Ulu öndərin doğum günü münasibətilə tədbir keçirilmişdir

 

 Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə Vergilər Nazirliyində mərasim keçirilmişdir. Tədbir iştirakçıları əvvəl nazirliyin foyesində Heydər Əliyevin büstü önünə gül dəstələri qoymuşlar. Ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunmuşdur.

Vergilər naziri Fazil Məmmədov mərasimdə çıxış edərək ümummilli liderin Azərbaycan xalqı qarşısındakı tarixi xidmətlərindən danışmışdır. Qeyd olunmuşdur ki, müstəqil Azərbaycan dövlətinin yaşaması, qüdrətli bir ölkə kimi təşəkkül tapması və davamlı inkişafı dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır. Məhz ulu öndərin gərgin əməyi və uzaqgörən siyasəti nəticəsində Azərbaycan öz bütövlüyünü, dövlət müstəqilliyini qoruyub saxlamış, xalqımız vətəndaş müharibəsi təhlükəsindən xilas olmuşdur. Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan iqtisadiyyatı yenidən qurulmuş, makroiqtisadi sabitlik və iqtisadiyyatın tarazlı inkişafı təmin olunmuş, dahi öndərin rəhbərliyi və birbaşa nəzarəti ilə reallaşan iqtisadi islahatlar ölkəmizin regiondadünyada aparıcı dövlətlər səviyyəsinə yüksəlməsi üçün zəmin yaratmışdır.

Məruzəçi Azərbaycanın müasir vergi xidmətinin yaradılmasının da ümummilli liderin adı ilə bağlı olduğunu qeyd etmiş, məhz onun təşəbbüsü sayəsində vergi sisteminin müasir standartlar əsasında formalaşdırılmasına start verildiyini, mühüm sənəd olan Vergi Məcəlləsinin qəbul olunduğunu vurğulamışdır. Bu gün Prezident İlham Əliyev tərəfindən ulu öndərin siyasətinin uğurla davam etdirildiyini deyən F.Məmmədov ölkə başçısının suverenliyimizin daha da möhkəmlənməsi və Azərbaycanın hərtərəfli tərəqqisi yolunda var-qüvvəsi ilə çalışdığını bildirmişdir.

Tədbirin sonunda Fazil Məmmədov vergi sistemində səmərəli fəaliyyətinə görə Prezidentin 10 fevral 2012-ci il tarixli sərəncamı ilə təltif olunmuş əməkdaşlara "Vergi orqanlarında xidmətdə fərqlənməyə görə" və "Dövlət qulluğunda fərqlənməyə görə" medallarını və Vergilər Nazirliyinin fəxri fərmanlarını təqdim etmişdir.

 

 

Azərbaycan.- 2012.- 11 may.- S. 10.