bu gün fəxrlə deyə bilərik ki, Milli Məclis qanun yaradıcılığı sahəsində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir. Parlament insan hüquq və azadlıqlarının qorunmasına, demokratik proseslərin dərinləşməsinə, hüquqi dövlət quruculuğuna, ölkə iqtisadiyyatının inkişafına, əhalinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən qanun və qərarların qəbul edilməsində mövcud potensialdan səmərəli istifadə edir.
Hazırda müstəqil Azərbaycanın bütün sahələr üzrə qanunvericilik bazası mövcuddur. Qəbul olunmuş Konstitusiya qanunları, məcəllələr, qanunlar, təsdiq edilmiş konvensiyalar və sazişlər cəmiyyət və dövlət həyatında yaranan münasibətləri tənzimləməyə xidmət edir. Milli Məclis öz fəaliyyətində ulu öndərin dövlətçilik formuluna sadiq qalaraq milli xüsusiyyətləri nəzərə almaqla qabaqcıl dünya ölkələrinin təcrübəsindən, o cümlədən Avropa parlamentarizmi ənənələrindən bəhrələnməyə xüsusi əhəmiyyət verir.
Əsası Heydər Əliyev tərəfindən qoyulmuş yüksək səviyyəli Prezident-Parlament münasibətləri yeni mərhələdə də uğurla davam etdirilir. Belə ki, parlamentdə qəbul olunmuş sənədlərin əhəmiyyətli bir hissəsi qanunvericilik təşəbbüsü ilə ölkə Prezidenti tərəfindən Milli Məclisin müzakirəsinə təqdim edilmişdir.
Məhz Prezident İlham Əliyevin dəstəyi ilə parlamentin fəaliyyətinin daha da təkmilləşdirilməsi, deputatlara günün tələbləri səviyyəsində iş şəraitinin yaradılması məqsədilə Milli Məclisdə deputat köməkçisi institutu təsis edilmiş, Milli Məclisin binası və maddi-texniki bazası yenidən qurulmuşdur. Artıq Milli Məclisə gələn xarici qonaqlar ölkəmizdə gedən inkişaf prosesinə qibtə ilə yanaşdıqlarını gizlətmirlər.
Qürurvericidir ki, cənab İlham Əliyev vaxtilə Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətimizin rəhbəri olduğu dövrdə formalaşmış parlament diplomatiyası ənənəsi bu gün deputatlarımız tərəfindən nüfuzlu beynəlxalq qurumlarda uğurla davam etdirilir.
Bu siyasətin məntiqi nəticəsi kimi Avropa Parlamenti, Almaniya Bundestaqı və İtaliya Senatı Cənubi Qafqazda vəziyyətlə əlaqədar qəbul etdikləri qətnamələrdə Dağlıq Qarabağ problemi ilə bağlı ölkəmizin ərazi bütövlüyünü dəstəkləmələrini misal göstərmək olar. Xocalı soyqırımının, bu qətliamın tanınması istiqamətində də bir sıra ölkələrdə işlər aparılır və artıq müəyyən uğurlara nail olunmuşdur.
IV çağırış Milli Məclisin ilk iclasında çıxış edən dövlət başçısı parlamentin ölkəmizin inkişafındakı rolu barədə belə demişdir: "Azərbaycanda parlamentarizmin çox yaxşı ənənələri yaranmışdır. Milli Məclis siyasi qurumdur, hakimiyyətin bir qoludur. Məclis tərəfindən qəbul edilmiş qərarlar ölkəmizin inkişafına xidmət göstərir, belə də olmalıdır. Hamımız çalışmalıyıq ki, ölkəmizi gücləndirək".
Bu gün ölkəmizdə aparılan nəhəng quruculuq işlərindən, əldə edilən uğurlardan danışarkən qadınların rolunu da xüsusi qeyd etmək lazımdır. Məhz İlham Əliyevin Prezidentliyi dövründə müstəqillik tariximizdə ilk dəfə olaraq milli dövlətçilik sistemində birinci xanım institutu təşəkkül tapdı. Ölkəmizin əldə etdiyi uğurlar sayəsində Azərbaycan qadını cəmiyyətin fəal üzvü kimi çıxış etmək imkanı qazandı. Bu gün onlar dövlətçiliyimizin daha da möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərimizin və mədəniyyətimizin inkişaf etdirilməsi işinə öz layiqli töhfələrini verirlər. Bugünkü Azərbaycan cəmiyyətində birinci xanım institutunun formalaşması Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın adı ilə bağlıdır. Onun üzərinə götürdüyü böyük missiya ölkəmizdə qadın hüquqlarının yüksək səviyyədə təmin edilməsinə əyani sübutdur.
Mehriban xanım Əliyevanın fəaliyyəti Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti uğurla tamamlayır. Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun uğurla həyata keçirdiyi çoxsaylı layihə və proqramlar ölkənin birinci xanımına cəmiyyətin böyük rəğbətini qazandırmışdır. Onun təşəbbüsü ilə reallaşan layihələr, yeni tikilən məktəblər, mədəni irsimizin təbliği ilə bağlı həyata keçirilən layihələr milli genofondun qorunub saxlanılmasına, inkişafına, gənc nəslin fəal vətəndaş kimi formalaşmasına xidmət edir.
Bu gün Azərbaycanın qazandığı müsbət imic sayəsində ölkəmizin paytaxtında çoxsaylı beynəlxalq tədbirlərin keçirilməsi artıq adi hala çevrilmişdir. 2011-ci ildə "Eurovision" mahnı müsabiqəsində gənclərimizin parlaq qələbəsi isə Avropa ölkələrinin Azərbaycan mədəniyyətinə verdiyi yüksək qiymətin təzahürü olmaqla yanaşı, 2012-ci ildə bu möhtəşəm yarışmanın ölkəmizdə keçirilməsi şansını bizə nəsib etdi.
Ölkəmizdə bütün sahələrdə gedən inkişaf prosesindən danışarkən 2010-cu ildə Azərbaycanda Dövlət Bayrağı Meydanının tikilərək istifadəyə verilməsini xüsusi qeyd etmək istərdim. Bu meydanda ucaldılmış Azərbaycan Bayrağı dünyanın ən yüksək bayrağı olmaqla yanaşı, həm də ölkəmizin bir rəmzinə çevrilmişdir.
Ötən illərdə ölkə rəhbərinin xüsusi qayğı ilə yanaşdığı məsələlərdən biri də Azərbaycanda idmanın inkişaf etdirilməsi olmuşdur. Cənab İlham Əliyev 1997-ci ildə Milli Olimpiya Komitəsinin prezidenti seçildikdən sonra ölkəmizdə bu sahədə ciddi dönüş yaranmış, onun təşəbbüsü ilə təkcə Bakıda deyil, bütün regionlarda Olimpiya idman-sağlamlıq kompleksləri tikilərək gənclərin istifadəsinə verilmişdir. İdmana belə yüksək səviyyədə göstərilən qayğının nəticəsidir ki, bu gün idmançılarımız beynəlxalq yarışlarda medallar qazanır, Azərbaycan bayrağını yüksəkliklərə qaldırırlar. Hazırda ölkəmizin 2020-ci ilin Yay Olimpiadasının ev sahibliyinə namizəd olması Azərbaycanda idmanın inkişaf səviyyəsinin göstəricisidir.
Yuxarıda sadaladığımız bütün bu nailiyyətləri yekunlaşdıraraq deyə bilərik ki, dahi Heydər Əliyevin siyasi kursunu yaradıcılıqla, müasir tələblərə uyğun şəkildə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi altında bu gün Azərbaycan intibah dövrünü yaşayır. Ölkəmizdə mövcud olan daxili sabitlik, əmin-amanlıq sürətli iqtisadi təkamülün arxasında dayanan mühüm amillərdəndir. Bu tərəqqi ümummilli lider Heydər Əliyev ideyalarının təntənəsi, möhkəm bünövrə üzərində davamlı inkişaf edən müstəqil ölkəmizin real mənzərəsidir. Bu gün qürurla deyə bilərik ki, ötən illər ərzində, xüsusilə də son onillikdə Azərbaycanın əldə etdiyi nailiyyətlərin arxasında onun güclü Prezidenti İlham Əliyev dayanmışdır.
Bu gün dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən ardıcıl və sistemli iqtisadi və sosial islahatların məntiqi nəticəsi olaraq, ölkəmiz dünya miqyasında sabit və dinamik inkişaf edən ölkə kimi özünü təsdiqləmişdir. Dünya İqtisadi Forumu tərəfindən tərtib edilən növbəti "Dünya Rəqabət Qabiliyyətliliyi İndeksi 2011-2012" hesabatına əsasən, son bir il ərzində ölkəmiz bu göstərici üzrə daha 2 pillə irəliləmiş və 142 ölkə arasında 55-ci yerə yüksələrək MDB ölkələri arasında öz liderlik mövqeyini qoruyub saxlamışdır.
Eləcə də keçən il sentyabr ayının əvvəlində "Fitch Ratings" Beynəlxalq reytinq agentliyi Azərbaycanın yerli və xarici valyutada uzunmüddətli reytinq proqnozunu "Pozitiv" səviyyəsində bir daha təsdiqləmişdir.
Bütün bunlar bir daha göstərir ki, qarşıdakı illərdə də davamlı və dayanıqlı inkişaf üçün möhkəm iqtisadi təməl yaradılmışdır. Tam əminliklə deyə bilərik ki, dövlət başçısının düşünülmüş, çevik, uzaqgörən siyasəti nəticəsində qarşıdakı illərdə ölkəmiz daha da inkişaf edəcək, yeni-yeni uğurlara imza atacaqdır.
Oqtay ƏSƏDOV,
Azərbaycan Respublikası
Milli Məclisinin Sədri
Azərbaycan.- 2012.- 9 may.- S. 2.