Uşaq
hüquqlarının həyata keçirilməsinə
dövlət nəzarəti QAYDASI
Azərbaycan
Respublikası Prezidentinin 2012-ci il 8 may
tarixli fərmanı ilə təsdiq edilmişdir
1. Ümumi müddəalar
1.1. Bu Qayda Azərbaycan Respublikası Ailə Məcəlləsinin
51.7-ci maddəsinə uyğun olaraq, uşaq
hüquqlarının həyata keçirilməsinə
dövlət nəzarətinin (bundan sonra - dövlət nəzarəti)
təşkilini və həyata keçirilməsini tənzimləyir.
1.2.
Dövlət nəzarətinin məqsədi uşaqların Azərbaycan
Respublikasının Konstitusiyası və qanunları ilə
müəyyən edilmiş hüquqlarının və mənafelərinin
qorunması, uşaq hüquqlarının təmin edilməsi
üçün əlverişli mühit yaradılması,
uşaq hüquqlarının pozulmasına səbəb olan
halların aradan qaldırılması və səbəb ola biləcək halların
qarşısının alınmasıdır.
1.3.
Dövlət nəzarətini, Azərbaycan
Respublikasının qanunları əsasında müəyyən
edilmiş fəaliyyət istiqamətlərinə uyğun
olaraq, Azərbaycan Respublikasının Ailə, Qadın və
Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan
Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan
Respublikasının Təhsil Nazirliyi, Azərbaycan
Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan
Respublikasının Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Gənclər
və İdman Nazirliyi, yetkinlik yaşına
çatmayanların işləri və hüquqlarının
müdafiəsi üzrə komissiyalar və yerli icra hakimiyyətlərinin
qəyyumluq və himayə orqanları həyata keçirirlər.
1.4. Bu Qaydada sadalanmış vəzifələr dövlət
orqanlarının Azərbaycan Respublikasının digər
normativ hüquqi aktlarında uşaq hüquqları sahəsində
nəzərdə tutulmuş vəzifələrinin inkar edilməsi
kimi təfsir oluna bilməz.
2. Dövlət nəzarəti sahəsində
funksiyalar
2.1. Azərbaycan
Respublikasının Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsi:
2.1.1. uşaqların
hüquqlarını və mənafelərini müdafiə edir;
2.1.2. Azərbaycan
Respublikasının Ailə Məcəlləsinə uyğun
olaraq, valideyn himayəsindən məhrum olan uşaqların,
övladlığa götürülən uşaqların
ümumi uçotunu aparır;
2.1.3. Azərbaycan
Respublikasının vətəndaşı olan
uşaqların əcnəbilər və ya vətəndaşlığı
olmayan şəxslər tərəfindən
övladlığa götürülməsinə
razılıq verir, ölkələrarası
övladlığa götürmə məsələləri
üzrə zəruri tədbirləri həyata keçirir;
2.1.4. Azərbaycan
Respublikasının vətəndaşı olan
uşaqların əcnəbilər və ya vətəndaşlığı
olmayan şəxslər tərəfindən
övladlığa götürüldüyü hallarda,
övladlığa götürülmüş
uşaqların həyat şəraitinə və tərbiyəsinə
nəzarətin həyata keçirilməsi üzrə
hesabatlara və məlumatlara baxır, əsas olduqda,
övladlığa götürmənin ləğvi ilə
bağlı məhkəmədə iddia qaldırır;
2.1.5. Azərbaycan
Respublikasının vətəndaşı olan
uşaqların əcnəbilər və ya vətəndaşlığı
olmayan şəxslər tərəfindən
övladlığa götürülməsi ləğv
edildikdə, Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələrdə
başqa qayda nəzərdə tutulmamışdırsa, Azərbaycan
Respublikasının vətəndaşı olan
uşaqların Azərbaycan Respublikasının ərazisinə
qaytarılması və ya övladlığa götürənin
vətəndaşı olduğu (daimi yaşadığı)
dövlətin qanunvericiliyinə uyğun yerləşdirilməsi
məqsədi ilə zəruri tədbirlər görür;
2.1.6. Azərbaycan Respublikasının vətəndaşı
olan uşaqları övladlığa götürən əcnəbilərə
və ya vətəndaşlığı olmayan şəxslərə
hüquqi yardım göstərən akkreditə edilmiş
orqanları müəyyən edir və onların fəaliyyətinə
nəzarət edir.
2.2. Azərbaycan
Respublikasının Daxili İşlər Nazirliyi:
2.2.1. uşaqların hüquqlarını və mənafelərini
müdafiə edir;
2.2.2. sosial təhlükəli vəziyyətdə
olan yetkinlik yaşına çatmayanlar, habelə onların tərbiyəsi,
təhsili və saxlanılması üzrə öz vəzifələrini
yerinə yetirməyən və ya onların
davranışına mənfi təsir göstərən, yaxud
onlarla qəddar rəftar edən valideynlər və ya digər
qanuni nümayəndələr barəsində profilaktik iş
aparılmasını təmin edir;
2.2.3.
yetkinlik yaşına çatmayanları cinayət əməllərinə
və ya fahişəliyə və ya digər əxlaqsız əməllərə
cəlb etmiş, yaxud yetkinlik yaşına çatmayanlar barəsində
qanunazidd başqa əməllər törətmiş şəxslərin,
habelə yetkinlik yaşına çatmayanların tərbiyəsi,
təhsili və saxlanılması üzrə öz vəzifələrini
yerinə yetirməyən və ya lazımınca yerinə
yetirməyən valideynlərin və digər qanuni nümayəndələrin,
vəzifəli şəxslərin aşkar edilməsini, onlar
barəsində Azərbaycan Respublikasının qanunlarında
nəzərdə tutulmuş tədbirlərin görülməsini
təmin edir;
2.2.4.
inzibati məsuliyyətə və ya cinayət məsuliyyətinə
cəlb etmək üçün müvafiq olaraq Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsində
və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində
müəyyən edilən yaş həddinə
çatmamış yetkinlik yaşına çatmayanların
ictimai təhlükəli əməllər törətməsi
barədə, habelə yetkinlik yaşına çatmayanların
tərbiyəsi, təhsili və saxlanılması üzrə
öz vəzifələrini yerinə yetirməyən və ya
lazımınca yerinə yetirməyən valideynlər və
ya digər qanuni nümayəndələr, yaxud vəzifəli
şəxslər barəsində müraciətlərə
baxılmasını təmin edir;
2.2.5. yetkinlik
yaşına çatmayanların
baxımsızlığına, qanunazidd əməllər
törətməsinə imkan yaradan səbəblər və
hallar barəsində müvafiq dövlət orqanlarına və
digər qurumlara məlumat verilməsini təmin edir;
2.2.6.
hüquq pozuntusu törətmiş yetkinlik yaşına
çatmayanlar barəsində, habelə onların tərbiyəsi,
təhsili və saxlanılması üzrə öz vəzifələrini
yerinə yetirməyən və ya lazımınca yerinə
yetirməyən, onların tərbiyəsinə mənfi təsir
göstərən, yaxud onlarla qəddar rəftar edən
valideynlər və ya digər qanuni nümayəndələr,
yaxud vəzifəli şəxslər barəsində Azərbaycan
Respublikasının qanunlarında nəzərdə
tutulmuş təsir tədbirlərinin tətbiq edilməsi
haqqında müvafiq dövlət orqanlarına təkliflər
verilməsini təmin edir;
2.2.7. yetkinlik yaşına çatmayanların
müvəqqəti saxlanılma yerlərində xidmətin təşkilinə
nəzarət edir.
2.3. Azərbaycan
Respublikasının Təhsil Nazirliyi:
2.3.1. təhsilin müvafiq dövlət
standartlarına uyğun təşkilinə nəzarəti həyata
keçirir;
2.3.2. təhsil prosesinin təşkilinə dair
ümumi tələbləri müəyyən edir;
2.3.3. təhsil müəssisələrində təhsilin
keyfiyyətinə dövlət nəzarətini həyata
keçirir;
2.3.4. icbari ümumi orta təhsilin həyata
keçirilməsinə nəzarət edir, heç bir üzrlü səbəb
olmadan dərslərdə iştirak etməyən və ya
mütəmadi olaraq təhsildən yayınan yetkinlik
yaşına çatmayanların təhsil müəssisələrində
uçotunu aparır, onların tərbiyəsi və icbari
ümumi orta təhsil alması üçün zəruri tədbirlər
görülməsini təmin edir;
2.3.5. valideynlərini itirmiş və valideyn himayəsindən
məhrum olan uşaqların müəyyənləşdirilməsini
və onların təhsilə cəlb edilməsini təşkil
edir;
2.3.6. Azərbaycan
Respublikasının Ailə Məcəlləsinə uyğun
olaraq, valideyn himayəsindən məhrum olan 3 yaşından
yuxarı uşaqların mərkəzləşdirilmiş
uçotunu aparır, onların tərbiyə olunmaq
üçün ailələrdə yerləşdirilməsinə
yardım edir, övladlığa götürülən 3
yaşından yuxarı uşaqların mərkəzləşdirilmiş
uçotunu aparır;
2.3.7. uşaqlarda fiziki
çatışmazlıqların, əqli və (və ya)
psixi ləngimələrin diaqnostikasını aparmaq, bunun əsasında
onların xüsusi təhsilə cəlb olunması barədə
qərar qəbul etmək, valideynlərinə və ya digər
qanuni nümayəndələrinə müvafiq məsləhətlər
vermək məqsədi ilə psixoloji-tibbi-pedaqoji komissiyalar
yaradır;
2.3.8. aidiyyəti icra hakimiyyəti orqanlarının
iştirakı ilə ciddi tərbiyə şəraitinə
ehtiyacı olan, sağlamlıq imkanları məhdud, valideynlərini
itirmiş və valideyn himayəsindən məhrum
uşaqların təhsilini təşkil edir;
2.3.9. istedadlı uşaqların təhsilini davam
etdirməsi üçün zəruri tədbirlər
görür;
2.3.10. uşaqların istirahətinin, asudə
vaxtının və məşğulluğunun təşkilində
iştirak edir;
2.3.11. təhsil müəssisələrində bədən
tərbiyəsi dərslərinin və idman məşğələlərinin
yüksək səviyyədə keçirilməsini təmin
edir, təhsil alanların üzməyi öyrənməsi,
müvafiq idman normativlərini yerinə yetirə bilməsi
üçün şərait yaradır;
2.3.12. təhsil müəssisələri şəbəkəsinin
genişləndirilməsi üçün tədbirlər
görür;
2.3.13. təhsil sahəsində dövlət siyasətinin
həyata keçirilməsinin monitorinqini aparır.
2.4. Azərbaycan
Respublikasının Səhiyyə Nazirliyi:
2.4.1. yetkinlik yaşına çatmayanlara tibbi
yardım göstərilməsini təmin edir;
2.4.2. dövlət təhsil müəssisələrində
pulsuz tibbi xidməti təmin edir;
2.4.3. yetkinlik yaşına çatmayanlar, onların
valideynləri və ya digər qanuni nümayəndələri
arasında sanitariya-gigiyena biliklərinin yayılmasını,
habelə sağlam həyat tərzinin təbliğini təşkil
edir;
2.4.4. valideynlərini itirmiş, valideynlərinin və
ya digər qanuni nümayəndələrinin himayəsindən
kənarda qalmış, yaxud valideynlərinin həyat şəraiti
çətin olan 4 yaşınadək uşaqların
saxlanılmasını və onların tərbiyəsini həyata
keçirir;
2.4.5. Azərbaycan
Respublikasının Ailə Məcəlləsinə uyğun
olaraq, valideyn himayəsindən məhrum olan 3 yaşınadək
uşaqların mərkəzləşdirilmiş uçotunu
aparır, onların tərbiyə olunmaq üçün ailələrdə
yerləşdirilməsinə yardım edir,
övladlığa götürülən 3 yaşınadək
uşaqların mərkəzləşdirilmiş uçotunu
aparır;
2.4.6. tabeliyindən asılı olmayaraq məktəbəqədər
təhsil müəssisələrində uşaqların
sağlamlığına nəzarət edir, Azərbaycan
Respublikasının qanunlarına uyğun olaraq, uşaq
qidası məhsullarının istehsalına,
satışına və istehlakına tələblər qoyur;
2.4.7. tibbi fəaliyyətlə məşğul olan
müəssisə və təşkilatların uşaqlara
göstərdiyi tibbi xidmətin keyfiyyətinə, həmin sahədə
tibb kadrlarının peşə hazırlığı səviyyəsinə
nəzarəti təmin edir;
2.4.8.
alkoqollu içkilər, yaxud tibbi göstəriş əsasında
həkimin təyinatı olmadan narkotik vasitələr və
psixotrop maddələr qəbul edən yetkinlik yaşına
çatmayanları aşkar edir, onların uçotunu,
müayinəsini, baxımsız və sosial təhlükəli
vəziyyətdə olan uşaqların müalicəsini
aparır, yetkinlik yaşına çatmayanlar arasında
alkoqolizmin, narkomanlığın, toksikomanlığın və
bunlarla bağlı davranışda yaranan pozuntuların
profilaktikası üzrə tədbirlər həyata
keçirir;
2.4.9. cinsi yolla yayılan xəstəliklərin mənbəyinin
aşkar edilməsini, belə xəstəliklərə
düçar olmuş, habelə əxlaqsızlıqla məşğul
olan yetkinlik yaşına çatmayanların müayinəsini
və müalicəsini, həmin şəxslər haqqında
daxili işlər orqanlarına məlumat verməklə həyata
keçirir;
2.4.10.
tibbi-tərbiyə müəssisələri şəbəkəsinin
inkişafını təmin edir.
2.5. Azərbaycan
Respublikasının Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi:
2.5.1. sağlamlıq imkanları məhdud
uşaqların reabilitasiyasını və sosial müdafiəsini
təşkil edir, onları protez-ortopediya məmulatları, əlil
kreslo-velo arabaları və digər reabilitasiya vasitələri
ilə təmin edir;
2.5.2. sağlamlıq imkanları məhdud
uşaqlarla bağlı məlumat bazasını təşkil
edir;
2.5.3. sağlamlıq
imkanları məhdud uşaqların asudə vaxtlarının
səmərəli təşkilini təmin edir, onları bədən
tərbiyəsi və idmana cəlb edir, sağlamlıq
imkanları məhdud uşaqlar üçün
ixtisaslaşdırılmış idman-sağlamlıq mərkəzlərinin
yaradılması və sağlamlıq imkanları məhdud
istedadlı uşaqların aşkar edilməsi məqsədi
ilə müvafiq tədbirlər görür;
2.5.4. sağlamlıq imkanları məhdud uşaqlara
təhsili ilə bağlı texniki yardım göstərilməsini
təmin edir;
2.5.5. sağlamlıq
imkanları məhdud uşaqların sanatoriya-kurort müalicəsi
üzrə kompleks tədbirləri müvafiq qurumlarla birlikdə
həyata keçirir;
2.5.6. sağlamlıq imkanları məhdud
uşaqların reabilitasiyasının gücləndirilməsi
məqsədi ilə əlillərin bərpa mərkəzləri
şəbəkəsinin işini təkmilləşdirir və
yeni reabilitasiya mərkəzlərinin yaradılmasını təmin
edir;
2.5.7. yetkinlik yaşına çatmayanların
baxımsızlığının profilaktikası tədbirlərini
həyata keçirir, həmin şəxslərin tərbiyəsi,
saxlanılması üzrə öz vəzifələrini yerinə
yetirməyən, onların davranışına mənfi təsir
göstərən, yaxud onlarla qəddar rəftar edən
valideynlər və ya digər qanuni nümayəndələr
barəsində fərdi profilaktik işi təşkil edir;
2.5.8.
"Sosial xidmət haqqında" Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq, uşaqlara sosial xidmətin
göstərilməsini təşkil edir;
2.5.9. yaşı 18-dən az olan şəxslərin əməyindən
istifadə olunarkən Azərbaycan Respublikasının əmək
qanunvericiliyinin tələblərinə riayət edilməsi
üzrə dövlət nəzarətini həyata
keçirir;
2.5.10. yetkinlik yaşına çatmayanlar
üçün ixtisaslaşdırılmış sosial
reabilitasiya müəssisələrinin, habelə yetkinlik
yaşına çatmayanlara və onların ailələrinə
sosial xidmət göstərən digər müəssisə və
xidmətlərin fəaliyyətinə nəzarət edir, eləcə
də belə müəssisələr şəbəkəsinin
inkişafı üçün tədbirlər görür.
2.6. Azərbaycan
Respublikasının Gənclər və İdman Nazirliyi:
2.6.1. təhsil müəssisələrində bədən
tərbiyəsi və idman vasitəsilə uşaqların
sağlamlığının qorunmasını və möhkəmləndirilməsini
təmin edir, belə müəssisələrdə uşaq və
yeniyetmələrin fiziki hazırlığı üzrə
normativləri hazırlayır;
2.6.2.
uşaq-gənclər idmanının təşkili və
inkişafını, müvafiq dövlət orqanları ilə
birlikdə bədən tərbiyəsi və idman sahəsində
məktəbdənkənar təhsil müəssisələri
şəbəkəsinin inkişafını təmin edir;
2.6.3.
sağlamlıq imkanları məhdud uşaqların bədən
tərbiyəsi və idmanla məşğul olması, idman
yarışlarında iştirak etməsi üçün əlverişli
şərait yaradır, belə uşaqlar arasında ölkə
və beynəlxalq idman yarışlarını, o cümlədən
paralimpiya, deflimpiya və xüsusi olimpiya oyunlarını təşkil
edir və bu yarışlarda sağlamlıq imkanları məhdud
idmançıların iştirakını təmin edir;
2.6.4. yetkinlik yaşına çatmayanların istirahətinin,
asudə vaxtının və məktəbdənkənar təhsilinin
təşkilində iştirak edir.
2.7.
Yetkinlik yaşına çatmayanların
baxımsızlığının və hüquq
pozuntularının profilaktikası sahəsində Azərbaycan
Respublikasının qanunlarına uyğun olaraq, yetkinlik
yaşına çatmayanların işləri və
hüquqlarının müdafiəsi üzrə
komissiyalar:
2.7.1. yetkinlik yaşına çatmayanların
hüquqlarının və mənafelərinin qorunması
üzrə, həmin şəxslərin
baxımsızlığına, kimsəsizliyinə, hüquq
pozuntuları törətməsinə imkan yaradan səbəb
və halların aşkar edilməsi və aradan
qaldırılması üzrə tədbirlər həyata
keçirir;
2.7.2. yetkinlik yaşına çatmayanların
hüquq pozuntularının profilaktikasını həyata
keçirən orqan və müəssisələrin fəaliyyətini
əlaqələndirir;
2.7.3. ümumi və
digər təhsil müəssisələrində, habelə
mülkiyyət formasından asılı olmayaraq, yetkinlik
yaşına çatmayanların işlədikləri təşkilatlarda
yetkinlik yaşına çatmayanlar arasında tərbiyə
işinin təşkilini yoxlayır;
2.7.4. ilk peşə-ixtisas
təhsili müəssisələrində, internat məktəblərdə,
uşaq evlərində, açıq və qapalı tipli
xüsusi təlim-tərbiyə müəssisələrində,
təlim-tərbiyə və tibbi-tərbiyə müəssisələrində,
qəbul-bölüşdürmə məntəqələrində
yetkinlik yaşına çatmayanların saxlanması və tərbiyə
olunması şəraiti ilə tanış olur;
2.7.5. yetkinlik yaşına çatmayanın
müraciəti olduqda, onunla bağlanmış əmək
müqaviləsinin işəgötürən tərəfindən
ləğv edilməsinin əsaslılığını
yoxlayır;
2.7.6. yerli komissiyaların yetkinlik yaşına
çatmayanların açıq tipli xüsusi təlim-tərbiyə
müəssisəsinə göndərilməsi barədə qərarlarını
yoxlayır və həmin qərarları qanunsuz və ya əsassız
hesab etdikdə ləğv edir;
2.7.7. yetkinlik yaşına çatmayanların
hüquqlarını pozan və ya onları qanunazidd əməllər
törətməyə təhrik və cəlb edən şəxslərin
məsuliyyətə cəlb olunması üçün
müvafiq dövlət orqanlarına müraciət edir;
2.7.8. cəzaçəkmə müəssisəsindən,
açıq və ya qapalı tipli xüsusi təlim-tərbiyə
müəssisəsindən buraxılmış yetkinlik
yaşına çatmayanlar üçün əmək və
məişət şəraiti yaradılmasında onlara
yardım göstərilməsini, dövlət yardımına
ehtiyacı olan yetkinlik yaşına çatmayanların müəyyən
edilməsini və onlara yardım göstərilməsini təşkil
edir;
2.7.9.
böyük ictimai təhlükə törətməyən və
ya az ağır cinayət əlamətləri olan ictimai təhlükəli
əməl törətmiş, lakin cinayət məsuliyyətinə
cəlb olunması üçün Azərbaycan
Respublikasının Cinayət Məcəlləsi ilə
müəyyən edilmiş yaş həddinə
çatmamış yetkinlik yaşına çatmayanları,
valideynlərinin və ya digər qanuni nümayəndələrinin
razılığı ilə çətin tərbiyə
olunan yetkinlik yaşına çatmayanları, həmçinin
müxtəlif hüquqpozmalara və əxlaqsız həyat tərzi
keçirməyə görə daxili işlər
orqanlarında profilaktiki qeydiyyatda olan, lakin islah olunması
mümkün olmayan yetkinlik yaşına çatmayanları
açıq tipli xüsusi təlim-tərbiyə müəssisələrinə
göndərir;
2.7.10. ağır və ya xüsusilə ağır
cinayət əlamətləri olan ictimai təhlükəli əməl
törətmiş, lakin cinayət məsuliyyətinə cəlb
olunması üçün Azərbaycan Respublikasının
Cinayət Məcəlləsində nəzərdə
tutulmuş yaş həddinə çatmamış yetkinlik
yaşına çatmayanların qapalı tipli xüsusi təlim-tərbiyə
müəssisəsinə göndərilməsi barədə məhkəmə
qarşısında vəsatət qaldırır;
2.7.11. Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsinə
uyğun olaraq, yetkinlik yaşına çatmayanlar, onların
valideynləri və ya digər qanuni nümayəndələri
barəsində inzibati tənbeh tədbirlərini tətbiq
edir;
2.7.12. insan alverinin qurbanı olmuş uşaqların
hüquqlarının və mənafelərinin qorunması
üçün tədbirlər görür;
2.7.13.
"Yaşayış yeri və olduğu yer üzrə
qeydiyyat haqqında" Azərbaycan Respublikasının Qanununa
uyğun olaraq, valideynlərini itirmiş və valideyn himayəsindən
məhrum olan uşaqların yaşayış yeri və
olduğu yer üzrə qeydiyyatdan çıxarılmasına
razılıq verilməsi məsələsinə baxır;
2.7.14.
"Valideynlərini itirmiş və valideyn himayəsindən
məhrum olmuş uşaqların sosial müdafiəsi
haqqında" Azərbaycan Respublikasının Qanununa
uyğun olaraq, valideynlərini itirmiş və valideyn himayəsindən
məhrum olan uşaqların mənzil hüququnun qorunması
ilə bağlı zəruri tədbirləri həyata
keçirir;
2.7.15. Azərbaycan
Respublikasının Ailə Məcəlləsinə uyğun
olaraq, övladlığa götürmənin ləğv edilməsinə
əsas olduqda, Azərbaycan Respublikasının vətəndaşı
olan uşağın Azərbaycan Respublikasının vətəndaşları
tərəfindən övladlığa götürülməsinin
ləğvi məqsədi ilə tədbirlər görür;
2.7.16. yetkinlik yaşına çatmayanların tərbiyəsi,
təhsili və məşğulluğu ilə əlaqədar,
həmçinin onların
pozulmuş hüquqlarının və mənafelərinin
bərpası məqsədi ilə aidiyyəti üzrə
müraciət edir.
2.8. Yerli
icra hakimiyyətinin qəyyumluq və himayə orqanları:
2.8.1. uşaqların hüquqlarını və mənafelərini
müdafiə edir;
2.8.2. valideynlərini itirmiş və valideyn himayəsindən
məhrum olan uşaqları və uşağını tərbiyə
etməkdən yayınan valideynlərin uşaqlarını, səhhətinə
görə qəyyumluq və ya himayəyə ehtiyacı olan
yetkinlik yaşına çatmayanları aşkara
çıxarır;
2.8.3. Azərbaycan
Respublikasının Ailə Məcəlləsinə uyğun
olaraq, valideyn himayəsindən məhrum olan uşaqların
ilkin uçotunu aparır, valideyn himayəsindən məhrum
olmağın konkret hallarını nəzərə almaqla, həmin
uşaqların yerləşdirilməsi formalarını
seçir, eləcə də onların saxlanılma, tərbiyə
və təhsil şəraitinə nəzarəti həyata
keçirir;
2.8.4. Azərbaycan
Respublikasının Ailə Məcəlləsinə və Azərbaycan
Respublikasının Mülki Prosessual Məcəlləsinə
uyğun olaraq, övladlığa götürmənin övladlığa
götürülən uşağın mənafeyinə
uyğun olması barədə rəy verir;
2.8.5. Azərbaycan
Respublikasının Ailə Məcəlləsinə uyğun
olaraq, övladlığa götürmənin ləğv edilməsinə
əsas olduqda, Azərbaycan Respublikasının vətəndaşı
olan uşağın Azərbaycan Respublikasının vətəndaşları
tərəfindən övladlığa götürülməsinin
ləğvi məqsədi ilə tədbirlər görür;
2.8.6. Azərbaycan
Respublikasının Mülki Məcəlləsinə uyğun
olaraq, qəyyumları və himayəçiləri təyin
edir və ya vəzifələrinin icrasından azad edir və
ya kənarlaşdırır;
2.8.7. Azərbaycan
Respublikasının Ailə Məcəlləsinə uyğun
olaraq, uşaqları övladlığa götürməyi
arzu edən Azərbaycan Respublikası vətəndaşlarının
uçotunu aparır, övladlığa götürməyi
arzu edən Azərbaycan Respublikası vətəndaşlarının
övladlığa götürmənin tələblərinə
uyğun olub-olmadığını yoxlayır;
2.8.8. Azərbaycan
Respublikasının Ailə Məcəlləsinə uyğun
olaraq, valideynlər arasında uşağın adına
və soyadına münasibətdə yaranan fikir
ayrılığının, uşağın mənafeyi nəzərə
alınmaqla, həlli istiqamətində zəruri tədbirləri
həyata keçirir;
2.8.9. Azərbaycan
Respublikasının Ailə Məcəlləsinə uyğun
olaraq, valideynlərlə uşaqların maraqları
arasında ziddiyyət yarandığı hallarda,
uşaqların hüquqlarının və mənafeyinin
müdafiəsi üçün nümayəndə təyin
edir;
2.8.10. uşağın sağlamlığı və
ya həyatı birbaşa təhlükədə olduqda, Azərbaycan
Respublikasının Ailə Məcəlləsinə uyğun
olaraq, uşağı valideynlərdən (onların birindən)
və ya onu qəyyumluğa (himayəyə)
götürmüş şəxslərdən təcili olaraq
almaq üçün zəruri tədbirlər görür;
2.8.11. valideynlərini itirmiş və valideyn himayəsindən
məhrum olan uşaqların bir təhsil müəssisəsindən
digərinə keçirilməsinə, ümumi orta təhsil
alana qədər təhsilalma formasının dəyişdirilməsinə,
istənilən təhsil müəssisəsindən kənar
edilməsinə razılıq verir;
2.8.12. Azərbaycan
Respublikasının Mülki Məcəlləsinə və
"Valideynlərini itirmiş və valideyn himayəsindən
məhrum olmuş uşaqların sosial müdafiəsi
haqqında" Azərbaycan Respublikasının Qanununa
uyğun olaraq, valideynlərini itirmiş və valideyn himayəsindən
məhrum olan uşaqların əmlak hüquqlarının
qorunmasını təmin edir;
2.8.13. tərbiyə, müalicə və əhalinin
sosial müdafiəsi müəssisələrində və digər
analoji müəssisələrdə yerləşdirilən
valideyn himayəsindən məhrum olan uşaqların
saxlanmasına, tərbiyə və təhsilinə daim nəzarət
edir, həmin müəssisələrin məzunlarının
hüquqlarının qorunmasını təmin edir;
2.8.14. valideynlərini itirmiş və valideyn himayəsindən
məhrum olan yetkinlik yaşına çatmayanlar barəsində
fərdi profilaktik işin aparılmasında iştirak edir.
3. Dövlət nəzarəti üzrə
ümumi vəzifələr
3.1. Bu
Qaydanın 1.3-cü bəndində nəzərdə
tutulmuş dövlət orqanlarının dövlət nəzarəti
üzrə ümumi vəzifələri
aşağıdakılardır:
3.1.1. hər bir uşağın zəruri maddi və
məişət şəraitində tərbiyə
olunmasının, layiqli vətəndaş kimi formalaşmasının
təmin edilməsinə yönələn dövlət siyasətini
həyata keçirmək;
3.1.2. Azərbaycan
Respublikası qanunlarının uşaqların
hüquqlarını qorumağa dair tələblərinin yerinə
yetirilməsinə nəzarət etmək;
3.1.3. uşaqların mənafeyinin üstün
tutulmasına nəzarət etmək;
3.1.4. uşaq hüquqlarının təmin edilməsində
ayrı-seçkiliyin yolverilməzliyinə nəzarət etmək;
3.1.5. uşaqların müraciət etmək
hüququnun təmin edilməsinə nəzarət etmək;
3.1.6. uşaqların normal şəraitdə fiziki, əqli
və mənəvi cəhətdən inkişaf etməsi
üçün sağlam və təhlükəsiz mühit
yaradılması istiqamətində tədbirlər görmək;
3.1.7. uşaq hüquqlarının təmin edilməsi
vəziyyətinə dair illik hesabatlar hazırlamaq;
3.1.8. uşaq hüquqlarının təmin edilməsi
vəziyyətinin araşdırılmasına dair monitorinqlər
aparılmasında iştirak etmək;
3.1.9. uşaq problemlərinin həlli istiqamətində
təhlillər, tədqiqatlar aparmaq.
4. Uşaq hüquqlarının həyata
keçirilməsinə ümumi dövlət nəzarəti və
onun formaları
4.1.
Uşaq hüquqlarının həyata keçirilməsinə
dövlət nəzarətinin səmərəliliyi, nəzarətin
mərkəzləşdirilməsi və nəzarətedici
dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi
məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər
Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların
İşləri və Hüquqlarının Müdafiəsi
üzrə Komissiya (bundan sonra - Komissiya):
4.1.1. uşaq hüquqlarının təmin edilməsi
vəziyyətinə dair ölkə üzrə illik
hesabatı təhlil edir, nəticələrini qiymətləndirir;
4.1.2. uşaqların vəziyyətinə dair
müzakirələr keçirir;
4.1.3. uşaq hüquqlarının təmin edilməsi
sahəsində hazırlanmış dövlət
proqramlarına, milli fəaliyyət planlarına, irihəcmli
layihələrə dair rəy bildirir;
4.1.4. uşaq müəssisələrində
monitorinqlər keçirir;
4.1.5. uşaq problemlərinin həlli yollarına dair
tövsiyələr verir.
4.2.
Uşaq hüquqlarının həyata keçirilməsinə
ümumi dövlət nəzarəti aşağıdakı
formalarda həyata keçirilir:
4.2.1. uşaq hüquqlarının həyata
keçirilməsinə nəzarət edən dövlət
orqanlarının fəaliyyətinin
qiymətləndirilməsi;
4.2.2. monitorinqlərin keçirilməsi.
5. Uşaq hüquqlarının həyata
keçirilməsinə nəzarət edən dövlət
orqanlarının fəaliyyətinin qiymətləndirilməsi
5.1.
Komissiyada təmsil olunan dövlət orqanları həmin
dövlət orqanlarının Azərbaycan
Respublikasının qanunları əsasında müəyyən
olunmuş fəaliyyət istiqamətləri üzrə cari il
üçün uşaq hüquqlarının təmin edilməsi
vəziyyətinə dair illik hesabat hazırlayır və
növbəti il yanvar ayının 15-dək Azərbaycan
Respublikasının Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsinə təqdim edirlər.
5.2. Bu Qaydanın 5.1-ci bəndində nəzərdə
tutulmuş illik hesabatda uşaq hüquqlarının
pozulmasına dair müraciətlər barədə ətraflı
məlumat verilir, pozuntu halları və onların
statistikası göstərilir.
5.3. Azərbaycan
Respublikasının Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsi bu Qaydanın 5.1-ci bəndinə
uyğun olaraq, təqdim edilmiş hesabatları ümumiləşdirərək
uşaq hüquqlarının təmin edilməsi vəziyyətinə
dair ölkə üzrə illik hesabatın
hazırlanmasını təmin edir.
5.4.
Uşaq hüquqlarının təmin edilməsi vəziyyətinə
dair ölkə üzrə illik hesabat Azərbaycan Respublikasının
Ailə, Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsi tərəfindən Komissiyanın sədrinə
təqdim edilir. Hesabata, həmçinin
Komissiyanın keçirdiyi monitorinqlər və onların nəticələri
barədə məlumat daxil edilir.
5.5.
Komissiyanın iclasında uşaq hüquqlarının təmin
edilməsi vəziyyətinə dair ölkə üzrə
illik hesabat barədə Komissiya sədrinin məruzəsi dinlənilir.
5.6.
Uşaq hüquqlarının təmin olunması vəziyyətinə
dair ölkə üzrə illik hesabat Komissiyanın
iclasında təhlil edilir və Komissiyanın Əsasnaməsində
müəyyən edilmiş səsvermə proseduruna uyğun
olaraq, həmin hesabat barədə yekun rəy qəbul edilir.
Yekun rəydə həmin il üzrə
uşaq hüquqlarının təmin edilməsi vəziyyəti
qiymətləndirilir və növbəti ildə görülməsi
zəruri hesab edilən tədbirlər nəzərdə
tutulur.
5.7.
Komissiya uşaq hüquqlarının təmin edilməsi vəziyyətinə
dair ölkə üzrə illik hesabata baxarkən, bu
Qaydanın 6.1-ci bəndində qeyd olunmuş müəssisələrdə
uşaq hüquqlarının ciddi və müntəzəm
pozulması halları aşkar edilərsə, həmin müəssisələrdə
növbədənkənar monitorinqlərin keçirilməsinə
dair qərar qəbul edilir.
5.8.
Uşaq hüquqlarının təmin edilməsi vəziyyətinə
dair ölkə üzrə illik hesabat və həmin hesabat barədə
Komissiyanın yekun rəyi Komissiyanın sədri tərəfindən
Azərbaycan Respublikasının Prezidentinə təqdim edilir.
6. Monitorinqlərin keçirilmə
qaydası
6.1.
Monitorinqlər aşağıdakı müəssisələrdə,
bu Qaydaya uyğun olaraq, Komissiyanın qərarı əsasında
keçirilir:
6.1.1. uşaq evlərində və internat məktəblərdə;
6.1.2. təhsil müəssisələrində;
6.1.3. açıq və qapalı tipli xüsusi təlim-tərbiyə
müəssisələrində;
6.1.4. yetkinlik
yaşına çatmayanların tərbiyə müəssisələrində;
6.1.5. yetkinlik yaşına çatmayanlar
üçün ixtisaslaşdırılmış sosial
reabilitasiya müəssisələrində, habelə yetkinlik
yaşına çatmayanlara və onların ailələrinə
sosial xidmət göstərən digər müəssisə və
xidmətlərdə;
6.1.6. yetkinlik yaşına çatmayanlar
üçün müvəqqəti təcridetmə mərkəzlərində;
6.1.7. yetkinlik yaşına çatmayanlar
üçün səhiyyə müəssisələrində.
6.2.
Monitorinqlər dövri və növbədənkənar
keçirilir.
6.3.
Dövri monitorinqlər ildə bir dəfə keçirilir. Azərbaycan
Respublikasının Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsi hər il
növbəti il üzrə monitorinqlərin keçiriləcəyi
müəssisə və təşkilatların
siyahısını və keçirilmə rejimini baxılmaq
və təsdiq olunmaq üçün Komissiyaya təqdim edir.
Komissiya məsələ ilə bağlı
müvafiq qərar qəbul edir.
6.4.
Növbədənkənar monitorinqlər Komissiyaya bu
Qaydanın 6.1-ci bəndində göstərilmiş hər
hansı bir müəssisə və ya təşkilatda
uşaq hüquqlarının ciddi və ya müntəzəm
pozulması halları haqqında əsaslandırılmış
məlumat daxil olduqda və ya bu Qaydanın 5.7-ci bəndində
nəzərdə tutulmuş hallarda keçirilir. Komissiyaya bu Qaydanın 6.1-ci bəndində göstərilmiş
hər hansı bir müəssisə və ya təşkilatda
uşaq hüquqlarının ciddi və ya müntəzəm
pozulması halları haqqında əsaslandırılmış
məlumat daxil olduqda, Komissiyanın növbədənkənar
iclası keçirilir və məlumatın
etibarlılığı təsdiq edildikdə, növbədənkənar
monitorinqin keçirilməsi haqqında qərar qəbul
edilir.
6.5. Hər
il yanvar ayının 15-dək Komissiya həmin
il üçün monitorinqlərin keçirilməsi üzrə
tərkibi 10 nəfərdən çox olmamaq şərti ilə
ekspertlər qrupu təşkil edir. Monitorinqlərin
keçirilməsi üzrə ekspertlər qrupunun tərkibinə
Komissiyada təmsil olunan dövlət orqanlarının
nümayəndələri, müstəqil ekspertlər,
hüquq müdafiəçiləri, qeyri-hökumət təşkilatlarının
nümayəndələri daxil edilirlər.
6.6.
Növbədənkənar monitorinqin keçirilməsi tarixinə
üç iş günü qalmış Komissiyanın qərarının
surəti, dövri monitorinqin keçirilməsi tarixinə
üç iş günü qalmış Komissiyanın bu
Qaydanın 6.3-cü bəndində nəzərdə
tutulmuş qərarından monitorinq keçiriləcək
müəssisə və ya təşkilata dair
çıxarış monitorinq keçiriləcək müəssisə
və ya təşkilata və onun tabe olduğu quruma göndərilir.
6.7. Monitorinqin
nəticələri monitorinqlərin keçirilməsi üzrə
ekspertlər qrupunun üzvləri və monitorinq
keçirilmiş müəssisə və ya təşkilatın
rəhbəri tərəfindən iki nüsxədə
imzalanan aktla rəsmiləşdirilir. Aktın
bir nüsxəsi müəssisə və ya təşkilatın
rəhbərinə, digər nüsxəsi Komissiyaya təqdim
edilir.
6.8.
Keçirilmiş monitorinqlər nəticəsində uşaq
hüquqlarının pozulması halları aşkar edildikdə
Komissiya:
6.8.1. aşkar edilmiş nöqsanların aradan
qaldırılması ilə bağlı müvafiq tədbirlər
görülməsinə dair əlaqədar dövlət
orqanlarına tövsiyələr verilməsi və (və ya);
6.8.2. aşkar edilmiş hallar barədə
hüquq-mühafizə orqanlarına məlumat təqdim edilməsi barəsində
qərar qəbul edir.
7. Uşaq hüquqlarının həyata
keçirilməsinə dair elektron məlumat bankı
7.1.
Uşaq hüquqlarının həyata keçirilməsinə
dövlət nəzarəti və dövlət orqanları tərəfindən
uşaq problemlərinin əlaqəli şəkildə
çevik həllinin təşkili məqsədi ilə
uşaq hüquqlarının həyata keçirilməsinə
dair elektron məlumat bankı fəaliyyət göstərir.
7.2.
Uşaq hüquqlarının həyata keçirilməsinə
dair elektron məlumat bankı bu Qaydanın 1.3-cü bəndində
nəzərdə tutulmuş dövlət orqanlarının
istifadəçisi olduğu xüsusi proqramla təchiz
edilmiş sistemdir.
7.3. Bu Qaydanın 1.3-cü bəndində nəzərdə
tutulmuş dövlət orqanları uşaqlara dair hər bir
müraciətin və müraciət üzrə aparılan
icraat prosesinin müraciətin qəbul edildiyi və
icraatın başlandığı gün bu Qaydanın 7.2-ci bəndində
nəzərdə tutulmuş sistemdə qeyd edilməsini təmin
etməyə borcludurlar.
7.4.
Uşaq hüquqlarının həyata keçirilməsinə
dair elektron məlumat bankı Azərbaycan Respublikasının
Ailə, Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsi tərəfindən təşkil
edilir.
7.5.
Uşaq hüquqlarının həyata keçirilməsinə
dair elektron məlumat bankının təşkili və
aparılması Qaydası Azərbaycan Respublikasının
Nazirlər Kabineti tərəfindən təsdiq edilir.
Azərbaycan.- 2012.- 12 may.- S. 12.