Heydər Əliyevin əziz xatirəsi Türkiyə və bütün türk dünyasında əbədi yaşayacaqdır

 

Azərbaycanın Türkiyədəki səfirliyində ulu öndər Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə mərasim keçirilmişdir.

Mərasimdə iştirak edən Türkiyənin millət vəkilləri, ictimaiyyətin nümayəndələri, diplomatik korpusların təmsilçiləri, tələbə və müdavimlər Azərbaycan xalqının ümummilli liderinin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.

Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov çıxışında bildirmişdir ki, ulu öndərin hakimiyyətinin birinci mərhələsində - 1969-1982-ci illərdə atdığı bütün addımlar gələcəyə hesablanmışdı. Onun təşəbbüsü ilə yaradılan C.Naxçıvanski adına hərbi məktəb sonralar müstəqil Azərbaycanın Silahlı Qüvvələrinin kadr bazasını təşkil etdi. Vətəndaş müharibəsi astanasında olan ölkəmizdə xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gələn Heydər Əliyev sabitliyi bərpa etməklə yanaşı, güclü iqtisadiyyatı, ordusu, beynəlxalq nüfuzu olan Azərbaycanı yaratdı. Müstəqil və qüdrətli Azərbaycan məhz ümummilli liderin şah əsəridir. Onun layiqli davamçısı Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində bu gün ölkəmiz regionun liderinə çevrilmiş, beynəlxalq aləmdə nüfuzlu bir dövlət olmuşdur. Heydər Əliyevin qardaş Türkiyə ilə həyata keçirdiyi nəhəng layihələr - Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum boru kəmərləri ölkələrimizin rifahına xidmət edir.

Türkiyə Böyük Millət Məclisinin sabiq sədri İsmət Sezgin ulu öndərlə bağlı xatirələrini paylaşmışdır. Naxçıvanla Türkiyəni birləşdirən "Ümid" körpüsünün açılışı zamanı muxtar respublikaya səfər etdiyini xatırladan natiq vurğulamışdır ki, orada Heydər Əliyevə böyük xalq məhəbbətinin şahidi oldu. Müharibə şəraitində yaşayan insanlar bütün ümidlərini bu müdrik siyasət xadiminə bağlamışdılar. Müstəqil Azərbaycanın yaşamasını və güclü dövlətə çevrilməsini arzu edən o zamankı Türkiyə rəhbərliyi Azərbaycana rəhbərlik edənlərə Heydər Əliyevlə sıx əməkdaşlıq etməyi və onun zəngin təcrübəsindən faydalanmağı tövsiyə etmişdilər. Bu dahi şəxsiyyət türk dünyasının bütün zamanlarda yetişdirdiyi ən böyük şəxsiyyətlərdən biri kimi xalqını bəlalardan xilas etdi və möhtəşəm dövlət quruculuğunun əsasını qoydu.

Milli Məclisin deputatı, ulu öndərin həyat və fəaliyyətindən bəhs edən "Heydər Əliyev: Şəxsiyyət və zaman" kitablarının müəllifi Elmira Axundova Azərbaycan xalqının ümummilli liderinin gənclik illərində incəsənət, memarlıq, rəssamlıq və idmana olan həvəsi, Azərbaycana rəhbərlik etdiyi illərdə xarici səfərləri zamanı dünyanın aparıcı dövlətlərinin liderlərinin ona olan ehtiramından ətraflı bəhs etmişdir.

Türkiyənin Qazi Universitetinin professoru Əflatun Nemətzadə, Ankaradakı Polis Akademiyasının müdavimi Elvin Məmmədli, Ankara Universitetinin tələbəsi Huri Adilova, Türkiyə Quru Qoşunları Hərbi Məktəbinin müdavimi Nəsir Həsənov ulu öndərin və Prezident İlham Əliyevin gənclərə diqqət və qayğısından bəhs etmiş, Heydər Əliyevin qurucusu olduğu müstəqil Azərbaycana layiqincə xidmət edəcəklərini bildirmişlər.

Mərasimin sonunda ulu öndərin həyat və fəaliyyətindən bəhs edən sənədli filmin nümayişi olmuşdur.

 

 

Oqtay BAYRAMOV

 

Azərbaycan.- 2012.- 9 may.- S. 11.