Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Şüvəlan qəsəbəsindəki 78 nömrəli körpələr evi-uşaq bağçasının əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak etmişdir

 

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Xəzər rayonundan Milli Məclisin deputatı Mehriban Əliyeva Şüvəlan qəsəbəsindəki 78 nömrəli körpələr evi-uşaq bağçasının əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak etmişdir.

Mehriban xanım Əliyeva rəmzi açılışı bildirən lenti kəsdi və körpələr evi-uşaq bağçasında yaradılmış şəraitlə yaxından tanış oldu.

Binanın foyesində ümummilli lider Heydər Əliyevin uşaqlara diqqət və qayğısını əks etdirən fotostend qurulmuşdur.

Bildirildi ki, Heydər Əliyev Fondunun həyata keçirdiyi "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində aparılmış yenidənqurma işləri nəticəsində 120 yerlik körpələr evi-uşaq bağçasında uşaqların təlim-tərbiyəsi və əyləncəsi üçün hər cür şərait yaradılmışdır. İki mərtəbədən və zirzəmidən ibarət binada yenidənqurma işlərinə 2011-ci ilin fevralında başlanmışdır.

Körpələr evi-uşaq bağçasında balacalar xüsusi otaqlarda gimnastika və intellektual idman növü sayılan şahmatla məşğul olacaqlar. Uşaqların öz fantaziyalarını rəsm vasitəsilə reallaşdırmaq imkanı da olacaqdır. Onların musiqi zövqünü formalaşdırmaq üçün isə xüsusi otaq yaradılmışdır.

Diqqətə çatdırıldı ki, körpələr evi-uşaq bağçasının idman zalı təhlükəsiz qurğularla təchiz olunmuşdur. Burada altı qrup - bir orta, bir kiçik, iki böyük və iki məktəbə hazırlıq qrupları vardır.

Məlumat verildi ki, binanın zirzəmisində anbar, camaşırxana, qabyuma, arxiv və digər otaqlar yerləşir. Yeməkxana da müasir tələblərə cavab verir. Uşaqların naharla təminatı mərkəzləşmiş qaydada həll edilir. Bunun üçün binanın zirzəmisindəki mətbəxdə hazırlanan yeməklər yük lifti vasitəsilə mərtəbələrə paylanır. Hər qrupun ayrıca mətbəxi vardır.

Azərbaycanın birinci xanımının diqqətinə çatdırıldı ki, körpələr evi-uşaq bağçasının həyətyanı sahəsində abadlıq işləri aparılmışdır. Həyətdə uşaq oyun meydançaları yaradılmış, 50 kubmetrlik içməli su, 80 kubmetrlik yanğın əleyhinə su anbarları tikilmişdir. İşıqlandırma sisteminin tamamilə yeniləndiyi körpələr evi-uşaq bağçasında təhlükəsizlik kameraları və siqnal sistemləri də quraşdırılmışdır.

Beləliklə, Azərbaycanın gələcəyini təmin edəcək sağlam ruhlu, müasir düşüncəli uşaqlar yetişdirmək üçün Heydər Əliyev Fondu növbəti uğurlu layihələri həyata keçirmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 11 may.- S. 8.