“Azərbaycan ailəsi” film festivalının qalibləri
mükafatlandırılmışlar
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK), Heydər Əliyev Fondu və Birləşmiş Millətlər Təşkilatının (BMT) Əhali Fondunun birgə layihəsi çərçivəsində keçirilən "Azərbaycan ailəsi" film festivalı başa çatmışdır.
Bu münasibətlə mayın 11-də "JW Marriott Absheron" otelində təntənəli mərasim keçirilmişdir.
AQUPDK-nın sədri Hicran Hüseynova ənənəvi milli-mənəvi dəyərlərin qorunub saxlanması ilə yanaşı, yeni mədəni dəyərlərin cəmiyyətə daxil olmasının müasir dövrün aktual məsələlərindən olduğunu bildirmişdir. H.Hüseynova qeyd etmişdir ki, bu gün dövlətimiz milli-mənəvi dəyərlərin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi üçün böyük səylər göstərir. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət ailə siyasətini Prezident İlham Əliyev uğurla davam etdirir. Prezidentin ailələrin inkişafı və sosial vəziyyətlərinin daha da yaxşılaşdırılması istiqamətində imzaladığı müvafiq fərman və sərəncamlar, qəbul etdiyi proqramlar göstərilən dövlət qayğısının bariz nümunəsidir.
H.Hüseynova demişdir ki, festivalın keçirilməsində əsas məqsəd cəmiyyətdə ailə institutunu və mənəvi dəyərləri möhkəmlətməkdən, eyni zamanda, milli ailə ənənələrini təbliğ edib yaşatmaqdan ibarətdir.
Festivala kifayət qədər maraqlı filmlərin təqdim olunduğunu deyən H.Hüseynova bildirmişdir ki, ailə-məişət, milli adət-ənənələr, mənəvi dəyərlər və başqa bu kimi mövzularda film çəkmək istəyən rejissorların sayı ilbəil artır.
Qalib filmlər seçilərkən ailə dəyərlərinə diqqət göstərilməsi, yaşlılara hörmət, uşaqlara qayğı, həmçinin ailə problemlərinin ictimaiyyətə çatdırılması kimi amillərə, filmlərin məhz uşaq və gənclərdən ibarət olan auditoriyaya ünvanlanmasına, ailə münasibətlərində mövcud olan bəzi mənfi halların kinematoqrafiyanın imkanlarından istifadə etməklə və peşəkarlıqla açılmasına xüsusi önəm verilmişdir. Filmlər münsiflər heyətinə təşkilat komitəsi tərəfindən təqdim olunmuşdur.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev festivalın əhəmiyyətini qeyd edərək bildirmişdir ki, əsrlər boyu dövlətlərin quruluşundan, insanların ideoloji baxışlardan asılı olmayaraq, hər bir cəmiyyətdə ailə məfhumu önəmli olmuşdur.
Azərbaycanda əqidəli, intellektual, fiziki və mənəvi cəhətdən inkişaf etmiş yeni nəslin formalaşdığını deyən İ.Babayev bu mövzunun hər zaman aktual olacağını bildirmişdir.
Milli Televiziya və Radio Şurasının üzvü Sona Vəliyeva "Azərbaycan ailəsi" film festivalının təqdirəlayiq bir hal olduğunu qeyd etmişdir.
S.Vəliyeva bildirmişdir ki, festival gənc rejissorların yaradıcılıq imkanlarını və istedadlarını nümayiş etdirmələri və filmlərini geniş tamaşaçı kütləsinə təqdim etmələri üçün gözəl imkan yaratmışdır. Dövlətin, cəmiyyətin inkişafının əsası olan ailə milli-mənəvi dəyərlər sistemində önəmli yer tutduğu üçün milli kinomuzda da bu mövzuya tez-tez müraciət olunmalıdır. Gənc istedadların üzə çıxarılması, inkişafı və təbliği üçün belə festivalların keçirilməsi olduqca vacibdir.
"Azərbaycan Respublikasında Milli Televiziya filmlərinin istehsalına maliyyə yardımının göstərilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 9 sentyabr tarixli sərəncamını diqqətə çatdıran S.Vəliyeva qeyd etmişdir ki, Azərbaycan xalqının mədəni irsini təbliğ edən və mədəni-əxlaqi dəyərlərini aşılayan televiziya filmlərinin milli şüurun formalaşmasında, gənc nəslin inkişafında böyük əhəmiyyəti vardır.
Milli kinomuzun inkişafı istiqamətində görülən işlər barədə məlumat verən Dövlət Film Fondunun direktoru, Azərbaycanın əməkdar incəsənət xadimi Cəmil Quliyev kino şəbəkəsinin yaradılması ilə bağlı mühüm işlər görüldüyünü qeyd etmişdir.
C.Quliyev 2009-cu ildən başlayaraq artıq dördüncü dəfədir ki, keçirilən "Azərbaycan ailəsi" qısametrajlı film festivalını yüksək qiymətləndirmiş və bildirmişdir ki, milli kino sənətimizin təbliği və inkişafı üçün bu festivalların əhəmiyyətli rolu vardır.
Tədbirdə tanınmış müğənnilərin ifasında mahnılar səsləndirilmişdir.
Sonda qaliblərə diplom və qiymətli hədiyyələr təqdim olunmuşdur.
AzərTAc
Azərbaycan.- 2012.- 12 may.- S. 15.