Məşhur
müğənni və bəstəkar Emin
Ağalarov “Eurovision-2012” mahnı müsabiqəsindən sonra
Bakıda solo konsert
proqramı ilə çıxış edəcəkdir
Məşhur müğənni və bəstəkar Emin Ağalarov mayın 11-də Bakıda "Eurovision-2012" mahnı müsabiqəsi ilə bağlı mətbuat konfransı keçirmişdir.
AzərTAc xəbər verir ki, mətbuat konfransında müğənninin prodüserləri Devid Beynbridc və Piter Berd də iştirak etmişlər.
Emin Ağalarov müsabiqənin final mərasimindəki çıxışına ciddi hazırlaşdığını bildirmişdir. O, finalda "Never Enough" mahnısını təqdim edəcəyini demiş, bu mötəbər yarışmanı böyük sevinc və maraqla gözlədiyini vurğulamışdır.
Devid Beynbridc isə müğənninin Bakı səhnəsindəki çıxışının son illərin ən möhtəşəm şousu olacağına əminliyini söyləmişdir.
Müğənni müsabiqənin əhəmiyyətindən danışaraq builki yarışmada birinci yerə layiq namizədlər arasında Azərbaycan ilə yanaşı, Rusiya və Böyük Britaniya təmsilçilərinin olduğunu demişdir.
Məlumat verilmişdir ki, "Eurovision-2012" mahnı müsabiqəsindən sonra sənətçi mayın 27-də "Euroklub"da solo konsert proqramı ilə çıxış edəcəkdir. Müğənnini səhnədə 20 rus, 20 azərbaycanlı rəqqas və musiqiçi müşayiət edəcəkdir.
Mətbuat konfransında bildirilmişdir ki, Emin Ağalarovun Almaniyanın "EMİ MUSİC" şirkəti ilə birgə çalışdığı yeni albomu Böyük Britaniya və İrlandiyadan əlavə daha 12 ölkədə yayımlanacaqdır.
Emin Ağalarov mayın 14-15-də promo-tur çərçivəsində Böyük Britaniyanın bütün aparıcı radio proqramlarının qonağı olacaqdır. O, mayın 18-də Britaniyanın ən tanınmış "This Morning" səhər proqramında çıxış edəcəkdir. Müğənni Böyük Britaniyanın məşhur "OK" jurnalının növbəti nömrəsinin əsas qəhrəmanı olacaqdır.
Emin Ağalarovun yeni "Baby get higher" mahnısı Böyük Britaniya radiolarında hit-paradlara daxil olaraq, Rihanna və Coldplayin yeni musiqilərini belə geridə qoymuşdur. Mahnı həftə ərzində 18 milyondan çox dinləyici auditoriyası qazanmışdır.
Emin Ağalarovun iştirakı ilə müğənninin prodüseri Devid Beynbridc 8 seriyadan ibarət çəkilişləri həyata keçirəcəkdir. Dünyanın bir çox ölkələrində nümayiş olunacaq həmin serialın bir bölümü Azərbaycanın dünya şöhrətli opera və estrada müğənnisi, bəstəkar, SSRİ xalq artisti Müslüm Maqomayevə həsr olunacaqdır.
Bildirilmişdir ki, Emin Ağalarov
məşhur rejissor, İqor
Krutoy, Lara Fabian, Filip Kirkorov
kimi ifaçıların kliplərinin
müəllifi olan Alan
Badoev ilə birlikdə "Hearts keeps beating"
mahnısına klipin çəkilişlərinə
başlamışdır. Növbəti həftələrdə
klipin təqdimat mərasimi keçiriləcəkdir.
Azərbaycan.- 2012.- 12 may.- S. 10.