Beynəlxalq Reytinq Agentliyi Azərbaycanın investisiya səviyyəli kredit reytinqini təsdiqləmişdir

 

 "Fitch" Beynəlxalq Reytinq Agentliyi Azərbaycan Respublikasının uzunmüddətli yerlixarici valyutada reytinqini "BBB-" investisiya səviyyəsində bir daha təsdiqləmişdir.

Maliyyə Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, agentliyin məlumatına görə, Azərbaycanın reytinqinin investisiya səviyyəsində saxlanması aparılan davamlı islahatlar nəticəsində ölkənin iqtisadi qüdrətinin əhəmiyyətli dərəcədə güclənməsini, dinamik sosial-iqtisadi inkişafını və insanların rifah halının yaxşılaşmasını əks etdirir. Neftdən daxil olan gəlirlər və olduqca ehtiyatlı və düşünülmüş büdcə siyasəti ölkənin maliyyə gücünü əhəmiyyətli dərəcədə artırmış, nəzərəçarpan dərəcədə valyuta ehtiyatları yaratmağa imkan vermiş və inflyasiyanı idarəolunan səviyyədə saxlamışdır. Respublikada qeyri-neft sektorunda gedən sürətli inkişaf rəqabətədavamlı milli iqtisadiyyatın formalaşdırılmasına və inkişaf dinamikasının sürətləndirilməsinə, habelə yoxsulluğun əhəmiyyətli dərəcədə aşağı salınmasına, insan kapitalı ilə bağlı bir çox məsələlərin həll olunmasına zəmin yaratmışdır.

Agentlik Azərbaycan iqtisadiyyatının artıq dünya iqtisadiyyatının tərkib hissəsinə çevrildiyini və ölkənin istənilən geosiyasi risklərə dayanıqlılığını da xüsusi vurğulayır.

Hazırda cərəyan edən qlobal böhran fonunda agentlik tərəfindən Azərbaycanın müstəqil dövlət kimi möhkəmlənməsinin və demokratik inkişaf yolu ilə inamla irəliləməsinin təsdiqi Prezident İlham Əliyevin rəhbərliyi altında ardıcıl olaraq ölkədə həyata keçirilən iqtisadi inkişaf strategiyasının nə qədər doğru olduğunu bir daha əyani nümayiş etdirir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 12 may.- S. 8.