Şuşanın işğalının 20-ci ildönümü ilə bağlı anma mərasimi

 

 Mayın 8-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində Şuşa şəhərinin ermənilər tərəfindən işğalının 20-ci ildönümü ilə bağlı anma mərasimi keçirilmişdir.

AzərTAc xəbər verir ki, mərasim iştirakçıları əvvəlcə Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.

Komitənin sədri Hicran Hüseynova işğalın tarixindən, erməni təcavüzkarlarının törətdikləri vəhşiliklərdən və tarixi abidələrimizin məhv edilməsindən söz açmış, Prezident İlham Əliyevin "Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının iyirminci ildönümü haqqında" 2012-ci il 9 aprel tarixli sərəncamı əsasında ölkəmizdə keçirilən tədbirlərin mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırmışdır.

Bakı Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının professoru Boran Əziz  Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasətindən danışmışdır. Tədbirdə mövzu ilə bağlı çıxışlar dinlənilmişdir.

Çıxışlarda Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində 20 mindən artıq soydaşımızın həlak olduğu, 50 min nəfərin yaralandığı, 4 min 500 nəfərin itkin düşdüyü, bir milyon azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyi diqqətə çatdırılmışdır. İşğaldan sonra Şuşada bütövlükdə 279 dini, tarixi və mədəni abidə ermənilər tərəfindən məhv edilmişdir. Onlar Şuşada 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, 8 mədəniyyət evini, 14 klubu, 20 kitabxananı, 2 kinoteatrı, 3 muzeyi, Şərq musiqi alətləri fabrikini dağıtmışlar.

Çıxış edənlər tezliklə torpaqlarımızın işğaldan azad ediləcəyinə əminliklərini bildirmişlər.

 

 

Azərbaycan.- 2012.- 9 may.- S. 13.