Dönüşdən Qurtuluşa kitabının təqdimatı olmuşdur

 

Mayın 8-də Azərbaycan Mətbuat Şurasında tanınmış jurnalist Fəxrəddin Ağamirzəyevin "Dönüşdən Qurtuluşa" kitabının təqdimatı olmuşdur.

AzərTAc xəbər verir ki, təqdimat mərasimində jurnalist-hüquqşünas Fəxrəddin Ağamirzəyevin bu kitabının 21 il əvvəl müəllifin ulu öndər Heydər Əliyev ilə görüşüb ondan aldığı müsahibə əsasında yazıldığı diqqətə çatdırılmışdır. Bildirilmişdir ki, müsahibədə ulu öndərin həyat və siyasi fəaliyyətinin ən çətin məqamları açıqlanmış, Azərbaycanın taleyi ilə bağlı böyük Vətən oğlunun fikirləri öyrənilmişdir. 

Qeyd edilmişdir ki, yeni kitab ümummilli liderin həyatının iki taleyüklü dövrü arasındakı zaman kəsiyindən soraq verir.

"Dönüş" ulu öndərin Moskvadan Vətənə döndüyü çətin, məhdudiyyətli, ağrılı günləri, "Qurtuluş" isə müstəqillik qazanmış Azərbaycanın fəlakətlə üzləşdiyi, məhv olmaq təhlükəsi qarşısında qaldığı bir zamanda  ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyası ilə ölkə rəhbərliyinə qayıtdığı dövrü əhatə edir.

Təqdimat mərasimində çıxış edənlər demişlər ki, Azərbaycan, rusingilis dillərində hazırlanmış kitab qloballaşan dünyada nadir siyasətçi kimi şöhrətlənən, dünyanın müxtəlif ölkələrində abidələri ucaldılan ulu öndər Heydər Əliyevin bioqrafiyasının daimi izləyiciləri olan əcnəbi oxucular üçün də maraqlı mənbə olacaqdır.

"Adiloğlu" nəşriyyatında işıq üzü görən kitabın redaktoru əməkdar jurnalist Tahir Aydınoğludur.

 

 

Azərbaycan.- 2012.- 11 may.- S. 10.