Milli inkişaf
strategiyasının real nəticələri
Müasir dünya yeni əsrin mürəkkəb çağırışları ilə üz-üzədir. Ayrı-ayrı ölkələrdə, bütöv regionlarda bir-birinin ardınca baş verən ictimai-siyasi, iqtisadi kataklizmlər yeni reallıqlar yaradır. Uzun müddət davam edən qlobal iqtisadi böhran Avropa Birliyinə üzv olan bir sıra qabaqcıl ölkələrin iqtisadiyyatına neqativ təsir göstərir, dünya sənayesini çətin sınaqlar qarşısında qoyur. Qlobal dünyanın ən mühüm xarakterik xüsusiyyəti budur ki, heç bir dövlət əlahiddə götürülmüş şəkildə yaşaya bilməz - bir ölkədə cərəyan edən hadisələr dərhal digərlərində də əks-səda doğurur və bəzən çox ciddi fəsadlarla nəticələnir.
Demək, əksər hallarda gözlənilməz olan bu yeni çağırışlar qarşısında beynəlxalq birliyin intellektual qüvvələri birləşdirməkdən, mürəkkəb problemlərin həllini birgə axtarmaqdan başqa yolu yoxdur. Bu məqsədlə son dövrdə müəyyən məqsədyönlü tədbirlər həyata keçirilir. Harada, dünyanın hansı ölkəsində baş verməsindən asılı olmayaraq, müsbət, sabit və təkrarlanan iqtisadi tendensiyalar ciddi şəkildə araşdırılır, səbəb-nəticə əlaqələri təhlil olunur, səmərəli təcrübələr diqqətlə öyrənilir. Belə bir şəraitdə ölkələrin ərazi baxımından böyüklüyü, dünya iqtisadiyyatında payı kimi parametrlər sərf-nəzər edilir, ictimai-siyasi sabitlik, davamlı iqtisadi artım kimi meyarlar isə əksinə, ön plana keçir. Qürur hissi ilə deyə bilərik ki, Azərbaycan Respublikası dövlət müstəqilliyini nisbətən bərpa etməsinə baxmayaraq, ötən 20 ildə yürüdülmüş düzgün iqtisadi siyasət nəticəsində dünyaya tamamilə effektiv bir iqtisadi model təklif edə bilmişdir. Ölkəmizin zəngin təbii sərvətlərindən, qədim neft diyarı kimi uzun əsrlər ərzində toplanılmış mütərəqqi təcrübəsindən, böyük həcmdə texniki-intellektual potensialından, habelə transmilli korporasiyalarla əməkdaşlıq şəraitində mənimsənilmiş müasir texnoloji bilik və vərdişlərdən səmərəli istifadə edilməklə yaradılmış Azərbaycan iqtisadi modeli dünya birliyinin diqqətini cəlb edir, geniş maraq doğurur. Bu modelin konseptual mahiyyəti sistemli xarakter daşımasında, cəmiyyət həyatının, istisnasız olaraq, bütün sahələrini harmonik və hərtərəfli surətdə əhatə etməsindədir. Mövcud resursların işlənilməsi və dünya bazarlarına çıxarılması tarix üçün qısa bir zaman kəsiyində təmin olunmuş, ölkənin iqtisadi göstəricilərinin yüksəlməsinə, iri həcmdə valyuta ehtiyatlarının toplanılmasına, qeyri-neft sektorunun güclənməsinə, sosial problemlərin həllinə, insan kapitalının inkişafına etibarlı əsas yaratmışdır.
Azərbaycan son illər iqtisadi yüksəliş tempinə görə dünyanın aparıcı dövlətləri ilə bir sırada dayanır. Beynəlxalq siyasi prosesləri diktə etmək gücündə olan lider dövlətlər belə, regional məsələlərin həllində ölkəmizin mövqeyi ilə hesablaşırlar. Ölkəmizin xarici reputasiyası daxili inkişafı ilə paralel şəkildə dinamik olaraq yaxşılaşmaqdadır. Azərbaycan abadlaşır, yeniləşir, paytaxt Bakıda bir çox beynəlxalq miqyaslı mədəniyyət-idman tədbirləri keçirilir. Qədimilik və müasirliyin vəhdətini əks etdirən unikal arxitektura və dizaynı ilə ölkəmizə ilbəil daha çox gəlməkdə olan turistləri heyran qoyur. Şəhərlər, kəndlər simasını dəyişir, iritutumlu sosial və infrastruktur layihələri müvəffəqiyyətlə həyata keçirilir. Azərbaycan xalqı uğurla gerçəkləşdirilən sosial-iqtisadi islahatların bəhrələrini gündəlik həyatında, məişətində, maddi rifah halının yüksəlməsində bilavasitə görür və hiss edir. Bir sözlə, 20 il bundan əvvəlki Azərbaycanla çağdaş Azərbaycan siyasi, iqtisadi, sosial, hərbi, mədəni, elmi inkişaf səviyyəsi etibarilə müqayisəyəgəlməz dərəcədə fərqlidir. Ən maraqlısı isə budur ki, ölkədəki bu intibah dostlarımızla yanaşı, bədxahlarımız tərəfindən də birmənalı tərzdə etiraf olunur. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi istiqamətində gedən danışıqlarda mövqeyimiz qat-qat möhkəmlənmişdir. Erməni diasporunun var gücü ilə apardığı aqressiv antitəbliğat kampaniyasına baxmayaraq, Azərbaycanın beynəlxalq imici gün-gündən yüksəlir. Dünya birliyi zəngin mədəni sərvətlərimizə, tarixi-mənəvi dəyərlərimizə nə qədər yaxından bələd olursa, xalqımızın kökü tarixin qədim çağlarına işləyən humanizmini, sivil və demokratik ideallara sədaqətini bir o qədər yüksək dəyərləndirir.
Bütün bunlar gərgin zəhmətin, qətiyyətli siyasi iradənin, özünə inam və cəsarət tələb edən idarəçilk dəst-xəttinin, dönməz və ardıcıl fəaliyyətin bəhrələridir. İnkişafın fenomenal xüsusiyyət daşıyan Azərbaycan modeli birdən-birə, quru yerdə yaranmamışdır. Bu model xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə qırılmaz şəkildə bağlıdır. Güclü, getdikcə daha da qüdrətlənən dövlətimizin qazandığı bütün uğurlar üçün biz müstəqil dövlətimizin memarı, dünya şöhrətli siyasi xadim Heydər Əliyevə borcluyuq. Zəngin idarəçilik təcrübəsinə, geniş dünyagörüşünə, çevik siyasi təfəkkürə, zəngin bilik və bacarığa malik bu misilsiz tarixi şəxsiyyət daim Azərbaycan xalqının rifahı naminə yorulmaq bilmədən çalışmış, ölkəni inkişafın aqrar səviyyəsindən postindustrial səviyyəsinə çatdırmışdır. Bu ölçüyəgəlməz irəliləyiş ulu öndərin tarixi varisliyə, müasirləşməyə və inkişafa əsaslanan siyasi fəlsəfəsinin məntiqi nəticəsidir. Varislik və müasirləşmə olmadan real inkişafı mümkünsüz hesab edən Heydər Əliyev milli soykökünə, keçmişinə nə qədər dərindən bağlı olsa da, daim nəzərlərini gələcəyə yönəltmiş, xalqımızı həmişə irəli aparmış, zamanla ayaqlaşmağa səsləmişdir. Məhz buna görə də Heydər Əliyevin adı dünyanın müasir siyasi salnaməsinə tarix yaradan nadir şəxsiyyətlərdən biri kimi yazılmışdır.
Unikal siyasi bəsirətlə keçmişlə gələcəyi ayrı-ayrılıqda yox, vahid harmoniyada görə bildiyi üçün ulu öndər hələ ötən əsrin 60-cı illərindən dünyanın ümumi inkişaf kontekstində qloballaşma tendensiyasını dəqiq müəyyənləşdirməyi bacarmış, mümkün koordinatlar sistemində Azərbaycanın yerini və perspektiv hərəkət vektorunu özünəməxsus ustalıqla cıza bilmişdi. Öz ölkəsinin qlobal müstəvidə layiqli yer tutması üçün daim yorulmaq bilmədən çalışmış və nəhayət, müstəqillik dövründə buna nail olmuş Heydər Əliyev Azərbaycan cəmiyyətinə həmişə mütərəqqi ideyalar aşılamışdır. Onun iqtisadi siyasətinin başlıca hədəfini xalqın maddi rifahının durmadan yüksəlməsi, ana xəttini isə müasirləşmə təşkil etmişdir. Həm maddi rifah, həm də müasirləşmənin statik deyil, dinamik kateqoriyalar olduğunu və bir-biri ilə dialektik asılılıq kəsb etdiyini heç bir vəchlə nəzərdən qaçırmayan böyük siyasi xadim, beləliklə, Azərbaycanın nicat və yüksəlişini davamlı inkişafda, gündəlik gərgin fəaliyyətdə görür, cəmiyyəti daim bu istiqamətdə səfərbər edirdi. Bu inkişafın, fədakar əməyin resurs bazası rolunu isə əlbəttə ki, ölkənin zəngin yeraltı sərvətləri olan neft və qaz oynaya bilərdi. Ulu öndər enerji resurslarına nəzarət imkanlarının, neft-qaz ehtiyatlarının dünya bazarlarına və əsas istehlakçılara vaxtında və təhlükəsiz çatdırılmasının qlobal siyasətdə ən mühüm təsir amillərindən olduğunu zamanında aşkarlamış və hələ yarım əsr bundan əvvəl Azərbaycanın neft sənayesinin müasirləşdirilməsi xəttini irəli sürmüşdür.
Dünyada neftçıxarmanın beşiyi sayılan ölkələrdən olan Vətənimiz qədim dövrlərdən neft sənayesi tarixinə şanlı səhifələr yazmışdır. Neftin sənaye üsulu ilə hasil edilməsinin, emalının, tankerlərlə, dəmiryolu ilə, boru kəmərləri ilə nəql edilməsinin, sahildə, açıq dənizdə və dənizin dərinsulu hissələrində neft yataqlarının kəşf və istismar olunmasının əsası Azərbaycanda qoyulmuşdur. Bakı neftçiləri həmişə neftin, qazın kəşfiyyatı, hasilatı, emalı və nəqli sahələrində çoxsaylı ideyaların müəllifi kimi tanınmış, misilsiz fədakarlıqlar göstərərək ən mütərəqqi yenilikləri istehsalatda tətbiq etmişlər. Buna görə də Bakı uzun müddət dünyanın neft akademiyası hesab olunmuşdur. Heydər Əliyev respublikamıza rəhbərlik etdiyi bütün dövrlərdə neft sənayesinin inkişafına, onun innovativ əsasda təkmilləşdirilməsinə böyük diqqət və qayğı ilə yanaşmış, keçmiş Sovetlər Birliyində hökm sürən olduqca ağır şərtlər daxilində belə, mümkün imkanlardan yararlanaraq Ümumittifaq neft sənayesinin konseptual inkişaf perspektivlərini təmin edən bir çox təsisatların - elmi-tədqiqat institutlarının, istehsalat birliklərinin, mühüm strateji müəssisələrin Bakıda cəmləşməsinə nail olmuşdu. Ötən əsrin 70-80-ci illərində ulu öndərin rəhbərliyi ilə neft sənayesinin müasirləşdirilməsi istiqamətində inamlı addımlar atılmış, Azərbaycanın bu sahədə öncül mövqeləri qorunub saxlanılmışdı. Sonradan cərəyan etmiş hadisələrin təhlili əsasında biz bu gün aydın şəkildə dərk edə bilirik ki, o dövrdə Azərbaycanın keçmiş SSRİ-də neft sənayesinin avanqard qüvvəsinə çevrilməsi istiqamətində aparılmış gərgin, məqsədyönlü fəaliyyət, əslində, gələcəyə hesablanmış və strateji əhəmiyyət daşımışdır. Tarix göstərdi ki, neft sənayesinin texniki cəhətdən müasirləşməsi məqsədilə sovet dövründə görülmüş tədbirlər müstəqillik dövründə suveren Azərbaycan dövlətinin iqtisadi cəhətdən qüdrətlənməsi üçün atılmış təməl daşları rolunu oynamışdır.
Dövlət müstəqilliyinin yenicə bərpa olunduğu ötən əsrin 90-cı illərində Azərbaycan hədsiz dərəcədə mürəkkəb və hətta ilk baxışda çıxılmaz görünən siyasi reallıqla qarşı-qarşıya qalmışdı. Arası kəsilməyən xarici təzyiqlər, daxili başıpozuqluq, hakimiyyət çəkişmələri, işğalçı Ermənistanın hərbi təcavüzü iqtisadiyyatı iflic vəziyyətinə salmışdı. Hələ formal səciyyə daşıyan, tam təsisatlanmamış gənc dövlətçiliyimizin ağır sınaqlara məruz qaldığı həmin dövrdə ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışı ölkəni iflasa uğramaqdan, dünya xəritəsindən silinməkdən xilas etdi. Qarşıda yaranmış dərin böhrandan çıxmaq kimi həyati bir vəzifə dururdu. Bu məqsədlə həllivacib tədbirləri müəyyənləşdirərkən ulu öndər ölkənin ən qiymətli resursu olaraq neft sənayesinə istinad etdi. Xəzərin Azərbaycan sektorunda çıxarıla bilən zəngin neft-qaz ehtiyatlarının olduğunu və bu ehtiyatların reallaşdırılması üçün böyük texniki-iqtisadi, intellektual potensialın mövcudluğunu yaxşı bilən dahi rəhbər dövlət müstəqilliyini qoruyub saxlamaq və möhkəmləndirmək, ölkədə uzunmüddətli iqtisadi-siyasi sabitlik yaratmaq məqsədilə dünya siyasətində karbohidrogen resursları uğrunda gedən çoxəsrlik mübarizədən yararlanmaq qərarına gəldi. Əlbəttə, Heydər Əliyevə o da məlum idi ki, Xəzərin dərinsulu hissələrində yerləşən neft və qaz yataqlarının istismarına başlamaq və hasil olunacaq təbii sərvətləri dünya bazarlarına çıxarmaq üçün Azərbaycanın imkanları xeyli məhduddur. Vəziyyətin obyektiv qiymətləndirilməsi bunun üçün böyük maliyyə vəsaitinə, yeni texnologiyalara ehtiyac duyulduğunu göstərirdi. Bunlar da o dövrdə gənc dövlətimizin imkanları xaricində idi.
Yaranmış situasiyada yeganə çıxış yolunu transmilli xarici neft şirkətləri ilə milli maraqlara söykənən əməkdaşlığın qurulmasında görən ulu öndər növbəti dəfə özünəməxsus siyasi uzaqgörənlik və müdriklik nümayiş etdirərək qalibiyyətli yeni neft strategiyasını işləyib hazırladı. Strategiyanın məqsədi sadə və sadə olduğu qədər də dahiyanə idi: xarici sərmayədarların köməyi ilə neft-qaz sektorunu gücləndirmək, yeni yataqları onlarla birlikdə istismar etmək, xam nefti dünya bazarlarına çıxarmaq və bu sektordan əldə olunacaq böyükhəcmli maliyyə vəsaitlərini iqtisadiyyatın digər sahələrinə yönəltmək yolu ilə sosial-siyasi dirçəlişə nail olmaq. Bu, dəfələrlə söylənildiyi kimi, siyasi xarakteristikası etibarilə müstəqil Azərbaycanın qurtuluş və davamlı inkişaf doktrinası idi. Bu strateji kurs çox zaman haqlı olaraq zəmanəmizin ustad siyasətçisi, dünyamiqyaslı dövlət xadimi olan Heydər Əliyevin sırf dövlətçilik və hətta geosiyasət konsepsiyası kimi qiymətləndirilir. Ulu öndərin özü də strategiyanın əsas hədəflərini nəzərdə tutaraq deyirdi: "Ölkə iqtisadiyyatını inkişaf etdirmək üçün biz xarici ölkələrlə, dünyanın tanınmış şirkətləri ilə sıx əməkdaşlıq etməyi, müştərək iş görməyi əsas prioritet hesab edirik. Dünya iqtisadiyyatının inteqrasiyası, iqtisadi sahədə ölkələrin bir-biri ilə əməkdaşlığı hər bir dövlət üçün mənfəətdir və bu, yüksəlmək, müasirləşmək üçün yeganə yoldur".
Artıq "Əsrin müqaviləsi"nin imzalandığı gündən 18 ilə yaxın vaxt keçir. Qazanılmış nailiyyətlər də göstərir ki, yeni neft strategiyasının gerçəkləşməsi həqiqətən Azərbaycan Respublikasının, ölkə iqtisadiyyatının, xüsusilə neft sənayesinin güclənməsinə, öz inkişafının mahiyyətcə yeni mərhələsinə qədəm qoymasına, müasirləşməsinə güclü təkan vermişdir. Ölkə üzrə neft və qaz hasilatı sahəsində tarixdə görünməmiş yüksəliş qeydə alınmışdır. Geoloji və geofiziki tədqiqatlarda, ehtiyatların dəqiqləşdirilməsində yeni üsulların, mükəmməl qazma metodlarının tətbiqi nəticəsində Azərbaycanın çıxarıla bilən neft ehtiyatları 4 milyard tona, qaz ehtiyatları isə 6 trilyon kubmetrə qədər artırılmışdır. Ölkə üzrə neft hasilatı ilbəil artaraq 50 milyon tonluq psixoloji həddi keçmiş, qaz hasilatı 30 milyard kubmetrə yaxınlaşmışdır. Ötən müddətdə Azərbaycanın neft-qaz sektoruna xarici şirkətlər tərəfindən 50 milyard ABŞ dollarına yaxın həcmdə sərmayə qoyulmuşdur. Respublikanın enerji müstəqilliyi tam təmin olunmuş, Azərbaycan təbii qaz idxal edən ölkədən regionda və bütün dünyada mühüm qaz ixracatçısı kimi tanınan ölkəyə çevrilmişdir. Hazırda Gürcüstana, Türkiyəyə, Rusiyaya, İrana və Yunanıstana Azərbaycanın təbii qazı ixrac olunur.
Avropanın enerji təhlükəsizliyinin təmin olunması bu gün bütün dünyanın diqqət mərkəzindədir və bu istiqamətdə ölkəmizə böyük ümidlər bəslənilir. Son dövrdə Xəzərin Azərbaycan sektorunda yeni qaz-kondensat yataqlarının kəşf olunması, "Şahdəniz" yatağının işlənilməsinin ikinci mərhələsinə başlanılması üzrə hazırlıqların yekunlaşmaqda olması bu ümidlərin doğrulacağına dəlalət edir. 2015-ci ildə ölkə üzrə neft hasilatının 50-55 milyon tona, qaz hasilatının 30 milyard kubmetrə çatdırılması nəzərdə tutulur. Bu o deməkdir ki, regionun və Avropa Birliyi ölkələrinin enerji təhlükəsizliyi baxımından Azərbaycanın rolu qarşıdakı illərdə daha da artacaqdır. 2011-ci ildə Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozunun Bakıya səfəri çərçivəsində "Cənub Enerji Dəhlizi" haqqında Birgə Bəyannamənin imzalanması Azərbaycanın enerji potensialına, qısa müddətdə ixrac marşrutlarının diversifikasiyasına nail olmuş bir ölkə kimi onunla tərəfdaşlığa verilən önəmin yeni təzahürüdür.
Dünya miqyasında ixrac marşrutlarının son dövrlərdə xüsusilə mühüm əhəmiyyət kəsb edən şaxələndirmə prinsipi Azərbaycanın milli maraqlarına və ulu öndər Heydər Əliyevin yeni neft strategiyasının məzmun və mündəricəsinə uyğundur. "Əsrin müqaviləsi"nin imzalanmasından keçən dövr ərzində Bakı-Novorossiysk və Bakı-Supsa neft kəmərləri bərpa edilmiş, Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri tikilib istismara verilmiş, şaxələndirilmiş etibarlı ixrac neft-qaz kəmərləri sistemi yaradılmışdır. Bu gün Azərbaycan nefti və qazı 7 magistral boru kəməri vasitəsilə müxtəlif istiqamətlərdə nəql olunur. "Şahdəniz-2" layihəsi çərçivəsində, habelə son illərdə açılmış "Ümid", "Abşeron" yataqlarından, digər perspektiv strukturlardan hasil olunacaq Azərbaycan qazının Türkiyə ərazisi ilə Avropa sərhədlərinə nəql olunmasını nəzərdə tutan yeni Trans-Anadolu Təbii Qaz Boru Xəttinə (TANAP) dair ötən ilin sonlarında imzalanmış Memorandum ixrac-nəql sisteminin diversifikasiyası nöqteyi-nəzərindən xüsusi qeyd edilməlidir. Bu layihə ilə həm də iki qardaş ölkənin - Azərbaycanla Türkiyənin enerji sektorundakı uzunmüddətli əməkdaşlıq sahəsində yeni bir eranın başlanğıcı qoyulacaqdır. Təsadüfi deyil ki, beynəlxalq ekspertlər TANAP layihəsini yeni dövrün "Bakı-Tbilisi-Ceyhan"ı kimi qiymətləndirirlər.
Yeni neft strategiyası bu gün ulu öndərin
siyasi kursunun ən layiqli davamçısı, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi
ilə uğurla davam etdirilir. Regional və qlobal əhəmiyyət
daşıyan irimiqyaslı layihələrin həyata
keçirilməsində nüfuzlu beynəlxalq şirkətlərlə
tərəfdaşlıqdan zəngin müasir təcrübə
qazanılmış, yeni texnologiyalar mənimsənilmişdir.
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti
dövlət başçısı tərəfindən
qarşıya qoyulan məqsədlərə çatmaq
üçün böyük bir yol keçmişdir.
Qazanılan nailiyyətlər daim ölkə iqtisadiyyatının
flaqmanı rolunu oynamış ARDNŞ-nin inkişaf edərək
böyüməsinə, genişlənməsinə, ən əsası
isə müasirləşməsinə, beynəlxalq standartlara
uyğunlaşmaqla modern bir şirkətə çevrilməsinə
zəmin yaratmışdır. Bu gün yalnız Azərbaycanın
deyil, bütövlükdə bölgənin ən
böyük şirkəti olan ARDNŞ ölkəmizin dəniz
və quru yataqlarında həyata keçirilən
çoxsaylı neft-qaz layihələrində dövlətimizi
uğurla təmsil edir. Şirkət tərəfindən istər
birgə layihələr çərçivəsində, istərsə
də daxili imkanlar hesabına yeni-yeni perspektivli strukturlarda
axtarış-kəşfiyyat və qazma işləri
aparılır, yüksək debitli karbohidrogen yataqları kəşf
edilir. Son illərdə şirkətin beynəlxalq bazarlarda
iştirak coğrafiyası genişlənmiş, payı
artmışdır. ARDNŞ dünya bazarına təkcə
xammal yox, həm də keyfiyyətli neft-qaz emalı və neft
kimyası məhsulları ixrac edir. Şirkətin emal kompleksində
istehsal olunan məhsullar Avro-2 standartlarına tam uyğundur.
Avro-3 standartlarına keçidlə əlaqədar ciddi tədbirlər
hazırlanmışdır və planauyğun şəkildə
həyata keçirilməkdədir.
Müasir
dövrdə fəaliyyət sferasının
qloballaşması neft-qaz şirkətlərinin başlıca
xüsusiyyətlərindən sayılır. Hazırda
dünyanın neft-qaz bazarı o qədər
qloballaşmışdır ki, bir ölkənin
hüdudları çərçivəsində qapanıb
qalmaqla tanınmaq, nüfuz və müvəffəqiyyət
qazanmaq mümkün deyil. Ölkə Prezidentinin çevik,
müasir və rəqabətədavamlı bir quruma
çevrilmək tapşırığını əldə
rəhbər tutan ARDNŞ xarici ölkələrdə
investisiya proqramları həyata keçirir, cəlbedici layihələr
icra edir, inamlı addımlar atır. Xaricdəki fəaliyyətinin səmərəli
təşkili məqsədilə şirkətin 10-dan artıq
ölkədə nümayəndəlikləri təsis
edilmişdir. Ölkəmizin hüdudlarından kənarda əldə
edilən aktivlər Azərbaycan dövlətinin mülkiyyəti
olaraq respublikamızın iqtisadi gücünün möhkəmlənməsində
mühüm əhəmiyyət daşıyır.
Gürcüstanda Kulevi neft terminalı, Türkiyədə
"Petkim" neft-kimya holdinqi, İsveçrədə
"SOCAR-Trading" kimi müəssisələr bir tərəfdən
ölkəmizə iqtisadi dividendlər gətirir, digər tərəfdən
beynəlxalq aləmdə ARDNŞ-nin tanınmasında,
işgüzar nüfuz qazanmasında əvəzsiz rol
oynayır. Artıq 3 ildir, Gürcüstanın qaz təchizatı
sisteminin idarəçiliyi şirkət tərəfindən
müvəffəqiyyətlə həyata keçirilir. Ötən
il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
və Türkiyə Cümhuriyyətinin Baş naziri Rəcəb
Tayyib Ərdoğanın iştirakı ilə İzmirdə
ARDNŞ-nin daha bir layihəsinə start verildi - "STAR" neft emalı zavodunun təməli
qoyuldu. İllik məhsuldarlığı 10 milyon ton həcmində
nəzərdə tutulan bu zavod istismara verildikdən sonra, ilk
növbədə, "Petkim" neft-kimya kompleksinin xammala tələbatı
ödəniləcək, istehsal edilən məhsulların
qalan hissəsi isə Türkiyə bazarında
reallaşdırılacaqdır. Hazırda Türkiyə
neft-kimya sektorunun ən böyük müəssisəsi olan
"Petkim" bu bazarda 25-27 faiz paya malikdir. Yeni zavodun işə
düşməsi kompleksin illik istehsal gücünü 6 milyon
tona, qardaş ölkənin neft-kimya sektorunda malik olduğu
payı isə 40 faizədək yüksəltməyə imkan
verəcəkdir. Holdinqə məxsus limanın genişləndirilməsi
istiqamətində də işlər uğurla davam etdirilir. Bu
gün artıq deyə bilərik ki, ARDNŞ-nin idarəçiliyində
olan "Petkim"in tezliklə bütün regionda neft-kimya sənayesinin
liderinə çevrilməsi üçün bütün
addımlar atılmışdır.
Azərbaycanın
çox qiymətli təbii sərvəti olan neft bu gün əsl
mənada onun nurlu gələcəyinin təminatçısına
çevrilmişdir. Neftdən gələn gəlirlər əməkhaqları
və təqaüdlərin, əhalinin aztəminatlı təbəqələrinə
müxtəlif sosial müavinətlərin ödənilməsində,
eləcə də ölkədə genişhəcmli
sosial-iqtisadi proqram və layihələrin həyata
keçirilməsində başlıca maliyyə
qaynağıdır. Ulu öndər Heydər Əliyev daim
tövsiyə edirdi: "Neft təkcə indiki nəslə
deyil, həm də gələcək nəsillərə məxsusdur.
Bu zəngin təbii sərvətdən son dərəcə səmərəli
şəkildə, qənaətlə, hər bir ölkə vətəndaşının
mənafeyi naminə istifadə olunmalıdır". Bu fikri
öz fəaliyyətində rəhbər tutan Azərbaycan
Prezidenti İlham Əliyev Neft Fondunun fəaliyyətini daim nəzarətdə
saxlayır, onun gələcək nəsillər
üçün saxlanılması məqsədilə
lazımi tədbirlər həyata keçirir. Xarici tərəfdaşlarla
birgə layihələr çərçivəsində Azərbaycan
dövlətinə ödənilən bonuslar, vergi
rüsumları, digər maliyyə ayırmaları bu fondda
toplanır və effektiv idarə olunur. Azərbaycan Dövlət
Neft Fondu dünyanın bu qəbildən olan təşkilatları
arasında şəffaflıq baxımından öncül
yerlərdən birini tutur. Neft gəlirlərinin insan
kapitalına transformasiyası, sanballı ictimai sərmayə
mənbəyinə çevrilməsi həm Neft Fondu, həm
dövlət büdcəsi, həm də ARDNŞ-nin maliyyə
imkanları vasitəsilə paralel şəkildə davamlı
olaraq həyata keçirilir. Bu gün ARDNŞ ölkənin ən
böyük vergi ödəyicisidir. Sosial məsuliyyətini
daim dərindən dərk edən şirkət büdcə
ödəmələri ilə yanaşı, öz mənfəət
gəlirləri hesabına ölkədə aparılan
sosial-iqtisadi inkişaf proqramlarında, o cümlədən
yoxsulluğun azaldılması, işsizliyin aradan qaldırılması
məqsədi daşıyan proqramlarda, digər mədəni,
elmi və ekoloji proqramların həyata keçirilməsində
yaxından iştirak edir və mübaliğəsiz demək
olar ki, bütün bu prosesdə aparıcı rol
oynayır.
Ölkə
rəhbərinin sərəncamı ilə təsdiq edilmiş
"2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin
ərzaq məhsulları ilə etibarlı təminatına
dair Dövlət Proqramı"na əsasən həyata
keçirilən Azot gübrəsi-karbamid istehsalı zavodu
ARDNŞ tərəfindən inşa olunur. Təməli 2011-ci
ilin dekabrında dövlət başçısı cənab
İlham Əliyev tərəfindən Sumqayıtda, "Azərikimya"
İstehsal Birliyinin ərazisində qoyulmuş zavodun tikinti
işləri müasir texnologiyalar əsasında
2012-2014-cü illər ərzində həyata keçiriləcək.
Ammonyak istehsalı, karbamid mayesi və əmtəəlik
karbamid istehsalı bölmələrindən ibarət olacaq
zavodda sutkada 1200 ton ammonyak və 2000 ton karbamid istehsal edilməsi
nəzərdə tutulur. Bu layihənin həyata keçirilməsi
ilə ARDNŞ ölkə iqtisadiyyatının əsas
sektorlarından olan kənd təsərrüfatının
inkişafına böyük dəstək verəcəkdir.
Son illər
ölkəmizdə ekoloji hərəkat geniş vüsət
alıb. Ətraf mühitin -torpağın, havanın, suyun, o
cümlədən Xəzər dənizinin çirklənmədən
qorunması xüsusi aktuallıq kəsb edir. ARDNŞ mədən
ərazilərinin, habelə dənizin Azərbaycan sektorunun
neft və neft məhsulları ilə çirklənməsinin,
havaya istixana effekti verən qazların atılmasının
qarşısının alınması üzrə həyata
keçirilən ekoloji layihələrdə də yaxından
iştirak edir. Mədənlərdə ətraf mühitin qorunmasına nail
olunmuş, keçmişdən miras qalmış problemlərin
həlli üzrə kamil proqramlar hazırlanaraq ardıcıl
şəkildə həyata keçirilir. Respublikamızda təbiətə
daha sağlam və həssas münasibətin
formalaşdırılması məqsədilə Ekoloji
parkın yaradılması, neft və qaz emalı
zavodlarının Bakıdan kənara köçürülməsi
üzrə hazırlıq işlərinin yekunlaşmaqda
olması, "Ağ şəhər" layihəsi çərçivəsində
görülən tədbirlər bu istiqamətdə şirkətin
potensialının böyük olduğunu göstərir.
ARDNŞ qarşıdakı illərdə ekoloji proqramlarda
iştirakını daha da artıracaqdır.
Dövlət
Neft Şirkəti yerinə yetirdiyi sosial layihələrdə
yeni, daha müasir standartlar yaradılmasına daim xüsusi
diqqətlə yanaşır. "Azərbaycan Respublikası
regionlarının sosial-iqtisadi inkişafı Dövlət
Proqramına (2004-2008-ci illər)" və "Azərbaycan
Respublikası regionlarının sosial-iqtisadi
inkişafının sürətləndirilməsinə dair əlavə
tədbirlər Proqramı"na əsasən, ARDNŞ-nin
maliyyə vəsaiti hesabına Lənkəran, Şirvan,
Naxçıvan, Bərdə, Gəncə, Qazax, Qəbələ,
Zaqatala, Quba, Şamaxı, Cəlilabad və digər şəhərlərdə
tikilib istifadəyə verilmiş regional müalicə-diaqnostika
mərkəzləri buna bariz nümunədir. Azərbaycan səhiyyəsinin
inkişafında bütöv bir mərhələ
açmış, bölgələrimizə yeni səhiyyə
xidməti mədəniyyəti gətirmiş bu mərkəzlər
funksionallığı, memarlıq quruluşu etibarilə də
fərqlənərək tibbi personalın pozitiv və məqsədyönlü
fəaliyyəti nəticəsində qısa bir zamanda ölkə
əhalisinin böyük etimadını qazanmışdır.
Avropa, Amerika və Yaponiyanın bu sahədə
tanınmış şirkətlərinin istehsalı olan ən
müasir tibbi avadanlıqlarla təchiz edilmiş regional
müalicə-diaqnostika mərkəzlərində
vaxtaşırı olaraq Mərkəzi Neftçilər Xəstəxanasının
yüksək səviyyəli mütəxəssislərinin
iştirakı ilə unikal cərrahi-diaqnostik əməliyyatlar
təşkil olunmuş, transplantoloji əməliyyatlar
aparılmışdır. Cari ilin əvvəlinədək ARDNŞ-nin
balansında olan səhiyyə ocaqları, habelə uşaq
bağçaları və mədəniyyət sarayları
Nazirlər Kabinetinin qərarı ilə müvafiq icra hakimiyyəti
orqanlarının tabeçiliyinə verilmişdir.
Şirkət,
eyni zamanda, ölkədə təhsil sisteminin
inkişafını diqqət mərkəzində saxlayır,
gənc neftçi mütəxəssislərin
hazırlanması məqsədilə müxtəlif təqaüd
proqramları həyata keçirir. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı
ilə ARDNŞ-nin nəzdində Bakı Ali Neft Məktəbinin
ən yüksək dünya standartları səviyyəsində
yaradılması və tezliklə beynəlxalq miqyasda
tanınması üçün ciddi hazırlıq gedir,
ABŞ, İngiltərə və Avropa ölkələrinin
nüfuzlu universitetləri ilə əməkdaşlıq
qurulur, danışıqlar aparılır. Eyni zamanda, ölkəmizdə
orta və ali təhsilin, fundamental elmin maddi-texniki
bazasının möhkəmləndirilməsi istiqamətində
şirkət tərəfindən son illərdə həyata
keçirilən fəaliyyətlər də uğurla davam
etdirilir. Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin
deputatı, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın
bilavasitə təşəbbüsü və rəhbərliyi
ilə reallaşdırılan "Yeniləşən Azərbaycana
yeni məktəb" proqramına mühüm töhfələr
verən ARDNŞ tərəfindən indiyədək Balakən,
Zaqatala, Lerik, Qusar, Goranboy, Ağsu, Göygöl rayonlarında
və Bakı şəhərində onlarca yeni məktəb binası
inşa edilmiş, əsaslı təmir olunmuş, müasir səviyyədə
komplektləşdirilmişdir. Şirkət bundan sonra da Azərbaycanın
sosial-iqtisadi inkişaf proseslərində fəal iştirak edərək
təhsilin, səhiyyənin, elmin, mədəniyyətin,
idmanın yüksəlişinə sərmayə yatırmaqda
davam edəcəkdir. Çünki bu fəaliyyətin hədəfi
Azərbaycanın daha işıqlı gələcəyi,
xalqımızın maddi rifahının durmadan yüksəlməsidir.
Müasirləşmə
və xalqın həyat səviyyəsinin yüksəlişi
dinamik, fasiləsiz proseslər olub Azərbaycanda ilbəil daha
böyük vüsət alan davamlı inkişafın
başlıca məzmununu təşkil edir. Ölkəmizin
müdrik rəhbəri, möhtərəm Prezident İlham Əliyevin
təşəbbüsü və rəhbərliyi ilə
respublikanın hər yerində sürətlə aparılan
genişmiqyaslı quruculuq işləri bütün dünyaya
nümayiş etdirir ki, inkişafın Azərbaycan modeli təsadüfi
xarakter daşımır, əsası ulu öndər Heydər
Əliyev tərəfindən qoyulmuş tərəqqi
strategiyasının məntiqi nəticəsidir və
bütün bunlar hələ uzun zaman bundan sonra da beynəlxalq
birliyin diqqətini cəlb edəcəkdir.
Rövnəq ABDULLAYEV,
Milli Məclisin deputatı,
ARDNŞ-nin prezidenti
Azərbaycan.- 2012.- 9 may.- S. 7.