Rusiya və Azərbaycan dostluq körpüləri salırlar

 

Heydər Əliyev Fondunun Həştərxan torpağında layihələri

 

 Rusiyanın "İzvestiya" qəzetinin 2012-ci il 5 may tarixli nömrəsində jurnalist Natalya Tyukayevanın "Rusiya və Azərbaycan dostluq körpüləri salırlar. Heydər Əliyev Fondunun Həştərxan torpağında layihələri" sərlövhəli geniş məqaləsi dərc edilmişdir. AzərTAc məqaləni təqdim edir.

Yeni Rusiyanın beynəlxalq münasibətlərinin regionlar səviyyəsində dinamik irəliləyişi bu münasibətlərin inkişafının səciyyəvi cəhətidir. Müxtəlif - ticari-iqtisadi, elmi-texniki və humanitar sahələrdə əməkdaşlıq haqqında ikitərəfli sazişlər bağlanması Rusiya ərazilərinin təcrübəsində möhkəm yer almışdır. Bu ərazilər öz geosiyasi mövqeyinə və tarixən yaranmış ənənələrə görə qonşu xarici ölkələrlə əlaqələrin təkmilləşdirilməsi üçün geniş imkanlara malikdir. Avropadan Asiyaya gedən yolda mühüm nəqliyyat marşrutlarının kəsişdiyi məkanda yerləşən Həştərxan vilayəti Xəzər hövzəsi ölkələri ilə qarşılıqlı faydalı əlaqələri fəal inkişaf etdirir. Bu regionda onun əsas tərəfdaşlarından biri də Azərbaycandır.

 

"Biznesə xeyir-dua"

 

Azərbaycan Respublikası ilə Həştərxan vilayəti arasında tərəfdaşlıq münasibətləri qədim ənənələrə malikdir. Son onilliklərdə qarşılıqlı fəaliyyətə dair onlarca sazişprotokol imzalanmış, bu isə əmtəə dövriyyəsinin artırılmasına və iki ölkənin biznes qurumlarının inteqrasiyasına yönəlmiş bir sıra müştərək layihələri həyata keçirməyə imkan vermişdir. Həştərxanın hakimiyyət orqanları Azərbaycan ilə əlaqələrə xüsusi əhəmiyyət verir. Bunu belə bir fakt da təsdiqləyir ki, vilayətin qubernatoru Aleksandr Jilkin 2005-ci ildə bu regionun rəhbəri seçiləndən dərhal sonra özünün ilk xarici səfərini məhz Bakıya etmişdi. Elə həmin vaxt o, Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşmüşdür.

Xəzər dənizinin bioloji ehtiyatlarından birgə istifadə edilməsi və onların qorunub saxlanması, maliyyə-bank və humanitar sahələrdə qarşılıqlı fəaliyyət, təhsil və mədəniyyət sferalarında əlaqələrin inkişaf etdirilməsi - bunlar qonşuların nəzərdə tutduğu planların heçtam olmayan siyahısıdır. İlk danışıqlar zamanı Həştərxan nəqliyyat qovşağının imkanlarından ölkələrimiz arasında yük dövriyyəsinin artırılması, Həştərxan vilayətinin gəmiqayırma tərsanələrində Azərbaycanın sifarişlərinin yerləşdirilməsi üçün istifadə edilməsi layihələrini müzakirə etmək mümkün olmuşdur.

Bu ideyalar münbit torpağa düşmüş toxum kimi səmərə vermişdir: Bakı ilə Həştərxan arasında avtobus reysi açılmış, Həştərxan vasitəsilə Azərbaycandan Rusiya və Ukraynanın şəhərləri ilə dəmir yol əlaqəsi tənzimlənmiş, aviamarşrut bərpa olunmuşdur. Bakı ilə Rusiyanın Həştərxan yaxınlığındakı Olya limanı arasında bərə yolunun açılması layihəsi hərtərəfli işlənib hazırlanmaqdadır. Prezident İlham Əliyev ilə qubernator Aleksandr Jilkinin son görüşlərindən birinin yekunu kimi Azərbaycan və Həştərxan vilayəti hökumətləri arasında ticari-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında yeni saziş imzalanmışdır. Qeyd edilmişdir ki, bu saziş hər iki tərəfin biznesinə bir növ "xeyir-dua" olmalıdır.

Rəsmi səviyyədə uğurlu əlaqələr həştərxanlı sahibkarların və onların Azərbaycandan olan tərəfdaşlarının ticari-iqtisadi əməkdaşlığını fəallaşdırmağa şərait yaratmışdır: keçən ilin yekunlarına görə əmtəə dövriyyəsi 1,8 dəfə artaraq 25,7 milyon dollara çatmışdır. Azərbaycan Respublikası Həştərxan müəssisə və firmalarının məhsullarının ixracı üzrə aparıcı kontragent ölkələr beşliyinə daxildir.

 

Həştərxanda Azərbaycan xalqının ümummilli liderinə abidə

 

Bu gün Azərbaycan hökumətinin maliyyə köməyi və Heydər Əliyev Fondunun dəstəyi ilə Rusiyanın cənubunda iri sosial layihələr həyata keçirilir. Bu işdə Bakı şəhərinin Nərimanov rayonu və Ümumrusiya Azərbaycanlılar Konqresinin (ÜAK) Həştərxan şöbəsi çox fəal iştirak edir. Postsovet dövründə Həştərxanda ucaldılmış ilk abidələrdən biri Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əzəmətli tunc monumentidir. Həştərxanın mərkəzində Volqa körfəzinin yenilənmiş sahil küçəsindəki mənzərəli bağda ucaldılmış bu abidə azərbaycanlıların Həştərxana töhfəsi və xalqlarımız arasında dostluğun rəmzi olmuşdur. Azərbaycanın görkəmli siyasi xadimi Heydər Əliyev Həştərxan ilə Bakı arasında tarixən yaranmış dostluq münasibətlərinin səmərəli inkişaf etdirilməsi üçün çox iş görmüşdür. Ərazilərimiz arasında tərəfdaşlıq əlaqələrinin bərpa edilməsinin təməlini məhz Heydər Əliyev qoymuşdur.

Abidənin açılış mərasimi 2010-cu ilin payızında Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Prezidenti Dmitri Medvedevlə danışıqlar aparmaq üçün Həştərxana səfəri ilə bir vaxta düşmüşdür. O vaxt şəhərin yüzlərlə sakini İlham Əliyevi sahil küçəsində, abidənin yanında qarşılamışdı. Atasına layiq oğul olan İlham Əliyev bütün Həştərxan sakinlərinə mehriban qonşuluq və səmimiyyət, bütün azərbaycanlılara əziz olan bir insanın abidəsi üçün gözəl yer ayrılmasına görə təşəkkürünü bildirmişdir. Vilayətin rəhbəri Aleksandr Jilkin öz növbəsində demişdir: "Əminəm ki, bu abidə respublikanın Prezidentinə və millətin liderinə dərin ehtiram əlaməti, Rusiya və Azərbaycan xalqlarının dostluğuna əyani sübut olacaqdır".

Əlamətdar haldır ki, Azərbaycan tərəfi yaxınlıqdakı binaların fasadlarının yenilənməsi və bağın abadlaşdırılması işlərini də maliyyələşdirmişdir. Bu gün həmin bağ şəhərimizin bəzəyi, həştərxanlıların sevimli istirahət yerlərindən biridir. Bağın milli koloritini birinci olaraq qiymətləndirən keçən ilin may ayında keçirilmiş "Rusiya-Azərbaycan: regionlararası əməkdaşlığın yeni üfüqlərinə doğru" mövzusunda beynəlxalq forumun iştirakçıları olmuşlar. Forum çərçivəsində Heydər Əliyevin adını daşıyan bağın təntənəli açılış mərasimi olmuşdur. Buraya birinci olaraq gələnlər şəbəkəli fənərlərlə işıqlandırılan, naxışlı skamyalar qoyulmuş yaşıl xiyabanı, plitələr döşənmiş cığırları, aşağıdan işıqlandırılan gözəl fəvvarəni heyranlıqla seyr etmişlər. Bağın yaşıllaşdırılması üçün dünyanın bütün guşələrindən gətirilmiş iyirmiyə yaxın müxtəlif bitki növlərindən - mavi küknar, katalpqara şam ağaclarından, ilin bütün fəsillərində göz oxşayan qızılgüllərdən istifadə edilmişdir. İndi yeni evlənənlər buraya toy gəzintisinə gəlir, burada milli bayram şənlikləri, məktəblilərin buraxılış müsamirələri keçirilir. Bütün bunlar ona dəlalət edir ki, bu bağın açılması iki ölkə arasında münasibətlərin tarixində daha bir parlaq səhifə, Rusiya-Azərbaycan dostluğunun xoş bir əlaməti olmuşdur.

 

Dostluq körpüsü

 

Bu ilin iyun ayında Həştərxanda daha bir mühüm Rusiya-Azərbaycan layihəsi başa çatdırılacaqdır: Volqa körfəzi üzərindən salınacaq Dostluq Körpüsü Heydər Əliyev bağı ilə Birinci Pyotr meydanı memarlıq kompleksinin park zonasını birləşdirəcəkdir. Nəticədə şəhərin mərkəzi hissəsindəki mənzərəli ərazi bütünlüklə gəzinti zonasına çevriləcəkdir. Uzunluğu 50 metrdən çox, eni 6 metr olan piyada körpüsü rus və Azərbaycan milli naxışları ilə bəzədiləcəkdir. Körpünün layihələndirilməsi və tikintisi ilə əlaqədar bütün xərcləri Azərbaycan hökuməti öz üzərinə götürmüşdür. Körpü praktiki olaraq hazırdır, yalnız kommunikasiya xətlərinin qoşulması və ətraf ərazinin abadlaşdırılması qalır.

Ən yaxın planlar sırasında Azərbaycan xalqından həştərxanlılara yeni hədiyyə nəzərdə tutulur: Mələksima knyaz Vladimirin adını daşıyan məbədin yanında ona abidə ucaldılacaqdır. Heykəltəraşlar arasında müsabiqə keçirilmiş, abidənin maketi hazırlanmışdır. Tuncdan töküləcək abidənin hazırlanması üçün sifarişi yerinə yetirəcək firma artıq məlumdur.

 

 Yenilənmiş məktəb

 

Keçən ilin payızında Həştərxandakı Bakinskaya küçəsində yerləşən 11 nömrəli məktəbin həyətində təntənəli mərasimdə ilk zəng çalınmışdır. Şəhərin bu rayonunda yaşayan həştərxanlılar bu hadisəni təqribən yarım il idi ki, gözləyirdilər. Məktəbin açılış mərasimində şagirdlər və onların valideynləri ilə bərabər Azərbaycandan gəlmiş böyük nümayəndə heyəti də iştirak edirdi. Hələ 1937-ci ildə tikilmiş bu tədris müəssisəsinin yenidən qurulması işləri 2011-ci ilin may ayında başlanmışdır. Bu işlərin görülməsi ilə bağlı bütün xərcləri Azərbaycan tərəfi öz üzərinə götürmüşdür. Binada əsaslı təmir aparılmış, kommunikasiya xətləri dəyişdirilmiş, bundan əlavə iki korpus tikilmişdir. Həmin korpusların birində aktidman zalları, digərində yeməkxana yerləşir. İndi Heydər Əliyevin adını daşıyan bu məktəb şəhərdə ən yaxşı məktəblərdən biridir. 19 millətdən olan uşaqların təhsil aldığı bu məktəbə Bakı şəhərinin Hərimanov rayonu hamilik edir. Hər il məktəbin 10 nəfər əlaçı şagirdinin hər biri respublikadan 15 min rubl, ən yaxşı 5 müəllimin hər biri 30 min rubl mükafat alacaqdır. Hər il yayda məktəbin 20 şagirdi və 20 pedaqoqu Azərbaycanda istirahət edəcəkdir.

 

 Əməkdaşlığın yeni üfüqləri

 

2010-cu ildə əhalinin siyahıyaalınması məlumatlarına görə Rusiyada təqribən 600 min azərbaycanlı yaşayır. Həştərxan icması ən çox saylı və sıx birləşmiş icmalardan biridir. Bu icmanın fəaliyyəti mehriban qonşuluq münasibətlərinin möhkəmlənməsinə yönəlmişdir. Öz növbəsində həştərxanlılar da icmanın nümayəndələrinin qonaqpərvər, xeyirxah və həssas insanlar olmasını yüksək qiymətləndirirlər. Azərbaycanlılar öz namuslu əməyi ilə vilayətin iqtisadiyyatının möhkəmlənməsinə, onun elminin və mədəniyyətinin inkişafına imkan daxilində töhfə verirlər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ÜAK-ın Həştərxan bölməsinin ikitərəfli, xüsusən Bakı şəhərinin Nərimanov rayonu ilə qarşılıqlı əlaqələrin gücləndirilməsi üzrə işinin nəticələrini qiymətləndirərək xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsində xidmətlərinə görə ÜAK-ın Həştərxan şöbəsinin sədri Ədalət Hüseynovu "Tərəqqi" medalı və "Vətənə xidmətə görə" ordeni ilə təltif etmişdir.

Həştərxan ilə Bakı arasında təhsil sahəsində fəal əməkdaşlıq nizamlanır. Məsələn, hər iki şəhərin ali məktəbləri təhsil texnologiyalarını mübadilə edirlər. Həştərxanın ali məktəblərində Azərbaycandan xeyli tələbə təhsil alır. Respublika Təhsil Nazirliyinin dəstəyi ilə Həştərxan Dövlət Universitetində milli dilin öyrənilməsi üzrə fakültələr açılması planlaşdırılır.

Mədəniyyət sahəsində də sıx əlaqələr yaradılmışdır: bədii kollektivlər qarşılıqlı qastrol səfərləri edir, Azərbaycan ansamblları Həştərxanda ənənəvi beynəlmiləl NovruzSabantuy bayramlarında, vilayət festivalları və müsabiqələrində, Həştərxan vilayətinin Nərimanov rayonu günlərinin bayram edildiyi şənliklərdə iştirak edirlər.

Prezident İlham Əliyev bu yaxınlarda Bakıda Aleksandr Jilkinlə görüş zamanı bildirmişdir ki, o, Heydər Əliyev Fondunun himayəsi ilə Həştərxan torpağında müştərək layihələrin həyata keçirilməsini davam etdirmək niyyətindədir. Bundan əlavə, tərəflər maliyyə-iqtisadi sahədə əlaqələri tənzimləmək niyyətindədirlər. Həştərxanda Azərbaycan Respublikasının konsulluğu açılacaq, bu isə qarşılıqlı faydalı iqtisadi əlaqələri daha da fəallaşdırmağa imkan verəcəkdir.

 

 

Azərbaycan.- 2012.- 9 may.- S. 11.