Şuşasız
20 il
Təkcə milli musiqimizin yox, əslində, mədəniyyətimizin beşiyi sayılan Şuşa 20 ildir ki, daşnakların tapdağı altındadır. Maddi-mədəniyyət muzeyi, mənəvi sərvətlər məskəni Şuşa təkcə Qarabağın deyil, bütövlükdə Azərbaycanın zirvəsi olub...
M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında "20 il Şuşasız" adlı kitab sərgisinin açılışı və "Şuşa Azərbaycanın tarix və mədəniyyət incisidir" kataloqunun təqdimat mərasimində bir daha ermənilərin işğal etdiyi ərazilərimizdə bu gün də davam etdirdiyi vandalizm aktları dilə gətirildi.
Tədbiri Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov açaraq Şuşanın erməni silahlı qüvvələri tərəfindən işğal edilməsindən, məhv olunmuş maddi-mədəni sərvətlərindən bəhs etdi və bildirdi ki, Şuşa Azərbaycan mədəniyyətinin, daha dəqiq desək, milli musiqisinin beşiyidir. O, dünya mədəniyyət xəzinəsinə böyük töhfələr vermiş görkəmli şəxsiyyətlərin vətəni, doğulduğu torpaqdır. Ona görə də Şuşanın Ermənistan tərəfindən 20 il öncə işğalı Azərbaycan mədəniyyətinə ağır zərbədir. "Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının iyirminci ildönümü haqqında" Azərbaycan Resrublikası Prezidentinin 9 aprel 2012-ci il tarixli sərəncamına əsasən bütün bölgələrdə və xarici ölkələrdə anım tədbirlərinin keçirilməsinin kütləvi xarakter daşıması heç də təsadüfi deyil. Mədəniyyət və Turizm Nazirliyinin məsul işçisi, şair Çingiz Əlioğlu vurğuladı ki, dünya sivil qanunlarla idarə olunur və Azərbaycan da sürətli inkişaf etməkdə olan dövlətlərin sırasında və ön yerlərdədir. Azərbaycan işğal olunmuş ərazilərini beynəlxalq norma və prinsiplər əsasında azad etmək arzusundadır. Lakin belə olmasa, biz bütün imkan və potensialımızı səfərbər etməklə torpaqlarımızı, Şuşa kimi çilik-çilik olmuş könül şüşəmizi daşnak təcavüzkarlarından hansı yolla olursa-olsun, qurtaracağıq. Buna hərtərəfli - mənəvi, siyasi, hüquqi, hərbi gücümüz, qüvvəmiz və haqqımız çatır.
Sonra Azərbaycan Yazıçılar Birliyinin katibi, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid, "Şuşa Azərbaycanın tarix və mədəniyyət incisidir" kataloqunun həmtərtibçisi, Şuşa Rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Zahid Abbasov keçirilən kitab sərgisinin əhəmiyyətindən söz açdılar.
Məhəmməd
SADIQZADƏ
Azərbaycan.- 2012.- 9 may.- S. 13.