Dünya şöhrətli The Business Year jurnalının Azərbaycana aid növbəti xüsusi buraxılışının təqdimatı olmuşdur

 

Mayın 8-də Bakıda Prezident Administrasiyasının və "The Business Year" jurnalının təşkilatçılığı ilə nəşrin "Azerbaijan 2012" xüsusi buraxılışının ("The Business Year-Azerbaijan 2012") təqdimat mərasimi keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbirdə Azərbaycanın dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, KİV-lərin və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.

Jurnalın ölkə meneceri Bətul Çakaloğlu  "Eurovision" mahnı müsabiqəsinə həsr olunmuş buraxılışda 160-dək hökumət və adamlarının, o cümlədən Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın müsahibələrinin yer aldığını bildirmişdir. B.Çakaloğlu xüsusi buraxılışın ərsəyə gəlməsində kömək göstərmiş Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinə və digər qurumlara təşəkkürünü bildirmişdir.

Mərasimdə çıxış edən Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov ikinci dəfədir ki, bu jurnalın xüsusi buraxılışının Azərbaycana həsr olunduğunu bildirmişdir. Şöbə müdiri Azərbaycanın gənc bir dövlət olsa da, "The Business Year" kimi nüfuzlu bir jurnalın xüsusi buraxılışının ikinci dəfə ölkəmizə həsr olunmasını əhəmiyyətli hadisə kimi qiymətləndirmişdir. Əli Həsənov ölkəmizin dünyanın diqqət mərkəzində olduğunu vurğulamışdır. Bildirmişdir ki, Azərbaycan ötən il BMT Təhlükəsizlik Şurasına üzv seçilmiş və hazırda ona sədrlik etməkdədir. Azərbaycan Prezidenti BMT-nin ali tribunasından sədr kimi dünyada gedən qlobal proseslərə, Cənubi Qafqazda ermənilərin həyata keçirdiyi işğalçılıq, terrorçuluq siyasətinə, azərbaycanlılara qarşı törətdiyi soyqırımı aktlarına qarşı fikirlərini birbaşa səsləndirmişdir. Prezidentin nitqinin bütün dünyaya canlı yayıldığını vurğulayan şöbə müdiri, bunun artıq Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun sübutu olduğunu demişdir.

Əli Həsənov ölkəmizin artıq iki ildir dünyanın diqqət mərkəzində olduğunu, bütün beynəlxalq aləmin  nəzərlərinin "Eurovision" mahnı müsabiqəsi ilə bağlı Azərbaycana yönəldiyini, ən tanınmış ölkələrin mətbuat orqanlarının ölkəmiz haqqında informasiyalar yaydığını bildirmişdir.

Şöbə müdiri qeyd etmişdir ki, biz  milli mədəniyyətimizlə, incəsənətimizlə fəxr edirik. Çünki Azərbaycan mədəniyyəti, incəsənəti bütün zamanlarda ümumbəşəri mədəniyyət xəzinəsinə layiqli töhfələr vermişdir. Azərbaycan milli-mənəvi dəyərlər, siyasi plüralizmdini tolerantlıq baxımından bəzi Avropa ölkələrindən irəlidədir. Bunu qısqanclıqla qarşılayan bəzi qüvvələr ölkəmizin imicinə ziyan vurmağa çalışırlar.

 Ə.Həsənov qeyd etmişdir ki, "Eurovision" müsabiqəsi Azərbaycan üçün məqsəd deyil, vasitədir. Biz bu vasitə ilə Azərbaycanın mədəniyyətini, tolerantlığını dünya ictimaiyyətinə çatdırmaq istəyirik. Biz bütün dünyaya nəyə nail olduğumuzu, "Eurovision" kimi müsabiqəni yüksək səviyyədə təşkil edə bildiyimizi sübut edəcəyik. Ölkəmizə gələnlər Azərbaycanın dostları kimi geri dönəcəklər.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalın ölkəmizə həsr edilmiş xüsusi buraxılışı münasibətilə mərasim iştirakçılarını təbrik etmişdir. Jurnalın nəfis şəkildə buraxıldığını qeyd edən  nazir bildirmişdir ki, Azərbaycanı dünyada təbliği baxımından 18-20 il əvvəllə müqayisə etsək görərik ki, bu gün ölkəmiz dünyada kifayət qədər tanınır.

Ə.Qarayev dövlət başçısının  göstərişi ilə Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə dünyanın bir çox ölkələrində Azərbaycan mədəniyyəti  günlərinin keçirildiyini bildirmişdir. O, il ərzində Azərbaycanın turizm potensialı barədə məlumatların 15 ölkədə təqdim olunduğunu, ölkənin azı 10 sərgidə iştirak etdiyini diqqətə çatdırmışdır. Nazir ötən il Azərbaycana gələn turistlərin sayının 2 milyon 234 min nəfər olduğunu və turistlərin sayının 14 faiz  artdığını demişdir.

Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov qeyd etmişdir ki, Azərbaycan dünyada maliyyə böhranından şərəflə çıxan azsaylı ölkələrdən biridir. O, ölkədə yoxsulluq probleminin həllini tapdığını, yoxsulluq həddinin 8 ildə 4 dəfə azaldığını, sosial  proqramlar üzrə xərclərin 10 dəfə artdığını demişdir. E.Rüstəmov dövlət investisiyaların son 8 ildə 40 dəfə artaraq 32 milyard dollardan çox olduğunu, strateji ehtiyatların dövlət borcunu 10 dəfə üstələdiyini diqqətə çatdırmışdır. Bildirilmişdir ki, son 10 ildə əhalinin gəlirlərinin orta illik artımı 22 faiz təşkil etmiş, xarici ticarətdə tərəfdaşların sayı 2 dəfə artmışdır. Yaxın 10 ildə ölkə iqtisadiyyatının həcmi 2 dəfə artacaqdır. Bu artımla Azərbaycan yüksək gəlirli ölkələr qrupuna daxil olacaqdır.

Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov bütövlükdə Azərbaycanın, o cümlədən onun iqtisadi potensialının dünyada tanıdılması baxımından jurnalın xüsusi buraxılışının əhəmiyyətini vurğulamışdır. O qeyd etmişdir ki, Dövlət Neft Fonduna indiyədək 70 milyard dollardan artıq vəsait daxil olmuşdur. Dövlət Neft Fondu tərəfindən ölkənin sosial-iqtisadi həyatına aid çoxsaylı layihələr maliyyələşdirilmişdir.

O, hazırda fondda 32 milyard dollardan artıq vəsait mövcud olduğunu demişdir. Ş.Mövsümov Azərbaycanın, eyni zamanda beynəlxalq şəffaflıq təşəbbüsünə qoşulduğunu da bildirmişdir.

Tədbirdə çıxış edən "Gilan Holdinq" şirkətlər qrupunun təmsilçisi Rəşad Qasımov ölkədə özəl sektorun inkişafından danışmış, təmsil etdiyi şirkətin fəaliyyətindən söz açmışdır.

Jurnalın redaktoru Ceyson Nesh son illər Azərbaycanın dünyada artan nüfuzundan, iqtisadi siyasi cəhətdən əldə etdiyi nailiyyətlərdən danışmışdır. C.Nesh bütün bunları nəzərə alaraq jurnalın daha bir buraxılışının Azərbaycana həsr olunduğunu demişdir. O, xüsusi buraxılışda Azərbaycanın iqtisadiyyatı ilə yanaşı, siyasi-sosial həyatı barədə maraqlı məqalə müsahibələrin dərc olunduğunu bildirmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 9 may.- S. 10.