Rauf Hacıyevin
90 illik yubileyinin keçirilməsi haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
2012-ci ilin may ayında SSRİ xalq artisti, görkəmli bəstəkar və tanınmış ictimai xadim Rauf Soltan oğlu Hacıyevin anadan olmasının 90 ili tamam olur.
Rauf Hacıyev musiqi sahəsində çoxşaxəli fəaliyyət göstərərək ölkəmizdə operetta və balet janrlarının inkişafında mühüm rol oynamış, mahnılar müəllifi kimi geniş şöhrət qazanmışdır.
Azərbaycan musiqi mədəniyyəti xəzinəsinə dəyərli töhfələr vermiş Rauf Hacıyevin 90 illik yubileyinin layiqincə keçirilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Bəstəkarlar İttifaqının təkliflərini nəzərə almaqla Rauf Hacıyevin 90 illik yubileyinə dair tədbirlər planı hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
11 may 2012-ci il
Azərbaycan.- 2012.- 12 may.- S. 4.