Almaniyada Şuşaya həsr olunmuş tədbir keçirilmişdir

 

 Almaniyanın Saksoniya əyalətinin paytaxtı Drezdendə Azərbaycanın tarixi mədəniyyət beşiyi sayılan Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasının 20-ci ildönümü ilə bağlı anma mərasimi keçirilmişdir.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildirmişlər ki, "Alm.az" Cəmiyyəti tərəfindən təşkil olunmuş tədbirdə soydaşlarımız ilə yanaşı, alman ictimaiyyətinin təmsilçiləri, tarixçilər, eləcə də yəhudi, Ukrayna, Estoniya, Litva, Qazaxıstan icmalarının nümayəndələri iştirak etmişlər.

Qonaqlara Azərbaycanın Şuşa şəhərinin tarixi, mədəniyyəti, dünya mədəniyyətinə və incəsənətinə böyük töhfələr vermiş görkəmli şəxsiyyətləri haqqında ətraflı məlumat verilmişdir. Eyni zamanda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən də danışılmışdır. Bildirilmişdir ki, erməni silahlı qüvvələri Dağlıq Qarabağı və onun ətrafındakı yeddi rayonu işğal etmişdir. Bu işğal nəticəsində bir milyon azərbaycanlı doğma yurd-yuvalarından didərgin düşmüşdür. BMT Təhlükəsizlik Şurasının, həmçinin digər nüfuzlu beynəlxalq təşkilatların Ermənistandan Azərbaycanın işğal edilmiş torpaqlarını qeyd-şərtsiz azad etməsini tələb edən qətnamələri hələ də icra olunmamışdır.

Mərasimdə Şuşanın işğaldan əvvəl və sonrakı vəziyyəti haqqında sənədli film təqdim olunmuşdur.

İştirakçılara Dağlıq Qarabağ və Şuşanın işğalından bəhs edən kitablar, yazılı sənədlər və disklər də paylanmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 9 may.- S. 13.