Azərbaycanın
Küveytdəki səfirliyi tərəfindən silsilə tədbirlər
keçirilir
Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinin 20-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Küveyt Dövlətindəki səfirliyi tərəfindən silsilə tədbirlər keçirilir.
Səfirlikdən AzərTAc-a bildirmişlər ki, diplomatik nümayəndəliyimiz və "Vətənsevər" diaspor cəmiyyəti tərəfindən keçirilmiş anma mərasimində həmyerlilərimizlə yanaşı, Küveytin bir çox ictimai-siyasi xadimləri də iştirak etmişlər.
Şəhidlərimiz bir dəqiqəlik sükutla yad edildikdən sonra səfir T.Rzayev 20 il bundan əvvəl ölkəmizdəki ictimai-siyasi vəziyyət, Vətən uğrunda şəhid olmuş oğul və qızlarımızın mübarizəsi, Şuşanın Azərbaycan xalqı üçün tarixi və mənəvi əhəmiyyəti barədə danışmışdır. Diplomat Şuşanın tarixi, füsunkar təbiəti, milli və dünya mədəniyyətinə verdiyi töhfələrdən, habelə erməni silahlı qüvvələri tərəfindən şəhərdə törədilmiş vəhşiliklərdən, günahsız insanların qətlə yetirilməsindən, mədəni-tarixi abidələrimizin, məscidlərimizin dağıdılması barədə ətraflı danışmışdır.
Səfirliyin müşaviri C.Musayev isə bildirmişdir ki, Azərbaycanın Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinin 20-ci ildönümü ilə əlaqədar Avropa Parlamentinə, Avropa Şurasının Parlament Assambleyasına və bir çox ölkələrin parlamentlərinə Azərbaycan Respublikası Milli Məclisinin müraciəti və Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin bəyanatı göndərilmişdir.
"Vətənsevər" cəmiyyətinin sədri Könül Hacızadə isə soydaşlarımızı Azərbaycanın beynəlxalq hüquqa əsaslanan ədalətli mövqeyinin dünya ictimaiyyətinə çatdırılmasında daha fəal olmağa çağırmışdır.
Tədbirdə Şuşaya həsr olunmuş film təqdim edilmişdir.
Bundan əlavə, Küveytin nüfuzlu və çoxtirajlı qəzetlərindən olan "Əl-Vasat"da Abdullah Əl-Raşidin Şuşanın işğalı ilə əlaqədar məqaləsi dərc edilmişdir.
Məqalədə Şuşanın tarixindən,
ecazkar təbiətindən, bu şəhərin Azərbaycanın mədəniyyət
ocağı olmasından bəhs edilmişdir.
Müəllif bu gözəl diyarın 20
ildən artıqdır ki, ermənilərin
işğalı altında qalması faktını təəssüflə
qeyd etmişdir.
Azərbaycan.- 2012.- 9 may.- S. 13.