Prezident
İlham Əliyev Azərbaycanın şimal-qərb bölgəsində
baş vermiş zəlzələnin nəticələrinin
aradan qaldırılması ilə bağlı görülən
tədbirlərlə yerində tanış olmaq
üçün təbii fəlakət bölgəsində səfərdə
olmuşdur
Xəbər verdiyimiz kimi, mayın 7-də Azərbaycanın şimal-qərb bölgəsində zəlzələ olmuşdur.
Mayın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev zəlzələdən zərər çəkmiş bölgənin sakinləri ilə görüşmək və təbii fəlakətin nəticələrinin aradan qaldırılması ilə bağlı görülən tədbirlərlə yerində tanış olmaq üçün təyyarə ilə Zaqatala rayonuna gəlmişdir.
Dövlət başçısı helikopterlə zəlzələnin episentrindəki ərazini seyr etdi.
Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Prezident İlham Əliyevə təbii fəlakətin nəticələri barədə ətraflı məlumat verdi.
Qeyd edildi ki, mayın 7-də axşam saat 19.15-də zəlzələnin episentrində 12 ballıq cədvəl üzrə 7 bal gücündə baş verən təkrar yeraltı təkan daha ciddi dağıntılar törətmişdir. Ümumiyyətlə, ötən müddətdə 500-dək yeraltı təkan qeydə alınmışdır və onlardan bir neçəsi daha çox hiss olunmuşdur.
Bildirildi ki, zəlzələ nəticəsində Zaqatala, Qax və Balakən rayonlarında üç minədək ev ya uçmuş, ya da qəzalı vəziyyətə düşmüşdür. Çoxlu sayda sosial obyektə də ciddi ziyan dəymişdir.
Zəlzələnin episentrində yerləşən Zaqatala rayonunun Gözparaq, Mamrux, Zəyəm, Muxax, Bazar, Qımır və Çobankol, eləcə də Qax rayonunun Güllük, Zərnə, Lələpaşa kəndlərində ciddi dağıntılar baş vermişdir.
Diqqətə çatdırıldı ki, dövlət başçısının tapşırığına uyğun olaraq zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı operativ qaydada qərargah yaradılmış və işçi qruplar dəymiş ziyanın müəyyənləşdirilməsi ilə bağlı müvafiq tədbirlər görür. Qısa müddətdə rayona Fövqəladə Hallar Nazirliyi tərəfindən çoxlu sayda texnika və avadanlıq, çadırlar, böyük miqdarda tikinti materialları gətirilmişdir.
"Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətinin xətti ilə də Zaqatala rayonuna tikinti materialları ilə kömək göstərilmişdir. Zəlzələ bölgəsinə çoxlu sayda çadırlar gətirilərək quraşdırılmışdır.
Zaqatala, Qax və Balakən rayonlarına əlavə texnika, inşaat materialları, avadanlıq və digər zəruri materialların gətirilməsi davam edir. Zəlzələdən ziyan çəkən əhaliyə dövlət başçısının tapşırıqlarına uyğun olaraq hər cür kömək göstərilir.
Sonra Prezident İlham Əliyev baş vermiş zəlzələnin episentrində yerləşən Zaqatala rayonunun Gözparaq kəndinə gəldi.
Dövlət başçısı kənd sakini, Qarabağ müharibəsi veteranı Mahir Sultanovun zəlzələdən ziyan çəkən evinə baxdı.
Ev sahibləri ilə söhbət edən Prezident İlham ƏLİYEV dedi:
- Salam, necəsiniz?
EV SAHİBƏSİ: Sağ olun, xoş gəlmisiniz. Çox sağ olun, bizə baş çəkdiyinizə görə Sizə minnətdarlığımızı bildiririk. Allaha şükür edirik ki, bu fəlakət gecə vaxtı olmayıb, gündüz olub. Gecə vaxtı olsaydı, camaat qırılardı.
Prezident İlham ƏLİYEV: Təbii fəlakət baş verib. Gərək hələlik müvəqqəti olaraq bu çadırlarda qalasınız. Amma tezliklə bütün evlər bərpa ediləcəkdir. Göstərişlər verilib, vəsait ayrılıb. Yəni bundan da gözəl ev tikiləcəkdir.
EV SAHİBƏSİ: İnşallah. Bizim ümidimiz bircə Sizədir.
Prezident İlham ƏLİYEV: Mən elə onun üçün gəlmişəm. Kömək edəcəyik. Vəsait ayrılıb, narahat olma. Bütün evlər bərpa ediləcəkdir, o cümlədən sənin evin də bərpa ediləcəkdir, bundan daha yaxşı ev tikiləcəkdir.
EV SAHİBƏSİ: İnşallah, çox sağ olun.
Prezident İlham ƏLİYEV: İndi bu çadırlar gətirilib, müvəqqəti yaşamaq üçündür.
EV SAHİBƏSİ: Çox sağ olun, bizə
kömək etdilər, yardım əli uzatdılar.
* *
*
Dövlət
başçısı Gözparaq kənd sakinləri ilə də
görüşdü.
Təbii
fəlakətin nəticələri ilə yerindəcə
tanış olduğu, sakinlərlə görüşüb
onların qayğıları ilə yaxından
maraqlandığı üçün dövlət
başçısına dərin minnətdarlığını
bildirən kənd ağsaqqalı Əhməd QURBANOV dedi:
-
Sizi gözparaqlılar adından salamlayıram, Sizə
"Xoş gəlmisiniz!" deyirəm. Gözparaqlılar
böyük iftixar hissi keçirirlər ki, Siz bu gün zəhmət
çəkib buraya gəlmisiniz. Bizim qayğımıza
qalırsınız. Biz bilirdik və bu gün də
görürük ki, Siz böyük zəhmət çəkib
xalqın qayğısına qalmaq üçün buraya gəlmisiniz.
Biz ümid edirik, bu fəlakətə düşən
gözparaqlıların vəziyyətini,
yaşayışını əvvəlki məcraya salmaq
üçün tədbir görəcəksiniz. Sizə
müvəffəqiyyətlər arzulayırıq.
Prezident
İlham ƏLİYEV: Sağ olun. Əlbəttə,
müvafiq göstərişlər verilmişdir. Artıq
dünəndən vəsait də ayrıldı. Bu, ilkin vəsaitdir.
Ondan da artıq ayıracağıq. Çünki
dağıntılar çoxdur. Zaqatala, Qax, Balakən
rayonlarında üç minə qədər ev
dağılıb və qəzalı vəziyyətdədir.
Bütün evlər, sosial obyektlər bərpa ediləcəkdir.
İndi gördüyüm mənzərə, əlbəttə
ki, çox acınacaqlıdır. İnsanlar zəhmət
çəkib evlər tikiblər, indi isə evlər
uçulub. Xoşbəxtlikdən heç bir itki
olmayıbdır, əsas məsələ budur. Azərbaycan
dövləti güclü dövlətdir, biz bütün evləri
bərpa edəcəyik.
İndi
müvafiq qurumların nümayəndələri
buradadırlar. Fövqəladə Hallar Nazirliyinin rəhbərliyi
ilk gündən buradadır. Bütün qurumlara göstərişlər
verilmişdir. Evlər tikilənə qədər müvəqqəti
məskunlaşma yerləri də müəyyən edilib.
Aydındır ki, çadırda yaşamaq ağır
işdir. Ancaq başqa yol yoxdur. İndi bu qəzalı evlər,
uçulmuş evlər sökülməlidir. Onların yerində
yeni evlər tikilməlidir. Seysmoloji vəziyyətə nəzarət
edilməlidir. Çünki təkanlar hələ də davam
edir. Mənə verilən məlumata görə, əsas
dağıntılar üçüncü, dördüncü
təkandan sonra baş verib. Yəni heç kim bilmir, yenə
təkan olacaq, yoxsa olmayacaqdır. Ona görə bir qədər
gözləməliyik. Amma söküntü işləri bu
gündən başlamalıdır, yerlər təmizlənməlidir.
Görəcəksiniz, qısa müddət ərzində
bundan da yaxşı evlər tikiləcəkdir. Məktəblər,
sosial obyektlər dağılıb. Onlar da bərpa ediləcəkdir.
İndi ərzaq təchizatı, tibbi xidmət vacib məsələlərdir.
Göstəriş vermişəm, bu məsələlərə
də baxılacaqdır. Yəni biz bu məsələlərə
hərtərəfli yanaşırıq. Elə etməliyik ki,
insanlar əziyyət çəkməsinlər. Yəni
onların əziyyəti minimum səviyyədə olsun. Əlbəttə
ki, bu, çox ağır hadisədir. Çox güclü zəlzələ
olub. Altı bala yaxın zəlzələ olmuşdur. Bu,
çox güclü zəlzələdir.
SAKİN:
İkinci dəfə güclü oldu.
Prezident
İlham ƏLİYEV: Bəli, bir neçə təkan oldu.
Adətən, belə də olur. Birinci təkandan sonra növbəti
təkanlar baş verir.
Ancaq
əminəm ki, biz qısa müddət ərzində bu
sınaqdan da şərəflə çıxacağıq.
Bütün kəndlər bərpa ediləcəkdir. Evlər
daha da yaxşı olacaqdır. Ən önəmlisi ondan ibarətdir
ki, bu işlər üçün çəkiləcək
bütün xərcləri Azərbaycan dövləti öz
üzərinə götürür. Bu da dünyada nadir
hallarda baş verən bir hadisədir. Çünki adətən,
xüsusilə indi inkişaf etmiş ölkələrdə
bütün evlər sığortalıdır. Vətəndaşlar
gedirlər sığorta şirkətlərinə müraciət
edirlər, evləri sığortalayırlar. Təbii fəlakət
baş verdikdə dövlət heç bir xərc çəkmir,
vətəndaş gedir sığorta şirkətindən vəsait
alır. Bizdə isə vəziyyət fərqlidir. Nə
vaxtsa bizdə də belə olacaqdır. Ancaq hələ ki,
belə deyildir. Azərbaycan dövləti bu öhdəliyi
öz üzərinə götürür və bütün
evlər qısa müddət ərzində bərpa ediləcəkdir.
Məktəblər
gələn tədris ilinə qədər tikilməlidir.
Bütün bu fəlakət zonasında 20-dən artıq məktəb
dağılıb. Biz onları sentyabrın 15-nə qədər
tikməliyik. Evlərə də indi vəsait ayrılıb.
Dünən göstəriş vermişəm, Nazirlər
Kabineti birinci vəsaiti ayırmışdır, 20 milyon manat.
Ancaq indi verilən məlumata görə, bu vəsait
çatmayacaqdır. Çünki dağıntılar həddindən
artıq çoxdur. Mənə məruzə edilmişdi ki,
üç yüz ev uçulub. İndi məlumat verilir ki,
üç minə qədər ev uçulub, yaxud da ki, qəzalı
vəziyyətdədir. Üç min. Ondan da çox ola bilər.
Çünki araşdırmalar indi hələ ki, davam edir.
Üç min evi tikmək böyük işdir, özü də
qısa müddət ərzində tikilməlidir ki, insanlar əziyyət
çəkməsinlər. Bilirsiniz və yenə də deyirəm,
çadırlar gətirmişik. Mənə Kəmaləddin
Heydərov və icra başçısı məlumat verirlər
ki, xahiş etmisiniz, çadırlar öz həyətlərinizdə
qoyulsun. İndi biz bunu da edirik. Amma çadırda yaşamaq
da çətindir. Qışda da, yayda da çətindir.
Qışda soyuq, yayda isti. Amma başqa yol da yoxdur.
SAKİN: Sizdən çox razıyıq, hörmətli cənab Prezident. İcazə verin, bu camaatın adından, öz adımdan Sizə, ailənizə dərin minnətdarlığımı bildirim. Bir şüar var bizim Azərbaycanda, ümummilli lider rəhmətlik Heydər Əliyevin şüarı - "Mən azərbaycanlıyam". Mən də deyirəm: "Biz azərbaycanlıyıq". Biz bu siyasəti müdafiə edirik, biz bu siyasətin arxasınca gedirik. Mən Sizə cansağlığı, uzun ömür arzulayıram.
Prezident İlham ƏLİYEV: Çox sağ olun. Mən də sizə minnətdaram ki, dözümlülük göstərirsiniz. Bu, doğrudan da, böyük fəlakətdir, böyük bəladır. Ancaq bir şeyi də qeyd etmək istəyirəm ki, Azərbaycan bu çətin sınaqdan şərəflə çıxacaqdır. Bütün evləri öz gücümüzə bərpa edəcəyik. Bizim indi imkanlarımız, gücümüz vardır. Bizim xilasedicilər müxtəlif ölkələrdə baş vermiş zəlzələlərin, yanğınların nəticələrinin aradan qaldırılmasında iştirak edirlər, başqa ölkələrə kömək göstərirlər. Ancaq bu məsələləri biz özümüz öz gücümüzə həll edirik.
İki il bundan əvvəl böyük daşqın baş vermişdi. Bilirsiniz, on minlərlə hektar ərazidə bütün evlər dağılmışdı, hər tərəfi su basmışdı, təbii fəlakət baş vermişdi. Biz o fəsadların əksər hissəsini artıq aradan götürdük. Yeni evlər, məktəblər tikildi, əvvəlkindən daha da gözəl. Bax, burada da, bu kəndlərdə də, yəni, ziyan dəymiş yerlərdə bütün infrastruktur yeniləşəcək, evlər tikiləcək və siz daha da yaxşı, daha da rahat yaşayacaqsınız.
O ki qaldı mənim fəaliyyətimə, bu, mənim borcumdur. Mən bu borcu yerinə yetirmək üçün bu vəzifəyə seçilmişəm. Həmişə xalqla birlikdəyəm, birlikdə də olacağam. Yaxşı günlərdə də, ağır günlərdə də. Bir daha demək istəyirəm ki, bugünkü Azərbaycan dövləti çox böyük potensiala malikdir. Həm dünya miqyasında, həm bölgədə, regionda mövqelərimiz möhkəmdir. Ölkə daxilində də vəziyyət yaxşıdır. İqtisadi imkanlarımız, güclü iradəmiz var və bizim siyasətimizin mərkəzində insan dayanır, Azərbaycan vətəndaşı, adi vətəndaş, bax, sizin kimi. Ona görə əmin ola bilərsiniz ki, yaxın zamanlarda bütün bu məsələlər həll olunacaqdır.
SAKİN: Yüz faiz əminik.
Prezident İlham ƏLİYEV: Mənim nümayəndələrim buradadırlar. İcra nümayəndələri, icra başçıları öz vəzifə borclarını yerinə yetirirlər. Sizin bütün problemləriniz həll olunacaqdır. Mənə məlumat verilib ki, müəyyən xahişlər irəli sürülüb ərzaqla, uşaq yeməkləri ilə, su təchizatı ilə bağlı. İndi burada müəyyən yerlərdə ictimai mərkəzlər yaradılmalıdır ki, insanlar dincəlsinlər, hamamlar, televizora baxmaq üçün yerlər düzəldilməlidir. Təhlükəli olduğu üçün elektrik verilişi dayandırılıbdır. Çalışacağıq, maksimum dərəcədə şərait yaradaq ki, siz bu çətinliyi hiss etməyəsiniz.
SAKİN: Çox sağ olun, çox təşəkkür edirik. Çox razıyıq. Təşəkkürlərimizi bildiririk.
Fövqəladə hallar naziri Kəmaləddin HEYDƏROV: Həm də cənab Prezident, demək, əhali ilə danışdıq, bu tikintilərdə yerli əhali də işə götürüləcək və bu müddət ərzində işləyib pul qazanacaqlar.
Prezident İlham ƏLİYEV: Bəli, əlbəttə, siz özünüz gərək işləyəsiniz, özünüz üçün evlər tikməlisiniz. Dövlət buna görə də vəsait verəcəkdir. Çalışın evləri keyfiyyətlə tikin. Mənim indi əsas istəyim bundan ibarətdir. Düzdür, burada mən yuxarıdan da seyr edirdim, bu evlər yaxşı tikilib, yəni, möhkəm tikilib, daş evlərdir. Bizdə bəzi yerlərdə evlər keyfiyyətsiz, çiy kərpicdən tikilir. Sizin evlər daş evlərdir, amma təkan çox güclü olub ki, dözməyib. Odur ki, bu dəfə bundan daha da keyfiyyətli tikin. Daha da keyfiyyətli tikin ki, gələcəkdə heç bir ağır hadisə baş verməsin.
SAKİN: Allah qismət etsin, işlər qaydasına düşəndən sonra bir də gələrsiniz, bir də görüşərik, inşallah.
Prezident İlham ƏLİYEV: Əlbəttə, mütləq gələcəyəm. Gələcəyəm, yoxlayacağam, yeni evlərə köçməyinizi bir yerdə qeyd edəcəyik.
SAKİNLƏR: İnşallah, sağ olun. Allah canınızı sağ eləsin. Çox sağ olun. Çox minnətdarıq.
Prezident İlham ƏLİYEV: Tikiləndə yenə də görüşəcəyik. Onda sizin əhval-ruhiyyəniz yaxşı olacaqdır. Görəcəksiniz, yeni evlər indiki evlərdən daha keyfiyyətli, daha geniş, daha da rahat olacaqdır. Siz də bütün ölçüləri götürün. Yəni indi söküləcək evlərin ölçülərini, neçə otaqdan ibarətdir, neçə kvadratmetrdir, ondan daha da böyük evlər tikək.
SAKİNLƏR: Çox sağ olun. Çox razıyıq. İnanırıq. Biz həmişə inanmışıq Sizə.
Prezident İlham ƏLİYEV: Bütün qeydiyyat işləri dəqiqliklə aparılmalıdır.
Kəmaləddin HEYDƏROV: Artıq başlayıbdır, onlar indi özləri də icra nümayəndələri ilə bərabər bizim komissiyalarla işləyirlər. Yeni evlər tapşırığınıza uyğun tikiləcəkdir.
Prezident İlham ƏLİYEV: Siz müəyyən müddətdən sonra o evlərin layihələrini də bəlkə burada təqdim edəsiniz ki, insanlar görsünlər evləri necə olacaqdır.
SAKİN: Cənab Prezident, bir xahişimiz var, bizim uşaq bağçamız yoxdur, onu da nəzərə alsınlar.
Prezident İlham ƏLİYEV: O mütləq olacaqdır. Uşaq bağçaları da dağılıb. Neçə uşaq bağçası dağılıb?
Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz ƏHMƏDZADƏ: Burada məktəb bütün dağılıb - köhnə məktəb də, təzə məktəb də. Uşaq bağçası burada primitiv bir binada idi.
SAKİN: Uşaq bağçası yoxdur, heç olmayıb. Uşaqlarımız məktəbə gedəndə əziyyət çəkirlər.
Prezident İlham ƏLİYEV: Olmayıb, indi olacaqdır.
Mübariz ƏHMƏDZADƏ: Mamrux kəndində keçən il təzə tikilib istifadəyə verildi. Burada da bu il nəzərdə tutmuşduq. Belə bir fəlakət oldu. Hər şey qaydasında olacaqdır.
Prezident İlham ƏLİYEV: Burada məktəb neçə nəfərlik idi? Köhnə məktəb idi?
Mübariz ƏHMƏDZADƏ: Bəli, köhnə idi. Yeni korpus tikilmişdi, 400 nəfərlik idi. Hər ikisi dağılıbdır.
Prezident İlham ƏLİYEV: Kəndin əhalisi nə qədərdir?
Mübariz ƏHMƏDZADƏ: 1696 nəfərdir, 645 təsərrüfatdır.
Prezident İlham ƏLİYEV: Məktəbi 600 nəfərlik tikin. Biz yaxşı, gözəl məktəblər tikirik. Minlərlə məktəb tikilib. Uşaq bağçası da məktəbin yanında, bəlkə də bir ərazidə. Ona indi özünüz baxın. Onların layihələrini hazırlayın və sonra kəndlərdə bir yerdə düzün ki, insanlar görsünlər. Evlər tikiləndə vətəndaşların xahişləri də nəzərə alınmalıdır. İndiki ölçüləri, əlbəttə ki, müəyyənləşdirin. Demişəm, yeni ölçülər indiki ölçülərdən çox olmalıdır. Ancaq evlərin daxili planlaşdırılmasını insanların xahişi ilə etmək olar. Sağ olun. Sizə cansağlığı arzulayıram. Əminəm ki, yaxın zamanlarda yenə də görüşəcəyik.
SAKİNLƏR: İnşallah. Çox sağ olun. Təşəkkür edirik.
Sonra dövlət başçısı zəlzələnin episentrində yerləşən Qax rayonunun Güllük kəndinə gəldi.
"Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sədri Əhməd Əhmədzadə zəlzələ nəticəsində bu rayonda baş verən dağıntılar və həyata keçirilən tədbirlər barədə dövlət başçısına məlumat verdi.
Güllük kənd sakini Abdulla Məmmədovun zəlzələdən zərər çəkmiş evinə baxan Prezident İlham ƏLİYEV dedi:
- Təbii fəlakət baş verib. Fəlakətin nəticələri aradan qaldırılacaqdır, sizin üçün daha da gözəl evlər tikiləcəkdir. İlk növbədə, sizin qəzalı vəziyyətdə olan evləriniz sökülməlidir və onların yerində yeni evlər tikilməlidir. Mən göstəriş vermişəm, bütün evlər Azərbaycanın dövlət büdcəsi hesabına yenidən tikiləcəkdir. Siz narahat olmayın. Bu məsələ mənim nəzarətimdədir. Bütün göstərişlər verilib. Sabahdan başlayaraq bütün kəndlərdə, ilk növbədə, təhlil və söküntü işləri aparılacaqdır.
Evlərin ölçüləri müəyyən ediləcəkdir və yeni evlər elə həmin bu evlərin yerində tikilməlidir. İndiki evlərdən daha da böyük evlər olacaqdır. Bütün xərcini də Azərbaycan dövləti öz üzərinə götürür.
SAKİN: Çox sağ olun, Allah Sizi qorusun, bilirik ki, bizi darda qoymayacaqsınız.
Prezident İlham ƏLİYEV: Heç narahat olmayın. Məktəb də tikiləcəkdir. Yəqin buradakı məktəb də dağılıbdır.
Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa ŞƏKİLİYEV: Müxtəlif dərəcədə xəsarət alan 30-a yaxın sosial obyekt vardır.
Prezident İlham ƏLİYEV: Rayonda?
Musa ŞƏKİLİYEV: Bəli, həmin 16 kənddə. Üç məktəbin binasında divarlar uçulmuşdur.
Prezident İlham ƏLİYEV: Bu kənddə məktəb var?
Musa ŞƏKİLİYEV: Bəli, onda da çatlar vardır.
Prezident İlham ƏLİYEV: Bu kənddə əhali nə qədərdir?
Musa ŞƏKİLİYEV: Burada 2400 əhali, 576 ev vardır.
Prezident İlham ƏLİYEV: Böyük kənddir. Görəcəksiniz, bir neçə aydan sonra tikiləcək evlər necə gözəl olacaqdır.
SAKİN:
Allah Sizə cansağlığı versin. Allah
Sizi başımızın üstündən əskik etməsin.
Prezident
İlham ƏLİYEV: Bizim dövlətimiz güclü
dövlətdir. İnsanlara da böyük
qayğı vardır. Siz də görəcəksiniz
ki, necə gözəl evlər tikiləcəkdir. Gözlərinizə inanmayacaqsınız. Göstəriş vermişəm artıq, yaxın
vaxtlarda layihələr hər kənddə göstəriləcəkdir,
insanlar da görsünlər ki, onlar necə gözəl evlərdə
yaşayacaqlar. Yeni evlərin tikintisində
siz özünüzdə iştirak edəcəksiniz, eyni
zamanda, özünüz tikəcəksiniz. Dövlət
isə sizə maaş şəklində əlavə
vəsait verəcəkdir.
Kəmaləddin
HEYDƏROV: Təmirdə, tikintidə işləyənlərə
pul veriləcəkdir.
Prezident
İlham ƏLİYEV: Evlər, yəqin ki, daşdan tikiləcəkdir.
Kəmaləddin
HEYDƏROV: Daşdan tikiləcəkdir, bəli.
Prezident
İlham ƏLİYEV: Mən görürəm, bax, bu evlər
kərpicdəndir.
Kəmaləddin
HEYDƏROV: Kərpicdir, bir də çay
daşlarıdır, cənab Prezident.
Prezident
İlham ƏLİYEV: Bu, keyfiyyətsiz tikilib. Elədir?
SAKİN:
O vaxt.
Prezident
İlham ƏLİYEV: O vaxt - 40 il bundan əvvəl,
özü də keyfiyyətsiz. Amma indi evlər
daşdan tikiləcək və keyfiyyətli olacaqdır.
SAKİN
(qadın): Hamısına xeyirli olsun. Allah
canınızı sağ etsin. Nə anam
var, nə də atam. Heç kimim yoxdur.
Prezident
İlham ƏLİYEV: Dövlət vardır. Dövlət
də bütün məsələləri həll edəcəkdir.
SAKİN:
Dövlət güclü dövlətdir. Allah
Prezidentimizin canını sağ etsin.
Prezident
İlham ƏLİYEV: Heç kim Azərbaycanda
sahibsiz qala bilməz. Təbii fəlakət
baş veribdir. Xoşbəxtlikdən
heç bir itki yoxdur. Ev nədir ki, evi biz
tikəcəyik.
SAKİN:
Can sağlığı olsun.
* *
*
Prezident İlham Əliyev Güllük kənd sakinləri
ilə də görüşdü. Kəndin sakinləri adından
ağsaqqal Fazil MUSAYEV dövlət
başçısını salamlayaraq dedi:
- İcazə verin, Sizi, bir ziyalı, ağsaqqal kimi,
Güllük kənd camaatı adından salamlayım və
Sizə "Xoş gəlmisiniz!" deyim.
Cənab
Prezident, biz çox istərdik ki, Siz bizim xoş günlərimizdə
iştirak edəsiniz. Təəssüf ki, kəndimizdə
böyük təbii fəlakət baş verib. Siz çətin günümüzdə bizimlə
görüşə gəlmisiniz. Bu, bizi
çox ruhlandırıb. Sizinlə
görüşə çox şadıq. Biz əminik ki, Sizin müdrik siyasətinizlə,
köməyinizlə problemlərimiz həllini tapacaqdır.
Biz Sizin iradənizə, qətiyyətinizə əminik.
İnşallah, biz elliklə, Sizin köməyinizlə
bu çətin vəziyyətdən
çıxacağıq.
Cənab
Prezident, zəlzələnin episentri bizim ərazimizdə
olduğu üçün kəndimizdə daha çox
dağıntılar vardır. Demək olar ki, kəndin
binalarının 95 faizi ya dağılıb, ya da qəzalı
vəziyyətə düşüb. Ona
görə də Sizdən xahiş edirik ki, bizə kömək
edəsiniz. Biz Sizə inanırıq, Sizin siyasətinizi
bəyənirik, təbliğ edirik və daim Sizin
arxanızda durmuşuq. Biz Sizə, Sizin
müdrikliyinizə inanırıq. Bilirik
ki, bu işin öhdəsindən gəlməyə bizə
kömək edəcəksiniz. Xalqımız,
camaatımız yeni binalarda yaşayacaq, övladlarını əmin-arxayın
böyüdəcəklər. Sizə
çox təşəkkür edirəm.
Prezident
İlham ƏLİYEV: Çox sağ olun.
Mən əminəm ki, yaxın aylarda biz xoş
günlərdə də görüşəcəyik. Çünki müvafiq göstərişlər
verilmişdir ki, bütün evlər qısa müddət ərzində
yenidən tikilsin.
Təbii fəlakətdir. Çox güclü zəlzələ
baş vermişdir. Dediyiniz kimi, episentr də
sizin kəndinizə, bu əraziyə düşüb. Əsas dağıntılar Zaqatala, Qax və qismən
Balakən rayonlarındadır. Evlər
uçulub, dağılıb, qəzalı vəziyyətdədir.
Məktəblər, uşaq
bağçaları dağılıb. Bütün
sosial obyektlər dağılıb. Yəni
böyük fəlakətdir. Mənə verilən son məlumata
görə, üç minə qədər ev
yenidən tikilməlidir. Amma çox güman
ki, ondan da artıq olacaqdır. Çünki
hələ hesablamalar aparılır, komissiya işləyir.
Ancaq onu deyə bilərəm ki, bütün qəzalı
vəziyyətdə və uçulmuş,
dağılmış evlər bərpa ediləcəkdir.
Harada ki, bu, mümkün deyil, - əksər
hallarda bu, mümkün deyil, - yeni evlər tikiləcəkdir.
Evlər tikiləndə sizin istəyiniz nəzərə
alınacaqdır. Mən göstəriş vermişəm
ki, bütün evlərin ölçüləri
götürülsün. Bu
ölçülər evlərin sahiblərinin iştirakı
ilə təsdiqlənsin ki, siz də biləsiniz, dövlət
də bilsin, evin ölçüləri nə qədərdir.
Yeni tikiləcək evlər indiki evlərdən
daha da böyük olmalıdır. Bu
göstərişi də mən vermişəm.
SAKİN:
Çox sağ olun.
Prezident
İlham ƏLİYEV: Bütün evlər dövlət
hesabına tikiləcəkdir. Bu məqsədlərə
çatmaq üçün dünən mənim göstərişimlə
ilkin ödəmələr artıq ayrıldı. 20 milyon manat vəsait ayrıldı. Siz yəqin ki, eşitmisiniz. Ancaq
bundan sonra da ayrılacaqdır. Çünki
dağıntılar həddindən artıq çoxdur.
Bizim dövlətimizin gücü kifayət qədərdir. Bizim siyasətimizin
mərkəzində insan amili dayanır. Ona
görə mən şübhə etmirəm və xahiş
edirəm siz də şübhə etməyəsiniz ki,
bütün evlər tikiləcəkdir, indikindən daha da
gözəl, daha da yaxşı.
SAKİNLƏR:
İnşallah!
Prezident
İlham ƏLİYEV: Bax indi bu evin yiyəsi mənə deyir
ki, 1972-ci ildə tikilib, özü də o vaxt texnologiyalar
indiki kimi deyildi. Deyə bilmərəm ki,
çox keyfiyyətlə tikilib. Amma yeni
tikiləcək evlər ən müasir texnologiyalara cavab verəcək,
keyfiyyətli tikiləcək, rahat, işıqlı və
gözəl olacaqdır. Biz bunu qısa
müddət ərzində etməliyik. Bütün
qüvvələr səfərbər olunur. Fövqəladə
Hallar Nazirliyi, digər qurumlar işləyir. Ərzaqla
təchizat təmin ediləcəkdir. İctimai
yerlər müəyyən edilməlidir. Müvəqqəti
olaraq çadırlarda yaşamaq məcburiyyətindəsiniz.
Düzdür, bu, ağırdır, amma başqa
yol yoxdur. Çalışacağıq ki,
bu məsələlər tezliklə öz həllini
tapsın.
İlk növbədə, əlbəttə, seysmoloji vəziyyətə
nəzarət edilməlidir. Çünki istisna
edilmir ki, yeni təkanlar da olsun. Onu heç kim indi deyə bilməz. Amma vaxt
itirmədən qəzalı vəziyyətdə olan
bütün evlər sökülməlidir. Onların yerləri təmizlənməlidir və
tikinti materialları gətirilməlidir, artıq yoldadır.
Texnika gəlib və şərait, seysmoloji vəziyyət
imkan verən kimi biz dərhal tikintiyə
başlayacağıq. Tikintilərdə kənd
əhalisi iştirak etməlidir, işləməlidir. Dövlət də vəsait ayıracaqdır. Yəni siz dövlət hesabına özünüz
üçün evlər tikəcəksiniz, üstəlik
dövlət buna görə sizə vəsait də verəcəkdir.
Bax bizim yanaşmamız bundan ibarətdir.
SAKİNLƏR:
Sağ olun. Çox sağ olun.
Prezident
İlham ƏLİYEV:
Biz bunu edəcəyik. Siz mənə
inanırsınız.
SAKİNLƏR:
İnanırıq.
Prezident
İlham ƏLİYEV: Mən heç vaxt reallaşması
mümkün olmayan vədlər verməmişəm. Verdiyim bütün vədlər artıqlaması ilə
icra edilib. Son 9 ilin təcrübəsi bunu
göstərir. Bütün bu zonada olan kəndlərdə
evlər yenidən tikiləcəkdir. Ancaq
bu, böyük bir işdir. Çünki üç minə
qədər, - bəlkə də ondan da çox olacaqdır,
- ev qəzalı və
dağılmış vəziyyətdədir. Üç
min, ya dörd min evi, onlarla məktəbi, uşaq
bağçasını, tibb məntəqəsini tikmək
böyük işdir. Amma biz bu işin
öhdəsindən gələcəyik. Siz buna əmin ola bilərsiniz. Yeni tikilən evlərin
açılışında da bir yerdə sizinlə
olacağam.
SAKİNLƏR:
İnşallah, Allah Sizdən razı olsun. Çox sağ olun.
SAKİN:
Cənab Prezident! Siz ulu öndər Heydər Əliyevin
dühasından bəhrələnən bir şəxsiyyətsiniz.
Siz onun oğlusunuz. Heydər
Əliyevin siyasətini də Siz davam etdirirsiniz. Xalqın inamı ona görə Sizə daha
çoxdur. Xalq bilir ki, Prezidentimiz bizim
arxamızdadır, biz də Prezidentin arxasındayıq.
Prezident
İlham ƏLİYEV: Ümumiyyətlə, Zaqatala, Qax və ətraf
rayonların sosial-iqtisadi inkişafı sürətlə
gedir. Bu gün mən buraya təyyarə ilə
gəlmişəm. Zaqatala aeroportuna gəlmişəm.
Bu aeroportu biz yaratdıq, biz tikdik. Zaqatala şəhəri də gözəlləşir.
Qax şəhəri çox gözəl,
müasir şəhər olubdur. Siz
görürsünüz Qaxın əvvəlki vəziyyəti
necə idi, indiki vəziyyəti necədir?!
Mən bir neçə ay bundan əvvəl Qaxda
olmuşam. Gözəl işlər görülübdür,
yeni binalar tikilir. Qaxın içməli
su, kanalizasiya layihələri icra edilir. Köhnə
bazar layihəsi yaradılmışdır. O da nadir
memarlıq abidəsidir. Yəni, həm
infrastruktur, həm abadlıq işləri bütün rayon mərkəzlərində
gedir. O ki qaldı kəndlərə, kəndlərə
də diqqət göstərilir və bundan sonra da göstəriləcəkdir.
Təbii fəlakətlər baş verə bilər.
Heç kim bundan sığortalı
deyildir. Əsas məsələ ondadır ki, bu
sınaqdan dövlətlər necə çıxır.
SAKİNLƏR:
Dəyanətlə çıxdıq.
Prezident
İlham ƏLİYEV: Biz bütün dövrlərdə
sınaqdan şərəflə çıxmışıq. Öz hesabımıza çıxmışıq.
Bu dəfə də öz hesabımıza
çıxacağıq. Qısa müddət
ərzində. Görəcəksiniz ki, siz
bu evlərdən qat-qat gözəl, yaraşıqlı və
keyfiyyətli evlərdə yaşayacaqsınız.
SAKİNLƏR:
İnşallah. Çox sağ olun. Təşəkkür edirik. Biz
Sizə inanırıq və ümid edirik. Allah Sizi qorusun.
Prezident
İlham ƏLİYEV: Sağ olun.
* *
*
Daha sonra Zaqatala rayonunda zəlzələ ilə
bağlı yaradılan qərargahda Prezident İlham Əliyevin
sədrliyi ilə müşavirə keçirildi.
Dövlət başçısı müşavirədə
çıxış etdi.
Azərbaycan.- 2012.- 11 may.- S. 5-6.