Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları arasında aparılan danışıqların reallaşmamasına səbəb Ermənistan hökumətinin qeyri-konstruktiv, antidemokratik siyasətidir

 

Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları arasında aparılan danışıqların reallaşmamasına səbəb Ermənistan hökumətinin qeyri-konstruktiv, antidemokratik siyasətidir.

AzərTAc xəbər verir ki, bu sözləri "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycan İcması" İctimai Birliyinin rəhbəri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov jurnalistlərə açıqlamasında demişdir.

İcma sədri bildirmişdir ki, bu gün Ermənistanda hakimiyyətdə olan şəxslər, istər Robert Köçaryan, istərsə də Serj Sarkisyan azərbaycanlılara qarşı törətdikləri soyqırımından fəxrlə danışırlar. B.Səfərov onların nə vaxtsa müttəhimlər kürsüsündə cinayətkar kimi cavab verəcəklərini bildirmişdir.

B.Səfərov qeyd etmişdir ki, son 20 ildə beynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişəsinə ikili standartlarla yanaşmışlar. Amma son illər Azərbaycan dövlətinin apardığı siyasət bu təşkilatların mövqeyində dəyişiklik yaratmış, Prezident İlham Əliyev torpaqlarımızın danışıq predmeti olmadığını bəyan etmişdir. Artıq dünya ölkələri Azərbaycanın mövqeyini qəbul etməklə yanaşı, onu etibarlı müttəfiq kimi də tanıyırlar.

Azərbaycanın güclü, döyüş bacarığına malik ordusunun  torpaqlarımızı işğaldan azad edəcəyindən, o torpaqlarda sülhün bərpa olunacağından əminlik ifadə edən icma sədri bildirmişdir ki, bu gün hər bir azərbaycanlı özünü şuşalı hesab edir: "Məhz bu amil bizim Şuşaya qalib kimi qayıtmağımıza təkan verəcəkdir. Ali Baş Komandanın əmri ilə xalqımız işğal altındakı torpaqlarımızı azad edəcəkdir. İnanıram ki, bu, mütləq olacaqdır".

 

 

Azərbaycan.- 2012.- 9 may.- S. 13.