Heç kim
unudulmayıb, Heç nə yaddan çıxmayıb
9 may faşizm üzərində Qələbə
Günüdür
O məktublardan çox evdə var... üçkünc, bənövşəyi mürəkkəbi saralıb sozalmış, gündə yüz kərə oxunmaqdan hərfləri az qala görünməz olmuş, zərfsiz, geriyə ünvanı olmayan cəbhə məktubları. Bizim nəsil Böyük Vətən müharibəsi haqqında filmləri izləyib kitablardan hali olsa da, evlərimizdə canlı şahidləri də az deyildi. Başqalarını bilmirəm, amma faşistləri Berlinəcən qovmuş babam o qanlı-qadalı günlərdən söhbət açmağı xoşlamazdı və "şəhərli" nəvələrinin çox təkid-israrından sonra da küysüz-filansız əlindəki iri, "trofey" alüminium parçdakı çayını qurtumlayaraq iki-üç xatirəynən "azarımızı" öldürərdi.
Bu gün Böyük Vətən müharibəsində alman faşizmi üzərində tarixi qələbədən bizi 67 illik bir zaman məsafəsi ayırır.
Tarixdə heç nə izsiz ötüşmür, heç nə unudulmur, heç bir şey yaddan çıxmır. Çünki baş verən hər bir hadisə bilavasitə insan taleləri ilə bağlıdır. Müharibənin də öz ömürlüyü vardı.
Kiminə beş il, kiminə beş gün, kiminəsə beş dəqiqə uzanan müharibə milyonlarla insanın ömrünü yarımçıq bitirdi, Sovet İttifaqı adlı böyük bir ölkənin iqtisadiyyatını iflic etdi, yüz minlərlə şəhər və kəndi viran qoydu. Lakin əzmimizi, iradəmizi, inamımızı qıra bilmədi. İnsanların 1418 gün sərasər hər səhər dirəklərə bərkidilmiş reproduktorlardan intizarla gözlədikləri qələbə müjdəsi tək sovet silahının deyil, həm də ədalət və inamın birgə qələbəsinə, çoxmillətli sovet ailəsinin qələbə uğrunda ölüm-dirim mübarizəsinin təntənəsinə çevrildi.
İkinci dünya müharibəsinin başlanması ilə Azərbaycan xalqı da ümumi vətənin müdafiəsinə qalxdı. Soydaşlarımız bütün tərəqqipərvər bəşəriyyət üçün qorxulu təhlükəyə çevrilmiş faşizm taununa qarşı hədsiz nifrət və qəzəblərini ön cəbhədə əsgəri rəşadət və qəhrəmanlıqları, arxada isə fədakar əməkləri ilə nümayiş etdirdilər.
Qələbənin əldə olunmasında Azərbaycan həm canlı qüvvəsi, həm də maddi resursları ilə müstəsna rol oynadı. Müharibənin ilk günlərində ölkəmiz ordu sıralarına 40 mindən çox oğlan və qız yola saldı. Elə bir kənd, elə bir ailə olmadı ki, məşum müharibə xəbəri onun qapısını döyməsin. Az bir müddət ərzində 186 min nəfərdən çox könüllü xalq qoşunu dəstələrinə yazıldı. Respublika ərazisində 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi təşkil edildi, 15 min nəfərlik hava hücumundan müdafiə dəstələri yaradıldı.
Müharibə illərində müttəfiq respublikalardan səfərbər olunanlar hesabına 80 milli diviziya və briqada yaradılmışdı. Azərbaycanda təşkil olunmuş 416-cı diviziya Taqanroq uğrunda döyüşlərdə, Ukraynanın və Varşavanın azad olunmasında fəal iştirak etdi. Qafqaz dağlarının ətəklərindən Berlinin Brandenburq qapılarınadək misilsiz şücaətlərlə dolu şərəfli döyüş yolu keçmiş 416-cı diviziya düşmənin 23 minə yaxın əsgər və zabitini məhv etmiş, beş mindən artıq faşisti əsir almışdı.
Azərbaycanın qəhrəman oğullarının müharibədəki rəşadəti dövlət tərəfindən layiqincə qiymətləndirildi; 125 nəfərə Sovet İttifaqı Qəhrəmanı fəxri adı verildi, 30 nəfər "Şöhrət" ordeninin hər üç dərəcəsinə layiq görüldü, 170 mindən çox əsgər və zabitimiz SSRİ orden və medalları ilə təltif edildi. Böyük Vətən mühairbəsi illərində istedadlı sərkərdə və komandirlərdən H.Aslanov, M.Əbilov, H.Hüseynov, A.Vəzirov, T.Əliyarbəyov, M.Mahmudov, A.Abbasov, C.Abdullayev və başqalarının adları xidmət etdikləri ordu və cəbhələrdə şöhrət tapmışdı. Xalqımızın qəhrəman oğulları Çexoslovakiyada, Yuqoslaviyada, İtaliya və Fransada müqavimət və partizan hərəkatlarında misilsiz igidliklər göstərmiş, adlarını həmin xalqların azadlıq salnaməsinə həkk etmişlər.
Danılmaz həqiqətdir ki, İkinci dünya müharibəsindəki qələbə Azərbaycan nefti olmadan mümkün deyildi. Həmin dövrdə neft sənayesi naziri olmuş bakılı Nikolay Baybakov deyirdi ki, "faşizm üzərində qələbə üçün Azərbaycanın etdiklərini bəlkə də heç bir respublika etməmişdir". Ulu öndər Heydər Əliyev Azərbaycanın böyük qələbəyə bəxş etdiyi bu töhfəsini belə qiymətləndirmişdir: "Əgər Bakı nefti olmasaydı, Sovetlər İttifaqının qələbəsi, bəlkə də, mümkün olmayacaqdı".
Müharibə illərində respublikamız
ölkənin başlıca yanacaq bazasına çevrilərək
75 milyon ton neft verdi. Bu
gün belə bir rəqəmin pulla ifadəsi astronomik məbləğ
edir. Düşmənə sarsıdıcı zərbələr
vuran təyyarələrin 90 faizi Bakı nefti ilə havaya
qalxırdı. Qəhrəman təyyarəçi
general-polkovnik Nikolay Antoşkin Azərbaycan Prezidenti ilə
görüşündə Bakı neftçilərinin qəhrəman
əməyindən söz açaraq minnətdarlıq hissi ilə
deyirdi: "Bakı nefti olmasaydı, qələbə də
olmazdı".
Altı
onillikdən artıqdır ki, Azərbaycanın nəsilbənəsil
dəyişən gəncliyi 1941-1945-ci illərdə əsl igidlik
nümunəsi göstərmiş veteran və şəhid
döyüşçülərin keçdiyi qəhrəmanlıq
yolunun nümunələri əsasında tərbiyə
almaqdadır. Ermənilərin zorla bizi cəlb etdikləri
Qarabağ savaşı dövründə bu mənəvi miras
xüsusilə qiymətli və ibrətamizdir.
Tarix
heç vaxt özü ilə laübalı
davranışı qəbul və təqdir etmir. Tarixin dərslərini
rədd edənlər, tarixi yaddaşı unudanlar mütləq
tarixi təcrübənin zavalına gəlirlər.
1992-93-cü illərdə ölkədəki mürəkkəb
siyasi vəziyyətdən sui-istifadə edərək hakimiyyəti
qəsb etmiş AXC-Müsavat cütlüyü də
xalqımızın öz tarixi boyu əldə etdiyi dəyərlərə
belə bir sayğısızlıq nümayiş etdirdi.
Ölkənin ziyalıları, nüfuzlu elitası ilə bərabər,
xalqın qarşısında böyük xidmətləri
olmuş müharibə iştirakçıları da ögey
münasibətlə "ənamlandırıldı". Bu
insanlar nəinki dövlətin qayğı və diqqətindən
məhrum edildilər, hətta onlara qarşı əsassız
qınaq və ittihamlar da səsləndirildi. İqtidardakı
güruhun hüquqi-mənəvi nihilizm səviyyəsinə
alçalmış arqumentlərinin kökündə belə
bir xəstə təfəkkür yer almışdı ki, əgər
İkinci dünya müharibəsində faşistlər qələbə
qazansa idilər, azərbaycanlılar almanların
bugünkü xələfləri kimi firavan və rifahlı
bir həyat sürəcəkdilər.
Həmin
güruhun hakimiyyətdə olduğu bir il ərzində həyata
keçirdiyri "ən böyük islahatlardan" biri də
o oldu ki, 9 may Qələbə Günü dövlət
bayramları sırasından çıxarıldı. Bu, Azərbaycan
xalqının qəhrəman keçmişinə, vətən
yolunda şəhid olmuş yüz minlərlə
insanının ruhuna, iyirminci yüzilin sonunda da
"döyüşən cəbhədən" əzizlərinin
ölüm xəbərini alan ailələrin mənliyinə,
əsgər kimi böyüyən gəncliyin vətən,
torpaq qeyrətinə, hərbi-vətənpərvərlik
ruhuna, döyüşkənlik əzminə saplanan xəyanət
xəncəri idi.
Bu həmin
dövr idi ki, Azərbaycan müharibənin içində olsa
da, nizami ordusu yox dərəcəsində idi, ön cəbhədə
vuruşan könüllü özünümüdafiə dəstələri
hakimiyyətdə təmsil olunmuş "özündənbəylər"in
əlində təsir və sui-istifadə vasitəsinə
çevrilmişdi. Təsadüfi insanlar, dünənki müəllim
və sürücülər, qaraj müdiri və bənnalar
müharibəyə cəlb edilmiş bir ölkənin
Müdafiə Nazirliyinə rəhbərlik edirdilər. Elə
bunun labüd nəticəsi kimi Azərbaycanın sərhəd
rayonları bir-bir xəyanətin qurbanına çevrildi, Kəlbəcər,
Şuşa kimi İlahidən səngərli "qala"lar
düşmən əlinə keçdi.
Yalnız
1993-cü ilin iyununda qədirkeş xalqımızın təkidli
tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev
Azərbaycanın oxundan sapdırılmış
sahmanını özünə qaytardı. Müharibədə
atəşkəs əldə olundu, ordu quruculuğu vüsət
tapdı, ictimai-siyasi həyatda sabitlik əldə olundu,
iqtisadi inkişaf meyilləri görünməyə
başladı və bütün bu pozitiv hadisələrin
labüd nəticəsi kimi cəmiyyətdə mənəvi-əxlaqi
durulma, dəyərlərin qayıtması və qorunması
prosesi start götürdü.
Ulu
öndərimizin təşəbbüsü ilə 1994-cü
ildə Böyük Vətən müharibəsi
iştirakçılarının məruz qaldıqları
tarixi ədalətsizlik aradan götürüldü, 9 may yenidən xalqımızın rəsmi
bayramları sırasına daxil oldu. Əlamətdar faktdır
ki, "Veteranlar haqqında" Azərbaycan
Respublikasının Qanunu da ulu öndər Heydər Əliyev
tərəfindən elə həmin ərəfədə
imzalandı. Veteranlar dövlət
başçısının şəxsi diqqət və
qayğısı ilə əhatə olundular, onların sosial
müdafiə məsələləri ildən-ilə gücləndirildi,
cəmiyyətdəki imtiyaz və nüfuzları bərpa
edildi. Öz canları və qanları bahasına
bugünkü azad və müstəqil həyatımızın
rəhnini yaratmış bu adamların sırası
günü-gündən seyrəlməkdədir. Ona görə
də mənfur ermənilərlə müharibə şəraitində
yaşayan bir ölkədə şərəfli
döyüş yolu keçmiş ata-babalarımızın
canlı nümunəsi gənc nəslin ideoloji-mənəvi və
hərbi-vətənpərvərlik tərbiyəsində strateji amilə çevrilmişdir.
2000-cu ildə əbədi liderimiz Heydər Əliyevin rəhbərliyi
altında Faşizm üzərində Qələbənin 55
illiyi təntənəli surətdə qeyd olundu.
Dövlətçilikdə
varislik dedikdə yalnız siyasi-iqtisadi kurs, idarəetmənin
ümumi prinsipləri nəzərdə tutulmur. Bəşəri
dəyərlərin, mənəvi ülgülərin
varisliyinin təmin edilməsi də dövlətin və millətin
təşəkkül və inkişafında mühüm rol
oynayır, cəmiyyətin ovqatını təzələyir,
insanların inam və ümidlərinə çıraq tutur.
Bu mənada ölkə Prezidenti cənab İlham Əliyev
bütün sahələrdə olduğu kimi, Azərbaycan
xalqının qəhrəman keçmişi, onun
tapındığı dəyərlər kompleksi ilə
bağlı bütün məsələlərə xüsusi
diqqət yetirir. 2005-ci il aprelin 11-də Qələbənin 60
illiyi ilə bağlı tədbirlər çərçivəsində
Rusiya Veteranlar Assosiasiyasının nümayəndə heyətini
qəbul edən dövlət başçısı
demişdir: "Böyük Qələbənin 60 illiyinin
bayram edildiyi ildə biz ancaq tarixdən bildiyimiz o günlərin
qəhrəmanlığını bir daha
xatırlayırıq. Hər bir insan silaha sarılaraq öz
ölkəsini müdafiə etmiş, dünyada və Avropada
azadlığı qorumuş adamlara dərin ehtiramını
bildirməlidir".
Azərbaycanın
dövlət başçısı 1941-45-ci illər
Böyük Vətən müharibəsi
iştirakçılarını heç vaxt diqqətdən
kənarda qoymur. Bu il fevralın 21-də ölkə Prezidentinin sərəncamı
ilə Azərbaycanın ictimai həyatında fəal
iştirakına və gənclərin vətənpərvərlik
tərbiyəsindəki xidmətlərinə görə
respublika Veteranlar Şurasının üzvlərindən Həsənov
Çingiz Kərim oğlu, Hüseynov Bahadur Məmmədqulu
oğlu və Qritçenko Aleksandr Aleksandroviç
"Şöhrət" ordeni ilə təltif olundular. Prezident İlham Əliyevin 30 aprel
2012-ci il tarixli növbəti sərəncamı ilə
Böyük Vətən müharibəsinin
iştirakçılarına, müharibədə həlak
olmuş və ya sonralar vəfat etmiş
döyüşçülərin dul arvadlarına, habelə
bu kateqoriyadan olan digər insanlara birdəfəlik maddi
yardım məqsədilə 7,5 milyon manat
ayrılmışdır.
Belə
bir diqqət və qayğının Ermənistanla müharibə
vəziyyətində olan Azərbaycan cəmiyyəti
üçün nə qədər böyük önəm
daşıdığını qeyd etmək, bəlkə də,
artıqdır. Ali Baş Komandanın vətən və torpaq
yolunda canını fəda edən insanlara qayğı və
ehtiramı bu gün cəbhə bölgəsində sərhədlərimizin
bütövlüyünü qoruyan əsgər və zabitlər
üçün də bir qədirkeşlik və
şükranlıq ərməğanıdır.
Həyatda
elə hadisələr var ki, bəzən onlar haqqında kitab
və arxivlərdən deyil, ən canlı məxəz və
səhih məlumat daşıyıcısı olan insanlardan
eşitmək istəyirik. Böyük Vətən müharibəsi
haqqında canlı şahidlərin bəhs edə biləcəyi
həmin tarixi hadisələrdəndir. Ancaq onların da
sırası seyrəlməkdədir. Axı söhbət
canlı insanlardan gedir. Bir statistikaya müraciət etmək
istərdim; nə qədər kədərli olsa da, həyat
gerçəyidir... Əgər 10 il əvvəl müharibə
veteranlarının sayı 42 min nəfər idisə, bu
gün onlardan sadəcə 2797 nəfəri həyatdadır.
Xalid NİYAZOV
Azərbaycan.- 2012.- 9 may.- S. 12.