Moskvada ümummilli lider Heydər Əliyevin əziz xatirəsi anılmışdır

 

 Moskvada ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə təntənəli tədbir olmuşdur. AzərTAc xəbər verir ki, Azərbaycanın Rusiyadakı səfirliyinin Qonaq evində keçirilmiş tədbirdə  MDB-nin icraçı katibi Sergey Lebedev, Rusiyanın rəsmi şəxsləri, Heydər Əliyev Fondunun Rusiya təmsilçiliyinin əməkdaşları, bir sıra ölkələrin səfirləri, ali təhsil müəssisələrinin rektorları və Rusiya ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

Əvvəlcə tədbir iştirakçıları səfirliyin binasında Heydər Əliyevin barelyefi qarşısına çiçəklər qoymuşlar.

Sonra keçirilən qəbulda səfir Polad Bülbüloğlu  Heydər Əliyevin şərəfli həyat yolundan, müstəqil Azərbaycan dövlətinin təşəkkülündə və möhkəmlənməsində misilsiz rolundan danışmışdır. Heydər Əliyevin Rusiya-Azərbaycan münasibətlərinin inkişafına töhfəsini vurğulayan səfir demişdir ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev ulu öndərin siyasi xəttini layiqincə davam etdirir.

Tədbirdə Rusiya Prezidenti Vladimir Putinin seçkiqabağı kampaniyası çərçivəsində geniş fəaliyyətinə görə Azərbaycan diasporunun üzvlərinə Rusiya Prezidenti Administrasiyasının diplomları təqdim edilmişdir.

Diplomlar Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) baş katibi Mikayıl Hüseynova, "Ocaq" Cəmiyyətinin sədri professor Tofiq Məlikliyə, Rusiya Vəkillər İttifaqının vitse-prezidenti Ələsgər Tağıyevə, "Vətən" Cəmiyyətinin sədri Əlizaman Rəhimova, ÜAK baş katibinin müavini Neymət Nağdalıyevə, ÜAK-ın Moskva regional bölməsinin sədri İlqar Hacıyevə, İvanovo Şəhər Dumasının deputatı Sərraf Məmmədova təqdim edilmişdir.

 

 

Günay KAZIMOVA

 

Azərbaycan.- 2012.- 12 may.- S. 11.