Romada EANA-nın illik
konfransı keçirilmişdir
Mayın 10-da İtaliya paytaxtında
Avropa Xəbər Agentlikləri Alyansının
(EANA) illik konfransı
keçirilmişdir. Konfransın işində
bu təşkilatın
üzvləri, o cümlədən
2008-ci ildən qurumun üzvü olan Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTAc) də iştirak edir. Konfransda AzərTAc-ı agentliyin baş direktoru Aslan Aslanov, xarici dillərdə xəbərlər baş redaksiyasının baş
redaktoru Orxan Muradov və agentliyin Almaniyadakı xüsusi müxbiri Vüqar Seyidov təmsil edirlər.
Finlandiyanın STT-Lehtikuva agentliyinin baş redaktoru Mika Peterson konfransı açaraq gündəliyi elan etmişdir. Sonra moderatoru Mika Peterson olan birinci paneldə İtaliyanın
ANSA agentliyinin icraçı direktoru Cüzeppe Çerbone multimedia vasitələrinin
gələcək nəsli
mövzusunda, Frans-Press
agentliyinin (AFP) prezidenti
Emanuel Huq internetdən
xəbər agentliklərinin
maliyyələşdirilməsi mənbəyi kimi istifadə edilməsi haqqında, Almaniyanın
DPA agentliyinin vitseprezidenti
Matias Maan və DPA-nın layihə meneceri Yoahim Vaydeman həmin agentliyin Avropa kontekstində işinin yeni istiqamətləri haqqında
məruzələrlə çıxış
etmişlər.
Avstriyanın APA - Austria Presse Agentur
agentliyinin icraçı
direktoru Piter Kropşun moderator olduğu
ikinci paneldə Çexiyanın ÇTK agentliyinin
baş direktoru Yirji Maystr xəbərlər
bazarında tərəfdaşlıq
və rəqabət mövzusunda, Assoşieyted
Press agentliyinin icraçı
direktoru Klayv Marşal milli xəbər agentliklərinin
maliyyələşdirilməsi haqqında, PricewatehouseCoopers
şirkətinin direktoru
Corcina Hudzon Avropanın yeni media bazarlarının öyrənilməsi
və alternativ maliyyələşdirmə ssenarilərinin
təhlili haqqında məruzələrlə çıxış
etmişlər. Bundan əlavə, konfransa sponsorluq edən Mainstream
Data təşkilatının rəhbərləri - şirkətin
prezidenti Skot Kalder və media xidmətləri məsələləri
üzrə vitse-prezident
Qreq Uiks də təqdimat məruzələri ilə
çıxış etmişlər.
Fasilədən sonra üçüncü
paneldə Hollandiyanın
ANP - Algemeen Nederlands Persbureau agentliyinin direktoru Erik van Qruytuysen Niderlandın xəbərlər
bazarında rəqabət
mübarizəsi və
həmin agentliyin İnternet vasitəsilə
qazanc əldə etməsi üsulları mövzusunda, Polşanın
PAP agentliyinin icraçı
direktoru Lidiya Sobanska və bu təşkilatın kommersiya direktoru Piotr Ambrozyak dövlət xəbər agentlikləri tərəfindən
kommersiya əməliyyatlarının
tənzimlənməsi yolları
haqqında, Serbiyanın
Tanyuq agentliyinin baş direktoru Branka Cukiç və agentliyin xarici əlaqələr departamentinin rəhbəri
Draqana Milutinoviç bu media strukturunun maliyyələşdirilməsi sahəsində
gələcək planlar
haqqında məruzələrlə
çıxış etmişlər.
Nəhayət, yenə Mika Petersonun
moderatorluq etdiyi dördüncü paneldə
Portuqaliyanın LUSA xəbər
agentliyinin baş direktoru Afonso Komeasın agentliyin qarışıq, özəl-dövlət
mülkiyyət forması
haqqında və Yunanıstanın ANA agentliyinin
xarici əlaqələr
departamentinin direktoru Dimitra Letsanın
EANA tərəfindən media bazarında aparılan illik sorğu barədə məruzələri
dinlənilmişdir.
Sonra məruzələr
ətrafında müzakirələr
aparılmışdır.
AzərTAc-ın nümayəndə heyəti
konfrans çərçivəsində
digər agentliklərdən
olan həmkarları ilə bir sıra
görüşlər keçirmiş,
ikitərəfli əməkdaşlıq
və əlaqələrin
genişləndirilməsi məsələlərini
müzakirə etmişdir.
Konfrans öz işini mayın 11-də başa çatdıracaqdır.
Vüqar SEYİDOV
Azərbaycan.- 2012.- 11 may.- S.
10.