Həmrəyliyə
aparan yol
31 dekabr - milli birliyimizin təcəssümü, Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür. Bu bayram planetin müxtəlif ölkələrində yaşayan soydaşlarımızın və həmvətənlərimizin respublikamızla əlaqələrinin daha da möhkəmləndirilməsi, dünya azərbaycanlıları arasında birliyin və həmrəyliyin yaradılması işində mühüm rol oynamaqdadır.
Soydaşlarımızın müstəqil dövlətimiz və vahid məqsəd ətrafında birləşdirilməsi ideyası XX əsrin sonunda milli tariximizin ən parlaq səhifələrini yaradan Heydər Əliyevin adı ilə bağlıdır. Bu məsələdə xüsusi həssaslıq nümayiş etdirərək azərbaycançılıq ideyasının reallaşması istiqamətində ilk addımı məhz ulu öndər atmışdır. Onun təşəbbüsü ilə dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan olunması milli diasporun formalaşmasında, xarici ölkələrdə Azərbaycan lobbisinin inkişafında başlıca məqamlardan biri olsa da, təəssüf ki, müstəqilliyimizin bərpasının ilk illərində dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşdirilməsi ilə bağlı dövlət siyasəti yürüdülmədi.
Ulu öndərin həyatının hər bir dövrü Azərbaycanın yüksəlişi, onun beynəlxalq aləmdə daha böyük nüfuz qazanması mərhələsi olmuşdur. Onun Naxçıvanda yaşadığı və fəaliyyət göstərdiyi illər isə ölkəmizin taleyində mühüm bir mərhələyə çevrilmişdir.
XX əsrin 90-cı illərinin əvvəlində - Azərbaycan üçün həyati əhəmiyyət daşıyan mürəkkəb ictimai-siyasi proseslərin getdiyi bir vaxtda Heydər Əliyevin Naxçıvanda fəaliyyət göstərməsi Azərbaycanı bir dövlət kimi məhv etmək istəyən daxili və xarici düşmənləri təşvişə salmışdı. O dövrkü iqtidar isə Naxçıvanı informasiya blokadasında saxlayır, Heydər Əliyevi ölkədə cərəyan edən siyasi proseslərdən təcrid etməyə çalışırdı. Belə bir vaxtda 1991-ci il sentyabrın 3-də Naxçıvan əhalisinin təkidi ilə Heydər Əliyev muxtar respublikanın Ali Məclisinə sədr seçildi. Heydər Əliyevin Naxçıvana rəhbərlik etməsi Azərbaycanın bu qədim guşəsinin erməni işğalından xilas olmasında əsas rol oynadı. O, erməni qəsbkarları ilə gedən döyüşlərdə ağır itkilər verən Naxçıvana mənəvi dayaq oldu.
Belə bir mürəkkəb vaxtda - 1991-ci il dekabrın 16-da Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan parlamenti 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan olunması barədə qərar qəbul etdi. Bu tarixi qərarın qəbul olunmasının canlı şahidi kimi deyə bilərəm ki, bu hadisənin öz tarixçəsi var.
Belə ki, XX əsrin 80-ci illərinin sonunda Naxçıvan Muxtar Respublikası keçmiş İttifaqda real vəziyyəti nəzərə alaraq kifayət qədər cəsarətli və müstəqil qərarlar qəbul etmək iqtidarında olan ərazi vahidi imici qazanmışdı. Bu dövrdə erməni separatçılarının Dağlıq Qarabağda törətdikləri vəhşiliklər, respublika rəhbərliyinin naşılığı ölkəni böhran həddinə gətirib çıxarmışdı. Hər tərəfdən blokadaya alınmış Naxçıvanda isə böyük gərginlik hiss olunurdu. Muxtar respublikanın sadə əmək adamları, ziyalıları düşdükləri bu vəziyyəti İranda, Türkiyədə yaşayan soydaşlarına çatdırmaq üçün yollar arayırdılar. Lakin o dövrdə Naxçıvanın xarici dövlətlərlə sərhədləri imperiya qoşunları tərəfindən qorunurdu. Tikanlı sərhəd məftillərini aşıb keçmək heç də asan deyildi.
Respublikanın o dövrkü rəhbərliyi Naxçıvana heç bir yardım göstərmir, Moskva isə burada cərəyan edən hadisələrə ciddi yanaşmırdı. Bütün bunlar 1989-cu ilin sonunda Naxçıvanda "Sərhəd hərəkatı"nın yaranmasına gətirib çıxardı. Əhali nəyin bahasına olursa-olsun tikanlı məftilləri söküb sərhədin o biri tayında yaşayan həmvətənləri, qohumları ilə ünsiyyət yaratmaq istəyirdi. Mərkəz isə bu istəyə mane olmaq üçün bütün hərbi və siyasi təsir vasitələrinə əl atdı. Ancaq onlar Naxçıvan əhalisinin iradəsi qarşısında tab gətirə bilmədilər. 1989-cu ilin noyabr-dekabr aylarında Naxçıvanda SSRİ-nin sərhədi boyunca çəkilən tikanlı çəpər əhalinin mütəşəkkil iştirakı ilə söküldü.
70 il ərzində Sovet imperiyası adlı həbsxanaya bənzər bir məmləkətdə yaşayan əhali ilk dəfə olaraq qonşu dövlətlərdəki soydaşları ilə əlaqə saxlamaq imkanı əldə etdi. Bu hadisə bütün azərbaycanlıların həmrəylik bayramına çevrildi. Muxtar respublikadan başlayıb Azərbaycanın digər sərhəd rayonlarına da keçən bu sərhəd hərəkatına SSRİ-nin və Azərbaycanın o dövrkü kommunist rəhbərliyi, hərbi dairələr ləkə yaxaraq onu antidemokratik, bir qrup ekstremistin, cinayətkar ünsürün əməli kimi qiymətləndirir, dünya ictimaiyyətinin gözündən salmağa çalışırdı. Kütləvi informasiya vasitələri sərhədlərin sökülməsini vəhşilik adlandırır, nəyin bahasına olursa-olsun xalqın iradəsini qırmağa cəhd göstərirdilər. Ancaq dünya ictimaiyyətinin bu prosesə təbii birləşmə meyli kimi baxması və müdafiə etməsi bu mürtəce təbliğatın qarşısını qismən aldı.
Keçən əsrin 80-ci illərinin sonunda Naxçıvanda baş vermiş bu hadisə dünya azərbaycanlılarının həmrəyliyi ideyasının reallaşması istiqamətində atılan ilk addım oldu. Heydər Əliyevin Dünya azərbaycanlılarının I qurultayının keçirilməsi haqqında imzaladığı 23 may 2001-ci il tarixli sərəncamda bu barədə belə deyilir:
"Öz doğma yurdunda yaşayan azərbaycanlılar başqa ölkələrdə məskunlaşmış həmvətənləri ilə həmişə maraqlanmış, onlarla əlaqələr yaratmaq arzusu ilə yaşamışlar. Lakin keçmiş sovet dövlətinin qadağaları bu arzunun həyata keçirilməsinə imkan verməmişdir. Sovet rejiminin zəifləməyə başladığı 80-ci illərin sonlarında Azərbaycan xalqı öz həmvətənləri ilə əlaqələr yaratmaq üçün səylərini artırdı. Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 16 dekabr 1991-ci il tarixli qərarı ilə həmin səylərin böyük əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi. Sonra bu bayramın bütün ölkədə rəsmi qeyd edilməsi barədə Azərbaycan Respublikasının Ali Soveti də qərar qəbul etdi. Beləliklə, 1991-ci ildən etibarən Azərbaycanda hamımız üçün əziz bir bayram olan 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü təntənə ilə qeyd olunur. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır".
SSRİ sərhədlərinin Azərbaycana aid hissəsində sökülməsi Moskvanı bərk hiddətləndirmişdi. Belə bir vaxtda Mərkəz Azərbaycan xalqının azadlıq istəyini boğmaq üçün imperiya qoşunlarını Bakıya yeridərək 20 Yanvar qırğınını törətdi.
Bu faciəyə qədər artıq Naxçıvanın Ermənistanla 300 kilometrlik sərhədində ermənilər rus qoşunlarının köməyi ilə muxtar respublikaya hücuma keçmişdilər. Heç kimdən kömək görməyən, blokadaya alınmış Naxçıvanda həmin il yanvarın 19-da xalqın tələbi ilə muxtar respublikanın Ali Sovetinin sessiyası çağrıldı. Sessiyada muxtar respublikanın Sovet İttifaqının tərkibindən çıxması haqqında qərar qəbul olundu. Bu, keçmiş İttifaqda misli görünməmiş bir hadisə idi. Həmin dövrdə Naxçıvanda baş verən hadisələr sonralar Heydər Əliyevin "Naxçıvan Muxtar Respublikasının 75 illiyinin keçirilməsi haqqında" fərmanında belə xarakterizə olunurdu:
"XX əsrin 90-cı illərində SSRİ-nin dağılması nəticəsində yaranmış şəraitdən istifadə edən Ermənistan dairələri Azərbaycana, o cümlədən Naxçıvana qarşı öz ərazi iddialarını artıq müharibə yolu ilə gerçəkləşdirmək qərarına gəldilər. Naxçıvan çətin sınaqlar qarşısında qaldı. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakıya hücumundan 8 saat əvvəl sovet qoşun birləşmələri və erməni silahlı dəstələri Naxçıvan Muxtar Respublikasına hücum etmiş, qan tökülmüş və erməni quldur dəstələri Naxçıvan Muxtar Respublikasının Kərki kəndini işğal etmişdir.
Məhz belə ağır şəraitdə Naxçıvan əhalisi böyük mərdlik və yenilməzlik nümayiş etdirərək Azərbaycanın bu qədim torpağını ermənilərin işğalı təhlükəsindən xilas etdi və onun muxtariyyət statusunu qoruyub saxladı. Milli istiqlaliyyət uğrunda mübarizə yollarında o zaman Naxçıvanın atdığı cəsarətli addımlar bütün Azərbaycan xalqı tərəfindən böyük rəğbətlə qarşılanaraq dəstəkləndi və respublikada gedən siyasi proseslərə öz müsbət təsirini göstərdi".
Heydər Əliyevin Naxçıvanda yerləşən sovet ordusunun hissə komandanlıqları və Rusiya dövlətinin rəhbərliyi ilə apardığı gərgin danışıqlar nəticəsində 75-ci motoatıcı diviziya və 441-ci sərhəd dəstəsi öz əmlaklarını Azərbaycan Silahlı Qüvvələrinə təhvil verərək Naxçıvan ərazisini tərk etdilər.
Tezliklə Heydər Əliyev blokadada olan Naxçıvanın vəziyyətini yüngülləşdirmək üçün Türkiyə və İranla əlaqələr yaratdı. 1992-ci il martın 24-də Naxçıvan Muxtar Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında əməkdaşlıq protokolu, həmin ilin avqustunda isə İran İslam Respublikası ilə müxtəlif sahələrdə əməkdaşlıq haqqında sənəd imzalandı. Naxçıvan aeroportu yenidən quruldu. Culfa və Şahtaxtı - Poldəşt keçid məntəqələri inşa olundu. Muxtar respublika üçün həqiqətən həyati əhəmiyyət kəsb edən, xalq arasında "Ümid körpüsü" adlandırılan Sədərək körpüsü tikildi.
Heydər Əliyevin Naxçıvana rəhbərlik etdiyi dövrdə respublikamızın bu bölgəsi bütün Azərbaycan üçün milli azadlıq və milli birlik nümunəsi göstərdi. O, xaos və təhlükələr, kəskin ictimai narazılıqlar və qarşıdurmalar, dövlət çevrilişləri dövrünü yaşayan ölkəmiz üçün ümid yerinə çevrildi.
Heydər Əliyevin 1993-cü ildə xalqın təkidi ilə Azərbaycan Respublikasında hakimiyyətə qayıdışından sonra ölkədə davamlı sabitlik və dayanıqlı iqtisadi tərəqqinin əsası qoyulmaqla yanaşı, milli birliyə nail olundu, azərbaycançılıq anlayışı milli təfəkkür tərzinə çevrildi, Azərbaycan dünyanın ayrı-ayrı ölkələrində məskunlaşmış soydaşlarımız üçün mənəvi dayaq və güvənc yeri oldu. Məhz buna görə ən yeni tariximizdə dünya azərbaycanlılarının milli həmrəyliyinə nail olunması ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı əvəzsiz xidmətlərindən biridir.
Heç də təsadüfi deyil ki, azərbaycanlıların həmrəyliyinin həm ölkəmiz üçün, həm də dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız üçün xüsusi əhəmiyyət kəsb etdiyini düzgün dəyərləndirən Heydər Əliyev xaricdəki azərbaycanlıların birliyi və təşkilatlanması məsələlərini daim diqqət mərkəzində saxlayırdı.
2001-ci il noyabrın 9-10-da Bakıda keçirilən Dünya azərbaycanlılarının I qurultayı milli həmrəyliyimizin əzəmətli nümayişi oldu. Ümummilli liderin təşəbbüsü ilə keçirilmiş bu qurultay dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın və həmvətənlərimizin müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, dünya azərbaycanlıları arasında birliyin, həmrəyliyin təmin olunması, habelə Azərbaycan icmalarının, cəmiyyət və birliklərinin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsi üçün şərait yaratdı.
I qurultaydan sonra diaspor təşkilatlarının fəaliyyətində canlanma yarandı, soydaşlarımızın birləşdiyi cəmiyyətlər dünyanın hər yerində daha aktiv fəaliyyət göstərməyə başladılar. Diaspor hərəkatı sahəsində dövlət siyasətini daha səmərəli həyata keçirmək məqsədilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla iş üzrə Dövlət Komitəsi (indiki Diasporla iş üzrə Dövlət Komitəsi) yaradıldı. Milli Məclis isə "Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında" qanun qəbul etdi. Dövlət komitəsinin yaradılması və qanunun qəbulu dünya azərbaycanlılarının milli birliyi və təşkilatlanması prosesini daha da sürətləndirdi, soydaşlarımızın tarixi Vətənlə əlaqələrinin genişləndirilməsini təmin etdi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına stimul verdi.
Ulu öndərin milli birlik və azərbaycançılıq ideyaları bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısı dünya azərbaycanlılarının həmrəyliyinə verdiyi töhfələrlə, ölkə hüdudlarından kənarda yaşayan soydaşlarımızda milli ruhun yüksəldilməsinə çalışmaqla, bu sahədə məqsədyönlü fəaliyyətin ideoloji-siyasi konturlarını müəyyənləşdirməklə bütün dünya azərbaycanlılarının dərin rəğbətini qazanmışdır.
Prezident İlham Əliyev Azərbaycan diasporunun fəaliyyətini keyfiyyətcə yeni, daha yüksək səviyyəyə qaldırmaq üçün yeni-yeni addımlar atır. Bu məqsədlə 2006-cı il fevralın 8-də Bakı şəhərində Dünya azərbaycanlılarının II qurultayının keçirilməsi haqqında sərəncam imzalandı. Həmin il martın 16-da ölkə Prezidentinin iştirakı ilə Heydər Əliyev adına sarayda Dünya azərbaycanlılarının II qurultayının keçirilməsi diaspor quruculuğu sahəsinə xüsusi diqqətin bariz nümunəsi oldu. Qurultayda Azərbaycan diasporunun hazırkı vəziyyəti müzakirə edilmiş, bu sahədə çalışan təşkilatların fəaliyyətlərinin əlaqələndirilməsi işinin təkmilləşdirilməsi, ölkə həqiqətlərinin, xalqımıza qarşı törədilmiş terror və soyqırımı aktlarının dünya ictimaiyyətinə çatdırılmasının daha müasir metodlarının hazırlanması, digər xalqların diaspor təşkilatları ilə əlaqələrin gücləndirilməsi məsələləri önə çəkildi. Qurultay ölkəmizdə 1993-cü ildən başlanan diaspor quruculuğu siyasətinin yeni mərhələyə qədəm qoyduğunu təsdiqlədi.
Bu tədbir diaspor quruculuğu işinə və milli həmrəyliyimizin möhkəmlənməsinə yeni təkan verməklə ötən illərin əlamətdar hadisələrindən biri kimi yadda qaldı.
Dünya azərbaycanlılarının 2011-ci il iyunun 4-də Bakıda keçirilmiş III qurultayı isə ölkədə uğurla həyata keçirilən diaspor quruculuğu siyasətinin ardıcıl və sistemli xarakter daşıdığını, yeni dünya nizamının geosiyasi reallıqlarına cavab verdiyini nümayiş etdirdi. Ümumilikdə dünyanın 42 ölkəsindən 579 nümayəndənin, o cümlədən 30 ölkədən 211 nəfər qonağın iştirak etdiyi ali tədbir azərbaycanlıların vahid və monolit qüvvə kimi təşkilatlanması prosesinin ölkənin xarici siyasətində prioritet istiqamətlərdən birinə çevrildiyini göstərdi.
Qurultayda Azərbaycan Prezidenti cənab İlham Əliyev açılış nitqində diaspor təşkilatları üçün əsas hədəfləri göstərərək dedi:
"Birinci qurultaydan keçən dövrdə, yəni 10 il ərzində böyük işlər görülübdür, təşkilatların sayı artıbdır. Beş il əvvəl 336 diaspor təşkilatımız var idisə, hazırda onların sayı 416-ya çatıbdır. Bu, çox vacibdir. Ancaq eyni zamanda, kəmiyyət bu məsələ ilə əlaqədar, bəlkə də, həlledici rol oynamır. Mən çox şadam ki, diaspor təşkilatlarımız keyfiyyət baxımından da güclənir, onların fəaliyyəti daha da məqsədyönlüdür, daha da təsirlidir. Müxtəlif ölkələrdə bizim diaspor təşkilatları tərəfindən keçirilmiş aksiyalar onu göstərir ki, istənilən yerdə təşkilatlarımız öz fikrini, öz etirazını, yaxud da ki, öz dəstəyini göstərə bilərlər".
Dünya azərbaycanlılarının III qurultayı göstərdi ki, Azərbaycanın inamla irəliləyərək iqtisadi artım tempinə görə dünyanın lider dövlətinə çevrilməsi, Cənubi Qafqazda əsas söz və nüfuz sahibi kimi çıxış etməsi dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimizi daha da ruhlandırdı, onların müstəqil dövlətin xoşbəxt sabahına inamını artırdı.
Bu siyasətin məqsədyönlü davamı kimi ölkə rəhbərinin təşəbbüsü ilə Azərbaycan və türk diasporları rəhbərlərinin I Bakı forumu, Türk dövlət və cəmiyyətlərinin XI dostluq, qardaşlıq və əməkdaşlıq qurultayı keçirildi. Bu tədbirlərdə ümumi mənafelər naminə birgə fəaliyyətin əsas istiqamətləri barədə geniş fikir mübadiləsi aparıldı.
Milli birlik və azərbaycançılıq ideyalarını layiqincə davam etdirən Prezident İlham Əliyevin hər il Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində soydaşlarımıza ünvanladığı təbriklər ümummilli lider Heydər Əliyevin siyasi ideyalarına əsaslanan milli həmrəylik siyasətinin dövlət səviyyəsində də çox böyük uğurla həyata keçirildiyini nümayiş etdirir.
Qədirbilən xalqımız ulu öndərin adı ilə bağlı olan Dünya Azərbaycanlılarının Həmrəylik Gününü öz mədəniyyətinə, ənənəsinə, tarixi köklərinə xas olan ən xoş amal və duyğularla keçirir. Bu bayram ildən-ilə daha geniş vüsət taparaq ürəklərdə vətən eşqi, milli və mənəvi birlik, həmrəylik hissləri bəsləyən hər bir soydaşımız tərəfindən güclü dəstək alır. Bu həmrəylik ölkəmizin dayanıqlı və sabit inkişafının təminatçısına çevrilməklə ondan bəhrələnir və öz miqyasını genişləndirərək keyfiyyətcə müasirləşir.
Eldar
İBRAHİMOV,
Milli Məclisin
Aqrar
siyasət komitəsinin
sədri
Azərbaycan.- 2012.- 9 may.- S. 8.