Əhalinin
etibarlı sosial müdafiəsi strategiyasının müəllifi
Respublika ictimaiyyəti xalqımızın dahi oğlu Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünü böyük ehtiram və sonsuz sevgi hissi ilə qeyd edir. Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusu olaraq tariximizdə əbədiyaşarlıq qazandı, siyasi uzaqgörənliyi və əzmkarlığı ilə dövlətçiliyimizin möhkəmlənməsinə, müstəqilliyimizin əbədi olmasına verdiyi töhfələrə görə xalqımızın ümummilli liderinə çevrildi.
İllər ötdükcə biz Heydər Əliyev dühasının müstəqil və müasir Azərbaycanın tarixindəki əvəzsiz rolunu daha dərindən dərk edir, bu dahi şəxsiyyətin siyasi əzəməti, beynəlxalq nüfuzu barədə fikir yürütməyə mənəvi ehtiyac duyuruq. Çünki bu gün Azərbaycanın qüdrətli dövlətə çevrilməsi, dinamik sosial-iqtisadi inkişafı, dünya birliyində öz layiqli yerini daha da möhkəmləndirməsi məhz Heydər Əliyevin ideyalarının yaşamasının, siyasi kursunun uğurla davam etdirilməsinin nəticəsidir. Bu böyük şəxsiyyət öz ideyaları ilə xalqımızın qəlbində daim yaşayacaq, əziz xatirəsi hər zaman yüksək ehtiramla anılacaq.
Heydər Əliyevin başlıca
məqsədlərindən biri əhalinin sosial müdafiəsinin
gücləndirilməsi idi
İqtisadi inkişafda
sosialyönümlülük prinsipini əsas götürən
hər bir dövlətin qarşısında duran əsas vəzifələrdən
biri bu istiqamətdə dəqiq
düşünülmüş, qabaqcıl dünya təcrübəsinə
cavab verən, eyni zamanda, ölkə və cəmiyyət
reallıqlarını nəzərə alan siyasətin həyata
keçirilməsidir. Bazar iqtisadiyyatı şəraitində
bu siyasətin səmərəli aparılması sosial ədalət
və əhalinin bütün təbəqələri
üçün bərabər sosial təminat sisteminin
yaradılması kimi mühüm prinsipləri özündə
ehtiva etməlidir.
Ötən
əsrin 90-cı illərinin əvvəllərində
yaşanan məlum proseslər fonunda Azərbaycanda sosial sferada
baş qaldıran problemləri orta və yaşlı nəsil
yaxşı xatırlayır. Müstəqilliyin ilk illərində
ölkəni bürüyən ictimai-siyasi xaos dövlətin ən
vacib vəzifələri sırasında yer alan əhalinin
sosial müdafiəsi məsələsini arxa plana
keçirmişdi. Yalnız ümummilli lider Heydər Əliyevin
yenidən hakimiyyətə qayıdışı ilə
ölkənin inkişaf tarixində tamamilə yeni səhifə
açılmasından sonra əhalinin sosial problemləri
ön plana çəkildi, onların həlli məqsədilə
təxirəsalınmaz tədbirlər görüldü. Yeni
iqtisadi sistemə keçid zamanı Azərbaycanın
hansı modeldən faydalanmasına dair müxtəlif fikirlər
irəli sürülsə də, Heydər Əliyev bazar
münasibətləri əsasında formalaşan
sosialyönümlü milli iqtisadiyyatın qurulmasını əsas
strategiya kimi müəyyənləşdirdi və Azərbaycan
xalqının sosial rifahının
artırılmasını, əhalinin bütün təbəqələri
üçün bərabər sosial təminatı fəaliyyətinin
başlıca məqsədi kimi elan etdi. "Dövlət
müstəqilliyi Azərbaycan xalqının ən
böyük tarixi nailiyyətidir", - deyən ulu öndər
Heydər Əliyevin ölkənin böyük perspektivlərinə
hesablanmış strateji proqramının başlıca məqsədlərindən
biri xalqın rifahının təminatı, əhalinin sosial
müdafiəsinin gücləndirilməsi idi.
Heydər
Əliyevin bu xüsusda hələ 1994-cü ildə verdiyi fərmanlar
ayrıca diqqət çəkir. Bunlardan biri "Əhalinin
sosial müdafiəsinin gücləndirilməsi və
iqtisadiyyatın maliyyə vəziyyətinin sabitləşdirilməsi
tədbirləri haqqında" 1994-cü il 15 iyun tarixli fərmandır.
Bu sənədin əsas məqsədlərindən biri
mövcud olan inflyasiyanın qarşısının
alınmasına yönəlmişdi və bu, həmin dövr
üçün olduqca vacib əhəmiyyət kəsb edirdi.
Bu fərmandan irəli gələn vəzifələrin daha
effektiv yerinə yetirilməsinə nail olmaq və yol verilən
bəzi qüsurların aradan qaldırılması
üçün Heydər Əliyev "Əhalinin sosial
müdafiəsi sahəsində əlavə tədbirlər
haqqında" 1994-cü il 24 oktyabr tarixli növbəti sənəd
imzaladı. Prezidentin yeni fərmanı bilavasitə əhalinin
sosial müdafiəsinin daha etibarlı şəkildə
qorunmasına xidmət edirdi.
Ulu
öndərin müəllifi olduğu müasir Azərbaycanın
Avropa dəyərlərinə, demokratiya və insan
azadlığına söykənən, ümumxalq səsverməsi
ilə qəbul olunan ilk milli Konstitusiyası isə
respublikamızın suverenliyinin möhkəmlənməsində,
hüquqi, demokratik dövlət quruculuğu işində
mükəmməl bir sənəd olmaqla bərabər,
xalqın rifahının yüksəldilməsinə xidmət
etməsini dövlətin məqsədi kimi özündə təsbit
edirdi. Ölkəmizin inkişafının prinsipcə yeni mərhələyə
qədəm qoymasının göstəricisi olan Konstitusiyada
Azərbaycan dövlətinin özünün hər bir vətəndaşının
sosial müdafiəsinin və layiqli həyat səviyyəsinin
qayğısına qaldığı bəyan olundu və beləliklə,
müstəqil respublikamızın sosial dövlət
olduğu təsbit edildi.
İqtisadi sabitlik davamlı sosial təminat
tədbirləri üçün geniş imkan yaratdı
Ümummilli
lider Heydər Əliyevin uğurlu daxili siyasəti nəticəsində
ölkədə iqtisadi sabitliyin təmin olunması əhalinin
sosial vəziyyətinin yaxşılaşdırılması
üçün mühüm dövlət tədbirlərinin
həyata keçirilməsinə geniş imkanlar yaratdı.
İnsanların durumunun yaxşılaşdırılması
üçün görülən real işlər sayəsində
maaşlar, pensiyalar, digər sosial müavinətlər tez-tez
artırılır, sənət adamlarına, alimlərə,
hətta tələbələrə xüsusi prezident təqaüdü
təyin edilirdi. Bundan başqa, ayrı-ayrı kateqoriyalı
şəxslərin sosial müdafiəsi üzrə müxtəlif
qanunlar, məsələn, "Şəhid adının əbədiləşdirilməsi
və şəhid ailələrinə edilən güzəştlər
haqqında", "Çernobıl qəzasının ləğvində
iştirak etmiş və həmin qəza nəticəsində
zərər çəkmiş vətəndaşların
statusu və sosial müdafiəsi haqqında",
"Veteranlar haqqında" və digər bu qəbildən
olan qanunlar qəbul edildi. Nəticə etibarilə şəhid
ailələrinin, qaçqınların, məcburi
köçkünlərin, müharibə və 20 Yanvar əlillərinin,
veteranların sosial təminatının
yaxşılaşdırılması istiqamətində
çoxsaylı fərman və sərəncamlar da
imzalandı.
1997-ci
ildə "Vətəndaşların pensiya təminatı
haqqında" Azərbaycan Respublikası Qanununa dəyişiklik
və əlavələr edilməsi barədə" qanuna
edilmiş dəyişikliklərdən sonra 1993-cü ilə qədər
təqaüdə çıxmış 650 min vətəndaşın
pensiya məbləği 2,2 dəfə artırıldı, əlillərin,
tənha, ahıl vətəndaşların və sosial təqaüdçülərin
pensiyalarının üzərinə əlavə müavinətlər
hesablandı. Eyni zamanda, 1998-ci il avqust ayının 1-dən
pensiyaların yeni hesablanma mexanizminin tətbiqi nəticəsində
şəhid ailələrinin, müharibə əlillərinin,
qaçqın və məcburi köçkünlərin
pensiyalarının məbləğinin 2 dəfədən
çox artırılmasına 170 milyard manat vəsait sərf
olundu. Minimum pensiya ilə daha yüksək pensiya alanlar
arasında uyğunsuzluğu aradan qaldırmaq
üçün 1 yanvar 2000-ci ildən 450 min nəfərin
pensiyasının minimum məbləğinin
artırılması məqsədilə dövlət büdcəsindən
vəsait ayrıldı, həmin ilin noyabr ayından sosial
pensiyaçılara dövlət qayğısının nəticəsi
olaraq onların pensiyalarının üzərinə aylıq
müavinət hesablandı.
Heydər
Əliyevin 29 dekabr 2000-ci il tarixli "Əlil olmuş və
digər kateqoriyadan olan bir qrup aztəminatlı vətəndaşa
dövlət yardımının artırılması
haqqında" sərəncamına əsasən, ölkəmizi
erməni təcavüzündən müdafiə edərkən
və 1990-cı il 20 Yanvar hadisələri zamanı əlil
olmuş şəxslərə verilən aylıq müavinətlər
artırıldı. Növbəti ildə isə bu kateqoriyadan
olan insanlara hesablanan aylıq müavinətlər orta hesabla
yenidən 50 faizə kimi çoxaldıldı. Eyni zamanda, ulu
öndərin diqqət və qayğısı əlilliyi olan
vətəndaşların avtomobillə, müxtəlif
reabilitasiya avadanlıqları ilə təminatının ilbəil
yüksələn xətlə davam etməsini şərtləndirmişdir.
Mənzillərin və avtomobillərin təqdimat mərasimlərində,
eləcə də ayrı-ayrı sosial müdafiə tədbirlərinin
bir çoxunda ulu öndər Heydər Əliyevin dəfələrlə
iştirakı aztəminatlı insanlara diqqətin real
nümunəsi idi.
Ulu öndərin xüsusi həssaslıqla diqqət
yetirdiyi mühüm məqamlardan biri də yoxsulluğun
azaldılması, insanların layiqli həyat tərzinin təmin
olunması idi. Azərbaycanın dövlət müstəqilliyini
bərpa etdikdən sonra ilk illərdə özünü
göstərən problemlər ölkədə yoxsulluq səviyyəsinin
kəskin yüksəlməsinə səbəb olmuşdu. Heydər Əliyevin uğurla həyata keçirdiyi
yeni neft strategiyası Azərbaycanı sürətli
inkişaf yoluna çıxarmaqla yanaşı, əhalinin
maddi rifah halının yüksəlməsinə, pul və digər
natural formada gəlirlərinin artmasına gətirib
çıxardı. Belə vəziyyət yoxsulluqla mübarizənin
keyfiyyət etibarilə yeni bir mərhələyə
keçməsinə lazımi şərait yaradırdı.
2003-cü il fevral ayının 20-də Heydər Əliyevin fərmanı
ilə "2003-2005-ci illər üçün Azərbaycan
Respublikasında yoxsulluğun azaldılması və iqtisadi
inkişaf üzrə Dövlət Proqramı" təsdiq
olundu. Dövlət Proqramının həyata keçirilməsi
nəticəsində 2005-ci ildə yoxsulluq səviyyəsi
2002-ci ildəki 46,7 faizdən 29,3 faizə endi.
Ümumiyyətlə,
ulu öndər Heydər Əliyev tərəfindən imzalanan
60-dan artıq sənəd müstəqil ölkədə
sosial sahədə inkişafın təmin olunmasına xidmət
edib. Aparılan təhlil və tədqiqatlar da kifayət qədər
aydın göstərir ki, ulu öndər Heydər Əliyevin
rəhbərliyi altında yeni iqtisadi şəraitə
uyğun olaraq ölkəmizdə formalaşmaqda olan sosial
müdafiə modeli artıq dövlət quruculuğu fəlsəfəsində
aparıcı elementlərdən biri, ümumi siyasətin
mühüm tərkib hissəsi olmaqla cəmiyyətin və
ayrılıqda hər bir vətəndaşın
rifahının yüksəldilməsinə, onların sosial
müdafiəsi və layiqli həyat səviyyəsinin təmin
olunmasına, habelə şəxsiyyətin azad inkişafı
üçün bərabər imkanlar yaradılmasına
uğurla xidmət edib.
Sosial prioritetlərin önə
çəkilməsi Prezident İlham Əliyevin siyasi xəttinin
səciyyəvi cəhətidir
Ulu
öndər Heydər Əliyevin müəllifi olduğu
müstəqil Azərbaycanın hərtərəfli
inkişaf konsepsiyasının əsas tərkib hissələrindən
biri olan sosial siyasət kursunun Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən
dövrün tələblərinə adekvat şəkildə,
həm forma, həm də məzmun etibarilə zənginləşdirilərək
davam etdirilməsi əhalinin sosial müdafiəsi sahəsində
böyük tarixi nailiyyətlər əldə edilməsinə
gətirib çıxarıb. Dövlətimizin
başçısının iqtisadi sferada həyata
keçirdiyi siyasətin mühüm cəhətləri hər
zaman sosialyönümlülük faktorunun ön plana çəkilməsi,
yoxsulluq probleminin birdəfəlik həllinə nail olmaq
üçün əhalinin həyat səviyyəsinin yüksələn
xətt üzrə inkişaf etdirilməsi və beləliklə,
insanların layiqli həyat tərzinin təmin edilməsidir.
Digər tərəfdən, elmi-nəzəri və iqtisadi əsaslara
söykənməklə sosial prioritetlərin düzgün
müəyyənləşdirilməsi cənab İlham Əliyevin
bu sahədə həyata keçirdiyi siyasətin səciyyəvi
cəhətlərini təşkil edir.
Bu
kontekstdən yanaşsaq, cənab İlham Əliyevin dövlət
başçısı kimi fəaliyyətə
başladıqdan sonra imzaladığı ilk fərmanlar
sırasında yer alan "Azərbaycan Respublikasında
sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri
haqqında" və "Azərbaycan Respublikası
regionlarının sosial-iqtisadi inkişafı Dövlət
Proqramının (2004-2008-ci illər) təsdiq edilməsi haqqında"
sənədlər ölkə iqtisadiyyatının daha intensiv
inkişafını təmin etməklə yanaşı, əhalinin
sosial müdafiəsinin getdikcə daha artıq dərəcədə
gücləndirilməsinə xidmət edirdi. Göstərilənlərlə
yanaşı, təkcə 2004-cü ildə ölkə vətəndaşlarına
dövlət qayğısını artırmaq və
onların sosial müdafiəsini gücləndirmək məqsədilə
Prezident tərəfindən 10-dan çox fərman və sərəncam
imzalandı. Bütün bunların nəticəsində
maaşların, pensiyaların və müavinətlərin həcmi
əhəmiyyətli şəkildə artırıldı.
Sonrakı illərdə də dövlət başçısı
tərəfindən əhalinin etibarlı sosial müdafiəsinə
xidmət edən çoxsaylı fərman və sərəncamlar
verildi, qəbul olunmuş bir çox dövlət
proqramlarında bu məsələ hər zaman əsas planda
yer aldı. Buna misal olaraq hazırda uğurla icra olunan "Azərbaycan
Respublikasının məşğulluq strategiyası
(2006-2015-ci illər)", "Azərbaycan Respublikası
regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı", "2008-2015-ci illərdə
Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları
ilə etibarlı təminatına dair Dövlət
Proqramı" və digər vacib sənədləri göstərmək
olar.
Sosial sferada Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas hədəflərindən biri, qeyd etdiyimiz kimi, yoxsulluq probleminin aradan qaldırılmasıdır. "2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı"nın başa çatmasından sonra cənab Prezident tərəfindən "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı" təsdiq edilib. Proqram əhalinin gəlir əldə etmək imkanlarının genişləndirilməsi, yoxsul əhalinin sayının əhəmiyyətli dərəcədə azalmasına nail olunması, səmərəli sosial müdafiə sistemini inkişaf etdirməklə yaşlı əhalinin, aztəminatlı ailələrin və sosial cəhətdən xüsusilə həssas qrupların sosial riskinin azaldılması, qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması tədbirlərinin sistemli şəkildə davam etdirilməsi, sosial infrastrukturun inkişaf etdirilməsi və digər strateji məqsədləri özündə ehtiva edir.
Görülən işlərin, o cümlədən əhalinin gəlirlərində davamlı artım dinamikası, ardıcıl və səmərəli sosial müdafiə tədbirləri nəticəsində yoxsulluğun səviyyəsi kəskin şəkildə azalaraq artıq 2012-ci ilin əvvəlində 7,6 faizə düşüb. Son 8 ildə yeni yaradılan iş yerlərinin sayının 1 milyonu ötməsi, işsizliyin səviyyəsinin daha da azalaraq 5,4 faizə enməsi də yoxsulluğun səviyyəsinin azalmasında xüsusi önəm kəsb etmişdir.
Prezident İlham Əliyevin aztəminatlı vətəndaşların sosial müdafiəsinin daha da gücləndirilməsi məqsədilə 21 oktyabr 2005-ci il tarixdə təsdiqlədiyi "Ünvanlı dövlət sosial yardımı haqqında" qanuna əsasən, 2006-cı il iyul ayının 1-dən etibarən respublikamızda ünvanlı dövlət sosial yardımı sisteminin tətbiqinə başlanılması da əhalinin aztəminatlı təbəqəsinin yaşayışında mühüm rol oynayır. Ünvanlı sosial yardım təyin edilərkən yoxsulluğun mənfi nəticələrinin yüngülləşdirilməsi, bu yardımın real olaraq ehtiyaca uyğun müəyyən edilməsi və subyektin dəqiq seçilməsi vacib faktor kimi nəzərdə tutulur.
Ötən illər ərzində ünvanlı yardım sisteminin təkmilləşdirilməsi işləri həyata keçirilib. Məsələn, yardımların təyinat müddəti 6 aydan 1 ilədək uzadılıb, eləcə də ünvanlı yardımın əhatə dairəsi genişləndirilib, yardım üçün təqdim olunan sənədlərin sayı azaldılıb. 2012-ci ilin 1 aprel tarixinə 124 minə yaxın ailəyə ünvanlı sosial yardım təyin olunub, hər ailəyə düşən yardımın orta aylıq məbləği 105 manatdan çox olub. Ünvanlı yardımın hesablanması üçün ehtiyac meyarının məbləği 2006-ci ildəki 30 manatla müqayisədə ötən müddətdə təxminən 3 dəfəyə yaxın artırılaraq cari ilin əvvəlindən 84 manata çatdırılıb. 2006-cı ildə ehtiyac meyarı yaşayış minimumuna nisbətdə 51,7 faiz təşkil edirdisə, hazırda bu nisbət 77,8 faizdir. Bu müsbət dinamika 2015-ci ilədək ehtiyac meyarının məbləğinin yaşayış minimumuna çatdırılmasına imkan verəcək.
"Azərbaycanda heç kim yoxsulluq şəraitində yaşamamalıdır. Yoxsul insan olmamalıdır", - deyən Prezident İlham Əliyev bunu dövlətin qarşısında strateji məqsəd kimi müəyyən edib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də bu strateji sosial məqsədə nail olunmasına, yoxsulluğun aradan qaldırılmasına ünvanlı sosial yardım sistemi ilə paralel olaraq, aktiv formada da dəstək verilməsi ilə bağlı mütərəqqi dünya təcrübəsindən irəli gələn iş mexanizmlərinə üstünlük verir. Bu mənada, aztəminatlı ailələrin potensial imkanları müqabilində şəxsi təsərrüfatlarını yaradaraq inkişaf etdirmələri, beləliklə, gəlirlərini artırmaları üçün onlara aktiv şəkildə dəstək verilməsi, nəticədə dövlətin sosial yardımından asılılığının aradan qaldırılması və yoxsulluqdan çıxmalarına şərait yaradılması nazirliyin əsas hədəflərindən biridir. Bu məqsədlə hazırlanan Birdəfəlik ünvanlı sosial yardım - Özünədəstək proqramı ölkə rəhbərinin sərhədyanı bölgələrin əhalisinə göstərdiyi diqqət və qayğıya uyğun olaraq, 2011-ci ildə Tovuz rayonunun Vahidli kəndində sınaqdan keçirilib. Əldə olunan müsbət təcrübə əsas götürülməklə 2012-ci ilin ilk rübündə Füzuli rayonunda icrasına başlanılan bu proqramın cəbhəyanı bütün kəndlərimizdə, ümumən ölkənin hər bir rayonunda icrasına hazırlıq işləri artıq başa çatdırılır. Masallı, İsmayıllı, Xaçmaz və Bakının Nizami rayonlarında Özünədəstək proqramının icrasına başlanılıb.
Aztəminatlı ailələrin yoxsulluq vəziyyətindən çıxarılmasına aktiv tədbirlər vasitəsilə dəstək verilməsi istiqamətində yeni və effektli bir addım kimi 2012-ci ildən ölkəmizdə ilk dəfə olaraq aztəminatlı ailələrə güzəştli mikrokreditlərin verilməsi - sosial kreditləşmə mexanizminin tətbiqinə başlanılması üçün hazırlıq işləri aparılır. Burada məqsəd aztəminatlı ailəyə ünvanlı sosial yardım mexanizmindən - ünvanlı dəstəyə keçidi təmin etməkdir.
Bu proqram ilkin mərhələdə müvafiq potensiallara malik yoxsul ailələrin şəxsi təsərrüfatlarını inkişaf etdirmələrinə və güzəştli kreditlərdən faydalanaraq yoxsulluq səviyyəsindən çıxmalarına imkan verəcək. Sonrakı mərhələdə bu təsərrüfatların mütəmadi genişlənməsi ailələrin gəlirlərində artıma səbəb olmaqla yanaşı, yeni iş yerlərinin açılmasına və təsərrüfat sahibi tərəfindən yeni işçilərin işə qəbul edilməsinə, nəticə etibarilə aztəminatlı vətəndaşın yoxsulluqdan sahibkarlığa doğru irəliləyişinə şərait yaradacaq.
Vətəndaşlara xidmətin keyfiyyətcə yüksəldilməsi, onların dövlət təminatlarından daha rahat şəkildə yararlanmaq imkanlarının genişləndirilməsi üçün alternativ müraciət imkanlarının yaradılması, həmçinin ünvanlı yardımların təyinatı işində şəffaflığın artırılması, bu sahədə məmur-vətəndaş münasibətlərinin minimuma endirilməsi, yardımların təyinatı zamanı qərar qəbuletmə prosesində subyektiv amillərin aradan qaldırılması məqsədilə ünvanlı sosial yardım üçün alternativ müraciət mexanizmlərinin tətbiqinə başlanılıb. İlkin olaraq pilot layihə kimi 2011-ci ildə Cəlilabad və Balakən rayonlarında sınaqdan keçirilməsinə başlanılan və hazırda 27 rayonda icra olunan alternativ müraciət mexanizmləri cari il ərzində bütün ölkədə tətbiq ediləcək.
Vətəndaşlara xidmət səviyyəsinin yaxşılaşdırılmasında, onların nazirliyin fəaliyyət dairəsinə aid məsələlərlə bağlı birbaşa müraciət etmək və xidmətlərdən yararlanmaq imkanlarının xeyli artmasında, eyni zamanda, görülən işlərdə şəffaflığın artırılmasında elektron xidmətlərin təşkili mühüm əhəmiyyət kəsb edir. Qeyd edim ki, Azərbaycan Prezidentinin 23 may 2011 tarixli "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" fərmanının icrası olaraq nazirliyin fəaliyyət istiqamətləri üzrə 11 növ elektron xidmət növünün tətbiqi istiqamətində müvafiq işlər görülməkdədir. Artıq bir hissəsi fəaliyyət göstərən elektron xidmətlərin yaxın vaxtlarda tam tətbiqi təmin ediləcəkdir.
Azərbaycanın ərazi bütövlüyünün və Konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə fiziki sağlamlıqlarını itirmiş insanlar və şəhid ailələrinin mənzillə təminatı işləri də uğurla davam etdirilir. 2008-ci ildə əvvəlki illə müqayisədə 2,3 dəfə çox, yəni 396 mənzil istifadəyə verilmişdirsə, 2009-cu ildə bundan təxminən iki dəfə artıq - 707 mənzilin tikintisi başa çatdırılıb. Mənzillərin inşasında bu həcmin saxlanılması və nəticədə növbədə olan insanların yeni, müasir mənzillərlə təminatının yaxın bir neçə ildə tam başa çatdırılması ilə əlaqədar dövlət başçısının şəxsi tapşırığının icrası olaraq 2010-cu ildə 715 mənzil inşa edilib. Ümumilikdə 1997-ci ildən indiyə qədər 5 minə yaxın əlil və şəhid ailəsi dövlət hesabına mənzillə təmin olunub.
2011-ci il noyabrın 17-də Qəbələ rayonunda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün tikilmiş 36 mənzilli binanın istifadəyə verilməsi mərasimində iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müharibə əlilləri və şəhid ailələri üçün ölkəmizin müxtəlif şəhərlərində gözəl binalar tikildiyini, bu binalardakı mənzillərdə rahat yaşayış şəraiti yaradıldığını, binaların xarici görünüşünün də gözəl, şəhər arxitekturasına uyğun olduğunu və müasir üslubda tikildiyini qeyd edərək deyib: "Qarabağ müharibəsi əlillərinin problemlərinin həlli üçün də ardıcıl işlər aparılır. Növbəti bir neçə il ərzində növbədə dayanan hər bir ailə gözəl mənzillərlə təmin ediləcək".
Hazırda həmin kateqoriyadan olanlar üçün Suraxanı, Sabunçu rayonlarında və Gəncə şəhərində hər biri 9 mərtəbəli 81 mənzilli, Şəki və Şəmkir rayonlarında hər biri 36 mənzilli, Sumqayıt şəhərində 12 mərtəbəli 96 mənzilli, Nərimanov rayonunda isə gözdən əlillər üçün 12 mərtəbəli 132 mənzilli yaşayış binaları inşa olunur. Yaxın günlərdə ayrı-ayrı rayonlarda 4 ədəd 36 mənzilli, 5 ədəd 54 mənzilli, 1 ədəd 12 mərtəbəli 96 mənzilli yaşayış evlərinin tikintisinə başlanılacaq.
Əlillərin dövlət hesabına avtomaşınlarla təminatı işləri ilbəil dinamik xarakter alır. Təkcə 2011-ci il ərzində 304 ədəd "Liffan" markalı avtomobil əlillərə verilib. Bir neçə gün öncə daha 11 avtomobil Cernobıl əlillərinə təqdim olunub. Bu vaxtadək əlil vətəndaşlara 3260-a yaxın minik avtomobili, həmçinin 7500-ə yaxın əlil arabası təqdim olunub.
Müasir sosial müdafiə
infrastrukturunun yaradılması prosesi davam edir
Sosial
sferada həyata keçirilən siyasətin tərkibində
yer alan ən önəmli məqamlardan
biri müasir dünya standartlarına cavab verən sosial
infrastrukturun yaradılmasıdır. Fəxrlə
deyə bilərik ki, son illərdə qeyd edilən istiqamətdə
də mühüm nailiyyətlərə imza atılıb, bir
çox köhnə sosial infrastruktur yenilənib, həmçinin
çoxlu sayda yeniləri yaradılıb. Bu
isə ölkəmizdə həyata keçirilən sosial
siyasətin prioritet istiqamətlərinin düzgün müəyyən
olunduğunu nümayiş etdirir.
Ölkə rəhbərinin Bakıətrafı qəsəbələrin
inkişafı ilə bağlı təsdiqlədiyi Dövlət
Proqramı Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi tərəfindən həmin yaşayış məntəqələrində
yeni sosial müdafiə əhəmiyyətli müəssisələrin
yaradılmasında mühüm stimul olmuşdur. Cari ilin birinci rübündə
Bakıətrafı qəsəbələrdə gözdən
əlillər üçün Tədris Bərpa Mərkəzinin,
yetkinlik yaşına çatmayanlar üçün Sosial
Reabilitasiya Mərkəzi və Sosial
Sığınacağın, həmçinin Bilgəhdə
Qocalar evi üçün ikinçi korpusun inşasına
başlanılıb. Bununla yanaşı,
Bakıətrafı qəsəbələrdə, həmçinin
regional inkişaf proqramına uyğun olaraq, ölkənin
bölgələrindəki sosial xidmət müəsisələrində
əsaslı təmir və yenidənqurma işlərinin
aparılması üçün layihə-smeta sənədləri
hazırlanır.
Bütövlükdə son 5 ildə respublikada bərpa-müalicə
şəbəkəsinin genişləndirilməsi istiqamətində
nazirlik tərəfindən konkret addımlar atılıb,
Naftalan, Xaçmaz, Yevlax şəhərlərində əlillərin
bərpa mərkəzləri yaradılıb, mövcud bərpa
mərkəzlərinin maddi-texniki bazası gücləndirilib. Görülən
hər bir işdə müasir yanaşma tərzinə,
qabaqcıl təcrübəyə istinad edilməsi ilə
dövlət başçısının verdiyi
tapşırıqlar nazirliyin fəaliyyətində daim rəhbər
tutulur. Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi sosial cəhətdən həssas vətəndaşların
reabilitasiyası işinin daha dolğun və səmərəli
təşkilinə, bu sahədə effektli və təsirli ola biləcək yeni layihələrə,
mütərəqqi iş üsullarına xüsusi önəm
verir. Bu istiqamətdə qarşıda duran əsas vəzifələrdən
biri də nazirliyin nəzdində olan, hər il
8 min nəfərdən çox əlilə xidmət göstərən
tibbi bərpa müəssisələrində, eyni zamanda,
çoxşaxəli sosial reabilitasiya metodlarının tətbiqidir.
Eyni zamanda, həmin mərkəzlərin əsaslı
təmiri və yenidən, qurulması, onlarda xidmət səviyyəsinin
yüksəldilməsi, bölgələrdə yeni, müasir
tələblərə cavab verən mərkəzlərin
yaradılması ilə ölkə üzrə reabilitasiya
şəbəkəsinin daha da genişləndirilməsi
prioritet istiqamətlərdən biridir.
Prezident İlham Əliyevin ölkə əhalisinin sosial
müdafiəsinin gücləndirilməsi istiqamətində fərman
və sərəncamlarının, tapşırıq və
tövsiyələrinin layiqli səviyyədə icra
olunması ilə bağlı Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyi tərəfindən məqsədyönlü
işlər davam etdirilir. Əsaslı təmir və yenidənqurmadan
sonra 2010-cu il iyunun 10-da Prezident İlham Əliyevin
iştirakı ilə açılışı olan nazirliyin
yeni binasında müasir tələblərə uyğun
yaradılan iş şəraiti kollektivimizin
işgüzarlıq əzmini xeyli yüksəldib. Bütövlükdə nazirliyin bütün
qurumlarının maddi-texniki bazasının gücləndirilməsi
və sosial müdafiə sistemində geniş imkanlara malik
elektron texnologiyadan istifadə olunması fəaliyyətimizi
daha səmərəli qurmağa və əhaliyə daha
çevik sosial xidmətin göstərilməsinə geniş
imkanlar yaradıb.
İxtisaslaşmış
vətəndaş cəmiyyətləri ilə əməkdaşlıq
daim genişlənir
Həyata keçirilən
sosial müdafiə tədbirlərinin təşkilində
şəffaflığın artırılması, əhalinin
sosial müdafiəsinin gücləndirilməsi ilə
bağlı görülən işlərin cəmiyyətin
real sifarişlərinə uyğun qurulması, sosial
qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində
ixtisaslaşmış vətəndaş cəmiyyəti
institutları ilə əməkdaşlıq nazirliyin fəaliyyətinin
prioritetlərindən biridir. Bu istiqamətdə
mühüm və uğurlu bir addım kimi 2011-ci ilin
ortalarında Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi yanında ixtisaslaşmış vətəndaş cəmiyyətlərinin
nümayəndələrinin təmsil olunduğu İctimai
Şura yaradılmışdır. Sosial sahə ilə əlaqədar
yeni qanun layihələrinin, o cümlədən "Sosial xidmət
haqqında" qanun layihəsinin, normativ hüquqi aktların
işlənib hazırlanması və bu məqsədlə səmərəli
təkliflərin hazırlanması, sosial müdafiə tədbirləri
ilə bağlı monitorinqlərin həyata keçirilməsi,
aktiv sosial müdafiə tədbirlərinə, həmçinin
Özünədəstək-Birdəfəlik ünvanlı
yardım proqramına cəlb olunan ailələrin seçilməsi,
ünvanlı yardım üçün alternativ müraciət
mexanizmlərinin tətbiqi, vətəndaşların
yaşadıqları bölgədə müraciətlərinin
obyektiv və ədalətli araşdırılması və
digər istiqamətlərdə İctimai Şurada təmsil
olunan vətəndaş cəmiyyəti institutları ilə
birgə mühüm işlər görülməkdədir.
"Şəffaflığın
artırılması və Korrupsiyaya Qarşı Mübarizə
üzrə Milli Strategiyanın Həyata Keçirilməsi ilə
bağlı Fəaliyyət Planı"nın
(2007-2011-ci illər) icrası 2011-ci ilin sonunda
yekunlaşmışdır. Bununla bağlı
olaraq, Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin
Məlumatlandırma və Əməkdaşlıq Şəbəkəsinin
həmtəsisçilərindən olan Vətəndaşların
Əmək Hüquqlarını Müdafiə Liqası şəffaflığın
artırılması və korrupsiyaya qarşı mübarizə
istiqamətində dövlət orqanlarının həyata
keçirdiyi fəaliyyətlərlə bağlı monitorinq
aparılmışdır. Monitorinqin nəticələrinə
görə, 2011-ci ildə şəffaflığın
artırılması və korrupsiyaya qarşı mübarizə
istiqamətində effektiv fəaliyyət göstərən 3
dövlət orqanından biri kimi Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyi müəyyən olunmuşdur.
Vətəndaş
cəmiyyətləri ilə əməkdaşlığın
uğurlu davamı kimi, 2012-ci ilin yanvarında iş yerlərində
sağlam və təhlükəsiz əmək şəraitinin
yaradılması istiqamətində sosial tərəfdaşların
təşəbbüs və səylərinin birləşdirilməsi
və əlaqələndirilməsi məqsədilə Azərbaycan
Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar
(İşəgötürənlər) Təşkilatları
Milli Konfederasiyasının təmsil olunduğu Təhlükəsiz
və Sağlam Əmək Şəraiti üzrə Milli
Üçtərəfli Sosial Şura
yaradılmışdır.
İctimai təşkilatlarla birgə işlərin
görülməsi artıq ənənəvi xarakter
almışdır. Məsələn, nazirlikdə əlil və şəhid
ailələri üçün mənzillərin
bölgüsünü həyata keçirən müvafiq
komissiyanın tərkibində də nazirliyin məsul
işçiləri və rayon (şəhər) İH-lərin
başçılarının müavinləri ilə
yanaşı, Azərbaycan Respublikasının İnsan
Hüquqları üzrə müvəkkili (Ombudsman)
Aparatının, Azərbaycan Respublikası Prezidenti yanında
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi
Şurasının nümayəndələri, Qarabağ
müharibəsi əlilləri, veteranları və şəhid
ailələrin İctimai Birliyinin, "20 Yanvar" Cəmiyyətinin,
Çernobıl Əlilləri İttifaqının, Azərbaycan
Respublikası Əlil Təşkilatları
İttifaqının sədrləri də təmsil olunurlar. Rayon (şəhər) əhalinin sosial müdafiəsi
mərkəzlərindəki "Ünvanlı yardım təyin
edən Komissiya"ların iclaslarında da vətəndaş
cəmiyyətləri nümayəndələrinin
iştirakı təmin edilir. Yeni sosial
layihələrin icrası işlərində da
İxtisaslaşmış vətəndaş cəmiyyətləri
ilə sıx əməkdaşlıq həyata keçirilir.
İxtisaslaşmış
qeyri-hökumət təşkilatları olan "Ümidli Gələcək"
Gənclər Təşkilatı və Uşaq
Hüquqları Klinikasının nümayəndələri ilə
müntəzəm görüşlər keçirilir və
yetkinlik yaşına çatmayanların
baxımsızlığının profilaktikası tədbirlərinin
təkmilləşdirilməsi, həmçinin nazirliyin nəzdində
yaradılacaq Yetkinlik yaşına çatmayanlar
üçün Sosial Reabilitasiya Mərkəzləri və
Sosial Sığınacaqların fəaliyyət istiqamətləri,
müvafiq sosial xidmət standartları, bu sahədə qeyd
olunan təşkilatlarla mümkün əməkdaşlıq
perspektivləri və s. məsələlərlə əlaqədar
müzakirələr aparılır. Sosial xidmət
müəssisələrinin fəaliyyət istiqamətlərinin
təkmilləşdirilməsi və onların gələcək
inkişaf perspektivlərinin hazırlanması məqsədilə
BMT-nin Uşaq Fondunun (UNİCEF) Azərbaycan nümayəndəliyi
və ixtisaslaşmış qeyri-hökumət təşkilatları
ilə əməkdaşlıq əlaqələri davam
etdirilir.
Ulu öndər Heydər Əliyevin müəllifi
olduğu inkişaf strategiyasından irəli gələn
iqtisadi yüksəlişin və sosial islahatların sayəsində
ölkəmizdə insanların layiqli həyat tərzinin təmin
olunması ilə bağlı möhtəşəm
uğurlara imza atılıb. Təsadüfi deyil ki,
müasir Azərbaycanın əsas xarakterik xüsusiyyətlərindən
olan sürətli inkişafın ən mühüm cəhətlərindən
biri yaşanan tərəqqinin hər bir ölkə vətəndaşının,
ailənin həyatında da öz əksini tapmasıdır.
Beynəlxalq miqyasda da etiraf olunur ki, ölkəmizdə
əhalinin həyat səviyyəsi davamlı olaraq yüksəlir,
insanların maddi gəlirləri mütəmadi artır, sosial
və digər xidmətlər əsaslı kəmiyyət və
keyfiyyət dəyişikliyi ilə muşayiət olunur.
Azərbaycan insan inkişafı indeksinə
görə dünya üzrə mühüm nailiyyətlərə
imza atmış dövlətlərdən biri kimi göstərilir.
Təbii ki, qarşıda bizi daha böyük hədəflər
gözləyir. Prezident İlham Əliyevin rəhbərliyi
ilə ölkəmizin sürətli inkişafı, möhkəm
sosial-iqtisadi bazanın formalaşdırılması növbəti
illərdə də Azərbaycanın qət edəcəyi tərəqqi
yolunun vətəndaşların sosial müdafiəsi və təminatı
sahəsində uğurlarla müşayiət
olunacağını söyləməyə əsas verir.
Füzuli ƏLƏKBƏROV,
Azərbaycan Respublikasının
əmək və əhalinin sosial müdafiəsi
naziri
Azərbaycan.- 2012.- 9 may.- S. 5.