Bakıda Heydər Əliyev Mərkəzi açılmış, ulu öndərin anadan olmasının 89-cu ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 8 illiyi münasibətilə təntənəli mərasim keçirilmişdir

 

 Azərbaycan  Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir

 

Mayın 10-da Bakıda Heydər Əliyev Mərkəzi açılmış, ulu öndərin anadan olmasının 89-cu ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 8 illiyi münasibətilə təntənəli mərasim keçirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri mərasimdə iştirak etmişlər.

Dövlət başçısı Heydər Əliyev Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsdi.

Dünya arxitekturasının nadir incilərindən olan Heydər Əliyev Mərkəzinin quruluşunda Bakının memarlıq koloriti dəqiqliklə nəzərə alınmışdır. Dünyada bənzəri olmayan Mərkəzin yaradılması ideyasının arxitekturada mükəmməl formada əks olunması onun quruluşuna xüsusi özəllik verir. Ümummilli liderin azərbaycançılıq fəlsəfəsinin təbliği, gələcəkdə Azərbaycan vətəndaşlarının dünyada gedən müasir proseslər çərçivəsində Vətəninin və xalqının taleyi ilə bağlı genişmiqyaslı layihələrdə iştirakının, onların arzu və istəklərini gerçəkləşdirmək əzminin təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edən Heydər Əliyev Mərkəzinin inşası Azərbaycanın müasir reallıqlarını əks etdirir. Bununla yanaşı, ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisəyə çevriləcək bu mədəniyyət ocağının yaradılması Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlərin miqyasını və əhəmiyyətini göstərir.

Prezident İlham Əliyev mərasimdə çıxış etdi.

Heydər Əliyev Mərkəzini nadir memarlıq abidəsi adlandıran Prezident İlham Əliyev bu kompleksin yaradılması ideyasından danışdı. Dövlət başçısı məşhur memar Zaha Hadidin layihəsi əsasında tikilən bu mərkəzin müasirliyi ilə diqqəti çəkdiyini və çoxfunksiyalı olduğunu bildirdi, həm memara, həm də tikintidə iştirak edən bütün insanlara təşəkkür etdi. Dəfələrlə tikintinin gedişi ilə maraqlandığını deyən Prezident İlham Əliyev vurğuladı ki, bu mərkəz Azərbaycan vətəndaşlarına yüksək səviyyədə xidmət göstərəcəkdir.

"Bakı sürətlə gözəlləşir və inkişaf edir",- deyən Prezident İlham Əliyev bildirdi ki, müasirliklə qədimliyin vəhdət təşkil etdiyi paytaxtımızın bir çox məşhur rəmzləri vardır. İndi isə müasir Bakının yeni rəmzləri yaradılır və bu sırada Dənizkənarı Milli Park, Dövlət Bayrağı Meydanı, Alov qüllələri, "Kristal saray" və nəhayət, Heydər Əliyev Mərkəzi vardır.

"Heydər Əliyev bütün dövrlərdə öz xalqına xidmət edib", - deyən Prezident İlham Əliyev ulu öndərin ölkəmizə rəhbərlik etdiyi illərdə gördüyü işlərdən danışdı. Bildirdi ki, Heydər Əliyev ölkəyə rəhbərliyi dövründə Azərbaycanın inkişafına çalışıb. Ulu öndər hakimiyyətdən uzaqlaşdırılandan sonra Azərbaycan böyük problemlərlə üzləşdi, Dağlıq Qarabağda separatçılıq meyilləri gücləndi, Qanlı Yanvar hadisəsi, Xocalı soyqırımı baş verdi, torpaqlarımızın işğalı prosesi başladı, ölkə gərgin ictimai-siyasi təzyiqlərlə üzzə qaldı. 1993-cü ildə xalqın tələbi ilə ölkədə yenidən rəhbərliyə qayıdan Heydər Əliyevin siyasi iradəsi, müdrikliyi, cəsarəti və xalqın ona olan məhəbbəti sayəsində Azərbaycan üzləşdiyi fəlakətlərdən xilas oldu. Ölkə tərəqqi dövrünə qədəm qoydu, bütün sahələrdə inkişaf meyilləri gücləndi. Ona görə də Heydər Əliyev müasir, müstəqil Azərbaycanın banisiqurucusudur.

Son illərdə Azərbaycanda həyata keçirilən siyasi-iqtisadi islahatlardan danışan Prezident İlham Əliyev ölkədə demokratikləşmə prosesinin sürətlə getdiyini diqqətə çatdırdı. İqtisadi sahədə əldə olunan mühüm nailiyyətlərdən danışan dövlət başçısı bildirdi ki, bu uğurları beynəlxalq maliyyə qurumları da təsdiqləyir. Təsadüfi deyildir ki, indi Azərbaycan güclü iqtisadiyyatagüclü orduya malikdir. "Biz heç vaxt imkan vermərik ki, Azərbaycanın suverenliyinə və inkişaf haqqına kimsə müdaxilə etsin", - deyən Prezident İlham Əliyev ölkəmizin dünyada artan nüfuzundan danışdı. Bildirdi ki, beynəlxalq təşkilatlarda prinsipiallığı ilə seçilən Azərbaycanın bu mövqeyi xalqımızın milli maraqlarına, ədalətə və beynəlxalq hüquqa əsaslanır. Dövlət başçısı ölkəmizin BMT Təhlükəsizlik Şurasına üzv seçilməsini 20 il müstəqil olan Azərbaycanın diplomatik uğuru kimi xarakterizə etdi.

Sonra dünya memarlığının nadir incilərindən olan Heydər Əliyev Mərkəzindən bəhs edən film nümayiş olundu.

Filmdə Mərkəzin yaradılması ideyası, bu istiqamətdə həyata keçirilən tədbirlər, Prezident İlham Əliyevin rəhbərliyi ilə Bakının rəmzinə çevriləcək nadir memarlıq kompleksinin əhəmiyyətindən bəhs olunur.

Daha sonra Heydər Əliyev Fondunun fəaliyyətinin 8 illiyinə həsr olunmuş mərasim keçirildi.

Mərasimdə çıxış edən fondun Prezidenti Mehriban xanım Əliyeva Heydər Əliyev Mərkəzinin açılışı münasibətilə təbriklərini çatdırdı və bu binanı ulu öndərin xatirəsini yaşadan abidə adlandırdı. Mehriban xanım Əliyeva çıxışında Heydər Əliyev Fondunun fəaliyyətindən danışdı, rəhbərlik etdiyi təşkilatın bir çox beynəlxalq layihələrdə uğurla iştirak etdiyini dedi.

Birinci xanım Mehriban Əliyeva bu yaxınlarda Bakıda keçiriləcək "Eurovision-2012" beynəlxalq mahnı müsabiqəsinin uğurla başa çatması üçün Heydər Əliyev Fondunun  imkanlarını əsirgəməyəcəyini dedi.

Daha sonra Heydər Əliyev Fondunun təhsil sahəsindəki fəaliyyətinə göstərdiyi böyük dəstəyə görə Litva Respublikasının Azərbaycandakı səfiri Kestutis Kudzmanas fondun təsis etdiyi "Qızıl çinar" beynəlxalq mükafatı ilə təltif olundu.

Eyni mükafat beynəlxalq idman yarışlarında Azərbaycanı layiqincə təmsil etdiyinə görə əməkdar idman ustası İlham Zəkiyevə də təqdim edildi.

Sonra mərasim konsert proqramı ilə davam etdi.

(Geniş hesabat qəzetin növbəti nömrəsində dərc ediləcəkdir).

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 11 may.- S. 2.