O illəri tez-tez xatırlayıram

 

Mən sadə əmək adamı, adi kəndliydim. Qaynar gəncliyim əmək meydanında, torpaqla  ünsiyyətdə keçib. Məni şöhrət zirvəsinə ucaldan isə xalqın böyük oğlu Heydər Əliyev olub. 

Heydər Əliyevli günləri, illəri tez-tez xatırlayıram. O böyük insanın qarşısında saysız-hesabsız çıxışlar etmişəm. Sabirabadın mərkəzindəki möhtəşəm mədəniyyət sarayını Heydər Əliyev tikdirib. Özü də açılışını edib.

Yaxşı yadımdadı, 1979-cu ilin pambıq yığımı vaxtı idi. Heydər Əliyev rayonumuza gəlmişdi, mənim briqadamda da oldu, bizimlə, pambıqçı qızlarla söhbətləşdi, çayımızı içdi. Elə həmin gün mədəniyyət sarayında zona müşavirəsi keçirildi. Mən də çıxış etdim, verdiyim sözə əməl etdiyimə görə məni nümunə çəkdi. O, polad iradəli, intizamlı və möhkəm yaddaşlı dahi bir insan idi. 15 dəfə rayonumuzda olmuşdu, hər gəlişində mənimlə görüşürdü, işimlə maraqlanırdı. Sosialist Əməyi Qəhrəmanı fəxri adını mənə o verib.

Nə yaxşı 90-cı illərdə onu xalqımız yenidən hakimiyyətə gətirdi. Yoxsa axırımız necə olacaqdı, onu bir Allah bilirdi. Onun sayəsində bütün torpaqlar kəndlilərə verildi, vergilərin çoxu ləğv edildi.

Heydər Əliyev hakimiyyəti dövründə işləyən zəhmət adamları sevinir, ona görə ki, o böyük  rəhbərin ölməz ideyalarını bu gün xalqımızın sevimlisi, bacarığıyla qürur duyduğumuz Prezident İlham Əliyev davam etdirir. Azərbaycan günü-gündən irəli gedir. Onun həyatda yaxın silahdaşı Mehriban xanımdan saatlarla danışaram. O, Azərbaycan qadınlarının nəyə qadir olduğunu böyük səylə bütün dünyaya  göstərir.

Televiziyada görəndə ki, dünyanın 155 ölkəsinin dəstəyi ilə Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına üzv seçildi, sevincimdən uşaq kimi ağladım. Bu, dövlət başçısının yeritdiyi uğurlu daxilixarici siyasətin nəticəsidir.

Ötən ilin mayında Prezident Sabirabada gələndə hamı onu sevinclə qarşıladı. Rəhbərimiz Sabirabada səfərdən sonra rayonumuzun inkişafı ilə bağlı bir neçə sərəncam verdi. Ulu öndər Heydər Əliyev Surra kəndi ərazisində Kür çayı üzərindən böyük körpü saldırmışdı. Prezident İlham Əliyev isə Cavad kəndi ərazisində Kür çayı üzərində daha möhtəşəm bir körpünün tikintisini gerçəkləşdirdi. Prezidentin sayəsində kəndlərimiz hazırda görmədiyi günləri yaşayır. 17 kəndə asfalt yol salınıb. Kəndlərə qaz, su çəkilir. Hansını deyim, bir deyil, beş deyil...

Rayonumuz gündən-günə abadlaşır. Qaratəpə kəndindən hər dəfə  rayon mərkəzinə gələndə bir yenilik, inkişaf görürük. Bu bizi fərəhləndirir. Deməli, doğma rayonumuz yenidən dirçəlir. Çox hörmətli Prezidentin qayğısı sayəsində həyatımız daha firavan, yaşadığımız kəndlər, şəhərlər daha abad olur.

Vaxtilə şəninə mahnı qoşulan pambıqçı Fatma yenə də təsərrüfat adamıdır. Qaratəpə kəndində bələdiyyə sədri olmaqla yanaşı, həm də fərdi təsərrüfat işləri ilə məşğul oluram. Pambıq istehsalında yenə də öndəyəm. Bələdiyyəmiz bütün içtimai işlərdə qabaqda gedir. Camaatımızın hər bir probleminə diqqət və qayğı ilə yanaşır, onu ən qısa müddətdə aradan qaldırmağa çalışırıq.

 

 

Fatma HÜSEYNOVA

 

Sabirabad rayonundakı Qaratəpə kənd bələdiyyəsinin sədri, Prezident təqaüdçüsü

 

Azərbaycan.- 2012.- 9 may.- S. 9.