Od-alovdan keçən
ömür
Gənclik illərində taleyinə odlu-alovlu günlər yazılanlardan biri də dünyaya Laçın rayonunda göz açan Abbas Məmmədovdur. O, orta məktəbi bitirən ili faşist Almaniyası SSRİ ilə müharibəyə başlayır. Kəndin bütün ziyalıları döyüşlərə getdiyindən məktəbdə dərs keçməyə kimsə qalmır. Ona görə də bir müddət kənd məktəbində müəllimlik fəaliyyəti ilə məşğul olur. Lakin bu, çox çəkmir. Ərizə verib könüllü olaraq müharibəyə yollanır. Döyüşə 402-ci Azərbaycan diviziyasının tərkibində başlayır. Əvvəllər diviziyanın 889-cu, sonralar 38-ci briqadasının 88 və 134-cü, nəhayət, 90-cı əlahiddə atıcı alayında düşmənlə üz-üzə gəlir, dəfələrlə ağır yaralansa da ümidini itirmir, qələbə gününü görmək ona da nəsib olur. Müharibədən qayıtdıqdan sonra müəllimliyini davam etdirməklə yanaşı, ali təhsil almaq arzusuna da qovuşur. Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirərək uzun müddət - 1986-cı ilədək prokurorluq orqanlarında çalışır.
İndi Abbas Məmmədov ömrünün ixtiyar çağlarını yaşayır. Doğma yurd-yuvası üçün çox darıxsa da, yenə ümidini itirməyib. İnanır ki, Laçın da tezliklə yağı düşməndən xilas ediləcək, ona həmin günü də görmək nəsib olacaq.
Hər dəfə İkinci Dünya müharibəsindən söz düşəndə o müharibədə sovet hərbi texnikasının 75 faizinin Azərbaycan nefti ilə işləməsindən, Sovet İttifaqı Qəhrəmanı adına layiq görülənlərin 42 nəfərinin həmyerlisi olmasından və bu igidlərdən 12-nin "Şöhrət" ordeninin hər üç dərəcəsi ilə təltif edilməsindən qürurla söz açır.
Ömrünün ixtiyar çağlarında doğma yurda baş çəkmək onun ən müqəddəs arzusudur. Faşizm üzərində qələbə çalıb Vətənə alnıaçıq, üzüağ igid kimi dönən Abbas Məmmədovun nikbinliyə əsası da var. Əminliklə deyir ki, biz hələ düşmənə öz sözümüzü deməmişik. Ona görə də inanır ki, ömrünün 90-cı ilini Laçın dağlarında qarşılayacaq. Bu əminliyi onda yaradan dövlətimizin gündən-günə artan iqtisadi, siyasi və hərbi qüdrətidir.
Məhəmməd
NƏRİMANOĞLU
Azərbaycan.- 2012.- 9 may.- S. 13.