Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə paytaxtda təşkil edilmiş Gül bayramında iştirak etmişdir

 

 Mayın 10-da Azərbaycan xalqının ümummilli lideri, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə Bakıda, ulu öndərin adını daşıyan sarayın qarşısındakı parkda möhtəşəm Gül bayramı təşkil edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri Gül bayramında olmuşlar.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov dövlət başçısına məlumat verdi ki, səhər tezdən başlayaraq paytaxt sakinləri dünyanın bir sıra ölkəsindən gətirilmiş gül-çiçəklə bəzədilmiş parka gəlirlər.

Müstəqil dövlətimizin xilaskarı və qurucusu, xalqımızın dahi oğlu Heydər Əliyevin əzəmətli abidəsinin ətrafı gül-çiçəyə qərq olmuş, postament güllərlə hörülmüşdür.

Prezident İlham Əliyev və ailə üzvləri ulu öndərin abidəsini ziyarət etdilər, başdan-başa bahar ətirli güllərə qərq olmuş parkın gözəlliyini seyr etdilər.

Müxtəlif güllərdən yığılmış "xalça"lartürk dünyasının böyük oğlu Heydər Əliyevin tər çiçəklərdən "toxunmuş" portret xalçası orijinallığı ilə göz oxşayırdı.

Çiçək və bitkilərdən, yarpaqlardan hazırlanan rəngarəng kompozisiyalar görünüşü və ifadəliyi ilə seçilir, gözəlliyin hədsiz imkanlarını nümayiş etdirir, hər kəsdə xoş ovqat yaradır.

Bu gün xüsusi görkəm almış parkda diqqəti çəkən kompozisiyalardan biritarixi abidələrimizin təsviridir. Bu baxımdan Qız qalası, Qoşa Qala qapısının güllərdən hazırlanmış maketi və ölkəmizin xəritəsi, "Eurovision-2012" mahnı müsabiqəsi ilə bağlı kompozisiyalar xüsusi fərqlənir. Park həm də nağıllar aləmini xatırladırdı. Burada Azərbaycanın və dünya xalqlarının nağıllarının əlvan güllərdən hazırlanmış qəhrəmanları vardır. Parkda, həmçinin müxtəlif dibçək güllərindən, qurudulmuş gülbitki kollarından, göz oxşayan eksponatlardan ibarət sadə və eyni zamanda, orijinal üslublu kompozisiyalar qurulmuşdur.

Fəvvarələrin ətrafından tutmuş hər tərəf bir-birindən gözəl, bahar təravətli gül-çiçək içində idi. Bir-birini əvəz edən musiqi nömrələri bayram ovqatını daha da yüksəldirdi.

Yaz günündə həyata göz açan ümummilli lider Heydər Əliyevin xatirəsinin bahar çiçəkləri ilə anılması əlbəttə ki, ulu öndərin ruhuna xalqımızın dərin hörmət və ehtiramını nümayiş etdirir.

Prezident İlham Əliyev və ailə üzvləri gül kompozisiyalarına maraqla tamaşa etdilər.

Güllərdən hazırlanmış müxtəlif mənzərələr, orijinal lövhələrdə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin bütün dövrlərinə aid fotoşəkillər böyük maraq doğurdu.

Üzərində ulu öndərin portreti, müxtəlif çiçəklər, "Eurovision-2012" yazısının əks olunduğu hava şarları maraqla qarşılandı.

Gül və müxtəlif nağıl qəhrəmanları kimi bəzənmiş, bayramı daha da gözəlləşdirən uşaqlar Prezident İlham Əliyevi və ailə üzvlərini özlərinə xas səmimiyyətlə salamladılar.

Gül bayramı Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunduğu üçün nümayiş etdirilən hər bir gül çələngində, əl işlərinin mövzu və kompozisiyasında sevimli rəhbərə məhəbbət hissi diqqəti cəlb edir.

Dövlət başçısı və ailə üzvləri uşaqlarla söhbət etdilər, ulu öndər Heydər Əliyevin gül-çiçəyə qərq olmuş abidəsi önündə fidan balalarla xatirə şəkli çəkdirdilər.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 11 may.- S. 1; 2.