Müharibə
iştirakçılarına qayğı sevincimizə səbəb
olur
1941-1945-ci illər Böyük Vətən müharibəsinin iştirakçıları, istər ön cəbhədə, istərsə də arxa cəbhədə ölkənin müdafiəsi, millətinin, xalqının varlığı və qələbəsi naminə mübarizədə əməyi olanlar hər zaman yaddaşlarda yaşayır, eldə-obada hörmətlə xatırlanır, dövlət səviyyəsində anılır, özünə və ailəsinə qayğı göstərilir.
Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyevin 1941-1945-ci illər Böyük Vətən müharibəsinin iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi barədə imzaladığı sərəncam buna bariz nümunədir.
Sərəncama əsasən, Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 7,5 milyon manat vəsait ayrılmışdır. Sərəncama əsasən 1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 67-ci ildönümü ilə əlaqədar Böyük Vətən müharibəsi iştirakçılarına 500 manat məbləğində, Böyük Vətən müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, Böyük Vətən müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsinin iştirakçılarına 200 manat məbləğində birdəfəlik maddi yardım nəzərdə tutulub.
Faşizm üzərində qələbəni təntənə ilə qeyd eməyə hazırlaşdığımız ərəfədə ölkə başçısının Böyük Vətən müharibəsinin iştirakçılarına, onların ailələrinə göstərdiyi bu diqqət və qayğını biz yaşlı nəslin nümayəndələri rəğbətlə qarşıladıq. Bu bayram günlərində bizlərin belə hörmətlə yad edilməsi, o müdhiş müharıbədən sağ qalanlara, dünyasını dəyişənlərin ailələrinə maddi yardım göstərilməsi hamımızı çox sevindirdi. Buna görə ölkə başçısına dərin minnətdarlığımızı bildiririk.
Mayil ƏLİYEV
Azərbaycan.- 2012.- 9 may.- S. 12.