Prezident İlham
Əliyev Heydər Əliyev prospektinin
Suraxanı rayonu ərazisindən keçən
hissəsində yeni salınmış
parkın açılışında iştirak
etmişdir
Mayın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Heydər Əliyev prospektinin Suraxanı rayonu ərazisindən keçən hissəsində yeni salınmış parkın açılışında iştirak etmişdir. Dövlət başçısı ərazinin əvvəlki və hazırkı görkəmini əks etdirən fotolara baxdı.
Parkın ərazisi əvvəllər ekoloji cəhətdən yararsız vəziyyətdə olmuşdur. Burada qrunt sularının səthə çıxması nəticəsində bataqlıq əmələ gəlmişdi. 2006-cı ildə Prezident İlham Əliyev həmin əraziyə gələrək gölün qurudulması barədə tapşırıq vermişdi. Göl qurudulduqdan sonra dövlət başçısının tapşırıqlarına əsasən, bu ərazidə park salınmışdır. İndi bu ərazi nəinki Suraxanı rayonunun, eləcə də paytaxtımızın ən gözəl parklarından biridir. Bülbülə qəsəbəsi ərazisində salınmış bu istirahət guşəsində sakinlərin və qonaqların istirahəti üçün bütün lazımi şərait yaradılmışdır.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Azərbaycan Prezidentinə məlumat verdi ki, parkın salınmasına 2011-ci ilin sonunda başlanılmışdır. Bu, Suraxanı rayonu ərazisində sayca beşinci parkdır. Bülbülə qəsəbəsinin sakinləri bu parkda mənalı istirahət edə biləcəklər. Parkın ümumi sahəsi 17 min 538 kvadratmetrdir. Burada geniş abadlıq-quruculuq işləri yüksək zövqlə həyata keçirilmiş, yaşıllıq sahələri salınmışdır. Yerli şəraitə uyğun 500-dən artıq müxtəlif ağac və gül kolları əkilmişdir. Parkda uşaqlar üçün 568 kvadratmetrlik əyləncə meydançası yaradılmış, müxtəlif attraksionlar quraşdırılmışdır. Parkın işıqlandırma sistemi də müasirliyi ilə diqqəti cəlb edir.
Prezident İlham Əliyevin imzaladığı "Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın icrası nəticəsində bu gün paytaxtımızın görkəmi dəyişir və bütün işlər yüksək keyfiyyətlə aparılır. Heydər Əliyev prospektinin Suraxanı rayonu ərazisindən keçən hissəsində salınmış yeni park Bakının simasını daha da gözəlləşdirməklə bərabər, əhalinin istirahəti üçün sevimli məkanlardan biri olacaqdır.
AzərTAc
Azərbaycan.- 2012.- 12 may.- S. 4.