Azərbaycan ilə Sudan arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunmuşdur

 

 Mayın 11-də Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Bakıda rəsmi səfərdə olan Sudan Respublikasının xarici işlər naziri Əli Əhmed Karti ilə görüşmüşdür.

AzərTAc xəbər verir ki, görüşdə Sudanın xarici siyasət idarəsinin rəhbəri ölkələrimiz arasında tarixi əlaqələrin mövcudluğundan danışaraq ikitərəfli əlaqələrin hazırkı vəziyyətindən məmnunluq ifadə etmişdir. Nazir ölkələrimiz arasında münasibətlərin daha da genişləndirilməsinin vacibliyini vurğulamışdır.

Ə.Ə.Karti həmçinin ölkəmizin 2012-2013-cü illər üçün BMT Təhlükəsizlik Şurasına (TŞ) qeyri-daimi üzv seçilməsi münasibətilə azərbaycanlı həmkarını təbrik etmişdir. Sudanlı nazir Azərbaycanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı haqlı mövqeyinin Sudan tərəfindən dəstəkləndiyini diqqətə çatdırmışdır.

E.Məmmədyarov dəstəyə görə sudanlı həmkarına təşəkkürünü bildirmiş, Azərbaycanın BMT TŞ-na qeyri-daimi üzvlüyü ilə əlaqədar quruma sədrlik edəcəyi müddətdə ölkəmizin ədalət prinsipinə üstünlük verəcəyini qonağın diqqətinə çatdırmışdır.

Görüşdə regionda cərəyan edən proseslər, ölkələrimiz arasındakı ikitərəfli münasibətlər və müxtəlif sahələrdə əməkdaşlıq perspektivləri ilə bağlı fikir mübadiləsi aparılmışdır.

 

 

Azərbaycan.- 2012.- 12 may.- S. 9.