Milli Məclisdə Heydər Əliyev Xatirə Zalı kitabının təqdimatı olmuşdur

 

Mayın 10-da Milli Məclisdə "Heydər Əliyev Xatirə Zalı" kitabının təqdimatı olmuşdur. 

Mərasim Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuşdur. 

Tədbiri Milli Məclisin Sədri Oqtay Əsədov açaraq əvvəlcə bayram münasibətilə deputatları və tədbirin digər iştirakçılarını təbrik etmişdir.

Milli Məclisin Sədri demişdir ki, xalqımızın ümummilli lideri Heydər Əliyev müstəqil və müasir Azərbaycanın yaradıcısıdır. Məhz onun sayəsində xalqımız siyasi və dövlət müstəqilliyinin möhkəm təməlini yaratmışdır. Bu təməl üzərində qurulan müstəqil dövləti qoruyub saxlaya bilmişdir. Ulu öndərin Vətən və xalq qarşısındakı əvəzsiz tarixi xidmətlərindən danışan O.Əsədov demişdir ki, bu il parlamentdəki Heydər Əliyev Xatirə Zalının yaradılmasının 5 ili tamam olur. Bu münasibətlə işıq üzü görən yeni nəşr ulu öndərin xatirəsinə ehtiramın bir ifadəsidir. Ötən 5 ildə xatirə zalı parlamentə gələn xarici qonaqların əsl ziyarət yerinə çevrilmişdir. Milli Məclisdə qonaq olan 150-dən çox nümayəndə heyəti buradakı eksponatları maraqla izləmiş, muzeydəki xatirə kitabına ürək sözlərini yazmışlar.

Sonra Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova, Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə, Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, deputatlardan Siyavuş Novruzov, Rəfael Hüseynov, Fəttah Heydərov, Mübariz Qurbanlı, Rövşən Rzayev, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev çıxış etmişlər. Azərbaycanın yaxın tarixinə nəzər salan natiqlər bildirmişlər ki, Heydər Əliyev xalqının xilaskarı və ən böyük şəxsiyyətlərdəndir. Azərbaycanın dövlət müqəddəratının həll olunduğu bir vaxtda xalqın təkidi ilə hakimiyyətə gələn ulu öndərin müdrik və uzaqgörən siyasəti nəticəsində müstəqilliyimiz çətin və mürəkkəb bir şəraitdə qorunub saxlanılmış, daha da möhkəmlənmişdir. Ulu öndərin böyük siyasətə qayıdışı 1993-cü il iyunun 15-də onun Ali Sovetə sədrliyi ilə başlamışdır. Ümummilli lider prezident seçilənədək 4 ay parlamentə sədrlik etmişdir. Bu müddətdə ölkədə qanunvericilik orqanının nüfuzu artmış, Milli Məclis ölkədə baş verən mürəkkəb və ziddiyyətli ictimai, siyasi hadisələrin açıq, demokratik şəraitdə müzakirə olunduğu real hakimiyyət orqanına çevrilmişdir. Qısa müddətdə parlamentin ruhu kökündən dəyişmişdir. Ulu öndər Milli Məclisə siyasi mədəniyyət gətirmişdir.

Qeyd olunmuşdur ki, ulu öndərin rəhbərliyi ilə uğurlu siyasi-inkişaf strategiyasının təməli qoyulmuşdur ki, bu da sonralar ölkənin həyatında həlledici amillərdən biri olmuşdur. Azərbaycan qısa bir zamanda nəinki regionda, dünyada yüksək nüfuza, sözə sahib olan dövlətə çevrilmişdir. Ulu öndər Azərbaycana milli təhlükəsizlik konsepsiyası, milli dövlətçilik ideyası, bu ideyanı daşıyıb xalqı arxasınca aparmağa qadir siyasi təşkilat, yeni lider bəxş etmişdir. Bu gün ulu öndərin müəyyənləşdirdiyi strateji inkişaf xəttini uğurla davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində Azərbaycanın dünyadakı nüfuzu getdikcə daha da artır. İqtisadi inkişaf, sosial rifah həyatın bütün sahələrində özünü göstərir. Azərbaycanda reallaşdırılan islahatlar ölkəni dünyanın diqqət mərkəzində saxlayır. Neft-qaz sahəsində uğurla reallaşdırılan böyük regional layihələr təkcə bugünümüzə deyil, gələcək rifahımıza təminat verir.

Deputatlar ulu öndərin gələn il anadan olmasının 90 illiyi ilə bağlı müxtəlif tədbirlərin keçirilməsini, Heydər Əliyevin parlamentə sədrliyi dövrünü əks etdirən filmin çəkilməsini də təklif etmişlər. Tədbirdə parlamentin "Azərbaycan Respublikasının Milli Məclisi - dördüncü çağırış" kitabı da təqdim olunmuşdur.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 11 may.- S. 8.