Xəzər rayonunun Buzovna qəsəbəsində uşaqlar üçün yay istirahət düşərgəsi açılmışdır

 

Açılış mərasimində birinci xanım Mehriban Əliyeva iştirak etmişdir

 

Mayın 9-da Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Xətai rayonundakı 3 nömrəli uşaq evinin Xəzər rayonunun Buzovna qəsəbəsində yerləşən yay istirahət düşərgəsinin əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak etmişdir.  

Mehriban xanım Əliyeva açılışı bildirən lenti kəsdi və istirahət düşərgəsində yaradılmış şəraitlə yaxından tanış oldu.

Binanın foyesində ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın uşaqlara diqqət və qayğısını əks etdirən fotostendlər vardır.

Azərbaycanın birinci xanımına məlumat verildi ki, Heydər Əliyev Fondunun həyata keçirdiyi "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində yay istirahət düşərgəsində yenidənqurma işləri 2010-cu ilin fevralında başlanmışdır.

Bildirildi ki, 120 yerlik dördmərtəbəli düşərgədə uşaqların istirahəti və əyləncəsi üçün yüksək şərait yaradılmışdır.

Burada uşaqlar kompyuterlər vasitəsilə informasiya-kommunikasiya texnologiyalarının sirlərinə yiyələnəcəklər. Düşərgənin kitabxanasında bir çox sahələrə dair ədəbiyyat toplanmışdır. Balacalar buradakı geniş yeməkxananın xidmətindən istifadə edəcəklər.

Birinci xanım Mehriban Əliyevanın diqqətinə çatdırıldı ki, düşərgədə uşaqların əylənmələri üçün maraqlı tədbirlər təşkil ediləcəkdir. Binanın dördüncü mərtəbəsində məhz bunun üçün əlverişli şərait yaradılmışdır.

Mehriban xanım Əliyeva burada 3 nömrəli uşaq evinin əməkdaşları və uşaqlarla görüşdü, yay istirahət düşərgəsinin hazır olması münasibətilə onları təbrik etdi.

Azərbaycanın birinci xanımı binanın eyvanından açılan gözəl mənzərəni seyr etdi.

Qeyd edildi ki, düşərgədə uşaqların idmanla məşğul olmaları üçün də hər cür şərait vardır. Burada futbol meydançası yaradılmış, hovuz tikilmişdir. Düşərgənin müxtəlif ağacların və dekorativ kolların əkildiyi həyətində müasir işıqlandırma sistemi qurulmuş, əyləncə guşələri yaradılmışdır. Yay istirahət düşərgəsinin binasında təhlükəsizlik kameraları və siqnal sistemi quraşdırılmışdır.

Bildirildi ki, binanın oğlanlar üçün nəzərdə tutulan ikinci mərtəbəsində hər biri 15 nəfərlik dörd yataq otağı vardır. Buradakı 200 nəfərlik iclas zalında müxtəlif tədbirlərin keçirilməsi üçün lazımi avadanlıq quraşdırılmışdır. Binanın üçüncü mərtəbəsi isə qızlar üçün nəzərdə tutulmuşdur.

Məlumat verildi ki, Xətai rayonundakı 3 nömrəli uşaq evi 1937-ci ildən fəaliyyət göstərir. Burada 3 yaşdan 18 yaşa qədər valideyn himayəsindən məhrum olmuş 102 uşaq yaşayır və tərbiyə olunur. 1989-cu ildən 1990-cı ilə qədər kimsəsiz uşaqlar yay fəslində uşaq evinin Xəzər rayonunun Buzovna qəsəbəsində yerləşən sağlamlıq zonasında dincəlirdilər. 1991-ci ildən sağlamlıq zonası yaşayış üçün yararsız hala düşdüyündən fəaliyyətini dayandırmışdır. Bu düşərgə Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir edildikdən sonra qapılarını yenidən uşaqların üzünə açmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 11 may.- S. 8.