Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində Rusiya Prezidenti V.V.Putinin inauqurasiyası münasibətilə dəyirmi masa keçirilmişdir

 

 Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində (RİMM) V.V.Putinin Rusiya Federasiyasının Prezidenti vəzifəsinə başlaması ilə əlaqədar Azərbaycan ilə Rusiya arasında əməkdaşlığın perspektivlərinə həsr edilmiş "dəyirmi masa" keçirilmişdir.

RİMM-nin mətbuat mərkəzindən AzərTAc-a verilən məlumata görə, "dəyirmi masa"nın işində Azərbaycan Prezidenti Administrasiyasının nümayəndələri, Milli Məclisin deputatları, qeyri-hökumət təşkilatlarının, aparıcı analitik nəşrlərin və informasiya agentliklərinin, Rusiya həmvətənlər təşkilatlarının rəhbərləri iştirak etmişdir.

Tədbir Vladimir Putinin Prezident vəzifəsinə başlamasına həsr edilmiş təntənəli mərasimin translyasiyasına baxışla başlanmışdır.

"Rossotrudniçestvo" agentliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Ənvər Şeyxov tədbiri açaraq qeyd etmişdir ki, "dəyirmi masa"da Rusiya Federasiyasının yeni rəhbərliyinin siyasəti fonunda Rusiya-Azərbaycan münasibətlərinin inkişafı ilə əlaqədar məsələləri müzakirə etmək nəzərdə tutulurdu. Bu siyasətin əsasları V.V.Putinin "Rusiya və dəyişən dünya" adlı proqram xarakterli məqaləsində şərh edilmişdir.

"Dəyirmi masa"nın moderatoru politoloq, professor Fikrət Sadıxov giriş sözündə vurğulamışdır ki, V.V.Putinin ikinci dəfə Rusiya Prezidenti vəzifəsinə gəlməsi ikitərəfli münasibətlərin inkişafında müsbət amildir, çünki V.V.Putinin hakimiyyətdə olduğu dövr iki ölkə arasında bir sıra sahələrdə əlaqələrin yaxşılaşması ilə səciyyəvi olmuşdur.

"Dəyirmi masa"nın iştirakçıları öz çıxışlarında Azərbaycan ilə Rusiya arasında humanitar sahədə, o cümlədən mədəniyyət, elm, təhsil sahələrində əməkdaşlığın perspektivləri, həmvətənlərin vəziyyəti, iqtisadiyyat, təhlükəsizlik, insan hüquq və azlıqlarının müdafiəsi, Cənubi Qafqazda münaqişələrin həlli və sülhün dəstəklənməsi problemlərinə toxunmuşlar.

 

 

Azərbaycan.- 2012.- 11 may.- S. 10.