YAP Gənclər Birliyi Şuşa şəhərinin ermənilər tərəfindən işğalının 20-ci ildönümü ilə bağlı fotosərgi keçirmişdir

 

 Mayın 8-də Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin ofisində Şuşa şəhərinin ermənilər tərəfindən işğalının 20-ci ildönümü ilə bağlı sərgi açılmışdır.

Birlikdən AzərTAc-a bildirmişlər ki, tədbirdə YAP sədrinin müavini - icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov, Milli Məclis Sədrinin müavini Bahar Muradova, deputatlar Mübariz Qurbanlı, Məlahət İbrahimqızı, Bəxtiyar Sadıqov, Rauf Əliyev, Şuşa ictimaiyyətinin üzvləri iştirak etmişlər.

Sərgidə "Şuşa işğaldan öncə", "Şuşa işğaldan sonra", "Ermənilərə yaraşmayan Şuşa", "Şuşa vandalların əsarətində", "Şuşa od içində", "Şuşalılar", "Güllələnmiş heykəllər və ruhlar şəhəri", "Abidələr şəhəri - Şuşa" mövzusunda olan fotoşəkillər nümayiş etdirilmişdir.

Tədbirin məqsədi Şuşa şəhəri ilə bağlı həqiqətləri şəkillərin dili ilə bir daha gənclərə və ölkə ictimaiyyətinə çatdırmaqdır. 

Qeyd edək ki, YAP Gənclər Birliyi Şuşa şəhərinin işğal edilməsinin 20-ci ildönümü ilə bağlı hazırladığı tədbirlər planına uyğun olaraq bir sıra tədbirlər və aksiya keçirmiş və hazırda  bu işlər davam etdirilir.

 

 

Azərbaycan.- 2012.- 9 may.- S. 13.