Küveytin nüfuzlu Əl-Ray qəzetində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev sərlövhəli məqalə dərc olunmuşdur

 

 Küveytin geniş oxucu kütləsinə malik "Əl-Ray" qəzetində Azərbaycanın bu ölkədəki səfiri Tural Rzayevin "Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev" sərlövhəli məqaləsi dərc olunmuşdur.

Səfirlikdən AzərTAc-a bildirmişlər ki, məqalədə ulu öndərin həyat və fəaliyyətindən bəhs edilmişdir. Qeyd edilmişdir ki, ümummilli lider Heydər Əliyev Azərbaycanın sosial-iqtisadi inkişafında mühüm rol oynamışdır. Onun səyləri nəticəsində Azərbaycan Sovet İttifaqının ən firavan respublikalarından birinə çevrilmişdir. Bununla yanaşı, milyonlarla müsəlmanın yaşadığı Sovet İttifaqının Siyasi Bürosunda yeganə müsəlman lider olan bu dahi insan heç vaxt millidini bağlarını unutmamış, islam dövlətləri ilə münasibətlərin inkişafında əvəzsiz rol oynamışdır.

Müəllif vurğulamışdır ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün yaratdığı çətin bir şəraitdə iqtisadi böhran səbəbi ilə sovet iqtisadi modelinin iflasa uğradığı və ölkəyə qarşı xarici təzyiqlərin artdığı bir dövrdə - 1993-cü ilin may-iyun aylarında, respublikada siyasi böhranın son dərəcə kəskinləşməsi ilə əlaqədar Azərbaycan xalqı ulu öndər Heydər Əliyevi ölkə rəhbərliyinə dəvət etmişdir. Heydər Əliyev 1993-cü il  iyunun 15-də Ali Sovetin Sədri, həmin il oktyabrın 3-də isə Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilmişdir.

Yazıda qeyd olunmuşdur ki, ümummilli lider Heydər Əliyevin müdrik rəhbərliyi nəticəsində Azərbaycan ötən əsrin 90-cı illərinin əvvəllərində çətinlik və iğtişaşlardan xilas olaraq, çiçəklənən və firavan gələcək yoluna qədəm qoymuşdur. Qısa müddətdə ulu öndər mərkəzi dövlət hakimiyyətini gücləndirmiş və Azərbaycanın xarici dövlətlərlə əlaqələrini genişləndirmiş, ölkənin uzunmüddətli və davamlı inkişafının əsaslarını təmin etmək məqsədi ilə gələcəyə hesablanmış enerji strategiyasını həyata keçirməyə başlamışdır. Beləliklə, müstəqil Azərbaycan Respublikasının həyatında yeni bir dövr başlanmışdır.

Məqalədə həmçinin vurğulanmışdır ki, ümummilli liderin rəhbərliyi ilə əsası qoyulmuş və həyata keçirilən enerji strategiyası ölkənin inkişafı və tərəqqisində əsas rol oynamışdır. Ulu öndər Heydər Əliyevin rəhbər tutduğu "Neft - Azərbaycanın böyük sərvətidir. O, yalnız müasir nəslin deyil, həmçinin gələcək nəsillərindir" prinsipi əsasında neft gəlirlərinin şəffaflığının, vətəndaşların iqtisadi vəziyyətinin yaxşılaşdırılması, həmçinin, gələcək nəsillərin firavan həyatının təmin edilməsi məqsədi ilə ölkədə Dövlət Neft Fondu yaradılmışdır.

Müəllif yazır ki, Azərbaycanda iqtisadiyyat, siyasət və digər sahələrdə qazanılmış bütün uğurlar ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır, onun siyasi iradəsinin, rəhbərliyinin, Vətəninə və xalqına böyük məhəbbətinin nəticəsidir. Bu gün Azərbaycan ümummilli lider Heydər Əliyevin baxışlarının və irsinin davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi altında demokratik, iqtisadi islahatlar həyata keçirilən, fəal xarici siyasət aparan, beynəlxalq arenada etibarlı tərəfdaş hesab olunan, regional layihələrdə əsas rol oynayan inkişaf etmiş bir dövlətdir.

Yazıda vurğulanmışdır ki, Azərbaycan xalqına və onun dostlarına münasibətdə ulu öndər Heydər Əliyevin xeyriyyəçilik amallarının davam etdirilməsi məqsədi ilə ümummilli liderin adını daşıyan Heydər Əliyev Fondu təsis edilmişdir. Fonda Azərbaycanın birinci xanımı, UNESCO-nunISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva rəhbərlik edir.

Məqalənin sonunda diqqətə çatdırılmışdır ki, XX əsrin 90-cı illərinin əvvəllərində bir çoxları Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü, respublikada yaşanan siyasiiqtisadi problemləri nəzərə alaraq suveren bir dövlət kimi ölkəmizin gələcəyinə inanmırdılar. Lakin Azərbaycanın əldə etdiyi uğurlar  bütün bu şübhələrə son qoymuş, onun müstəqilliyinin və inkişafının, xalqımızın ümummilli lideri Heydər Əliyevin dediyi kimi, əbədi və dönməz olduğunu sübut etmişdir.

 

 

Azərbaycan.- 2012.- 12 may.- S. 15.