Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri beynəlxalq hüquq forumunda iştirak etmişdir

 

 Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayevin başçılıq etdiyi nümayəndə heyəti Qətərin paytaxtı Doha şəhərində "Dəyişikliklər dövründə qanunun aliliyinə qlobal etimadlılıq" mövzusunda beynəlxalq hüquq forumunda iştirak etmişdir.

Ali Məhkəmənin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, dünyanın 20 ölkəsindən 40-dan çox məhkəmə sədrinin və hakiminin iştirak etdiyi forumda dünyada baş verən siyasi və iqtisadi dəyişikliklər fonunda insan hüquqlarının müdafiəsi sahəsində görülən və görüləcək işlərlə bağlı məruzələr dinlənilmiş, diskussiyalar və təhlillər aparılmışdır.

Qətər Forumunda beynəlxalq hüququn müxtəlif aspektləri barədə  məruzələr dinlənilmişdir. Xüsusilə Qətər dövlətinin Baş naziri və eyni zamanda xarici işlər naziri Şeyx Hamad bin Jassim bin Jabr Al-Thaninin məruzəsi maraqla qarşılanmışdır. Məruzədə bütün dünyada, o cümlədən ərəb ölkələrində baş verən dəyişikliklərdən, beynəlxalq hüququn inkişafından, beynəlxalq məhkəmələrin rolunun və nüfuzunun artmasından, həmçinin beynəlxalq hüququn fəaliyyətinin səmərəli nəticələrindən bəhs olunmuşdur.

Forumda məhkəmə hakimiyyətinin dövlət idarəçiliyində rolu, korrupsiya ilə mübarizə, insan hüquqlarına dair beynəlxalq normaların tətbiqi, qloballaşma, maliyyə böhranı və digər mövzular ətrafında müzakirələr olmuşdur.  

Forumda beynəlxalq hüququn müxtəlif sistemləri arasında qarşılıqlı əlaqələrin böyük imkanlara malik olması qeyd edilmiş və məhkəmələr arasında dialoqa ehtiyac olması zərurəti vurğulanmışdır.

Ali Məhkəmənin sədri Ramiz Rzayev forum çərçivəsində ayrı-ayrı ölkələrin məhkəmə sədrləri və hakimləri ilə bir sıra görüşlər keçirmiş, fəal diskussiyalara qatılmışdır. Görüşlərdə və diskussiyalarda Azərbaycanda məhkəmə hüquq sisteminin müasirləşdirilməsi və təkmilləşdirilməsi ilə bağlı tədbirlərin həyata keçirildiyi, məhkəmələrdə şəffaflığın və qanunun aliliyinin təmin edildiyi, insan hüquq və azadlıqlarının qorunması sahəsində görülən işlər diqqətə çatdırılmışdır.

 

 

Azərbaycan.- 2012.- 9 may.- S. 15.