Ümummilli lider Heydər
Əliyevin xatirəsinə həsr olunmuş
beynəlxalq velotur davam
edir
Xəbər verildiyi kimi, mayın 9-da Bakının Azadlıq meydanında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq velotur başlamışdır.
Mayın 13-dək davam edəcək velosiped turniri Azərbaycan Velosiped İdmanı Federasiyası (AVİF) tərəfindən ölkəmizdə bu idman növünün inkişafı istiqamətində atılan önəmli addımdır.
Turnirin təntənəli açılış mərasimində gənclər və idman naziri Azad Rəhimov ölkəmizdə ilk dəfə təşkil olunan beynəlxalq yarışın əhəmiyyətini xüsusi qeyd etmiş, Azərbaycanın mötəbər yarışlara ev sahibliyi etdiyini və bu tədbirlərin yüksək səviyyədə keçirildiyini diqqətə çatdırmışdır.
Turnirdə iştirak edən gənclərin gələcəkdə idmanın bu növündə də peşəkar olacaqlarına əminliyini ifadə edən nazir dövlət başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin idmanın inkişafına göstərdiyi diqqət və qayğıdan danışmış, bunun nəticəsində gənclərimizin idmanın bu növündə də böyük uğurlar qazanacaqlarına əminliyini ifadə etmişdir.
Beynəlxalq Velosipedçilər İttifaqının (BVİ) beynəlxalq komissarı, veloturun komissarı Pavel Skorek turnirin yüksək səviyyədə təşkil olunduğunu, Azərbaycanın bir idman ölkəsinə çevrildiyini bildirmiş və idmançılarımızın qazandığı nailiyyətlərdən söz açmışdır. Qeyd olunmuşdur ki, 23 yaşadək velosipedçilərin beşgünlük yarışı Azərbaycanda idmanın bu növünə böyük töhfə verəcəkdir. Bu yarış BVİ-nin təqviminə edilən xoş əlavədir.
Çıxış edən Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti Fazil Məmmədov bildirmişdir ki, iqtisadi inkişaf tempinə görə, dünyada qabaqcıl yerlərdən birini tutan müstəqil Azərbaycanda digər sahələrdə olduğu kimi, bədən tərbiyəsi və idmana da hərtərəfli dövlət qayğısı göstərilir. Məhz bu siyasətin nəticəsidir ki, Azərbaycanda idman sürətlə inkişaf edir, Olimpiya idealları təbliğ olunur, idmançılarımız beynəlxalq arenalarda ciddi uğurlar qazanırlar. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 2012-ci il ölkəmizdə "İdman ili" elan edilmişdir. Gənclərin müntəzəm şəkildə idmanla məşğul ola bilmələri üçün yeni idman və Olimpiya kompleksləri, stadionlar tikilir. Bakı hər il bir çox nüfuzlu beynəlxalq yarışlara ev sahibliyi edir. Vurğulanmışdır ki, növbəti hədəflərdən biri də 2020-ci il Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək uğrunda mübarizə aparmaqdır.
AVİF-nin prezidenti veloturun hazırlanmasında və keçirilməsində fəal iştirak edənlərin hamısına, Azərbaycanda belə mötəbər turnirin təşkilinə göstərdiyi etimada və köməyə görə BVİ-nin rəhbərliyinə təşəkkürünü bildirmiş və turniri açıq elan etmişdir.
Sonra Azərbaycanın Dövlət himni səsləndirilmiş və üzərində veloturun loqosu olan şarlar havaya buraxılmışdır.
Daha sonra turnirdə iştirak edən komandaların təqdimatı keçirilmişdir. Veloturda ümumilikdə 18 komanda mübarizə aparır ki, bunlardan dördü Qazaxıstan, Belarus, Moldova və Avstraliya yığmalarıdır. Digər 14 komanda isə müxtəlif ölkələri təmsil edir. Azərbaycan veloturda iki klubla təmsil olunur - "Sumqayıt" və "ATA Sport".
Təqdimat mərasimindən sonra ilk yarış qadın velosipedçilər arasında keçirilmişdir. Şəxsi yarışmada 16 idmançı 25 kilometr məsafəni qət etmişdir. Maraqlı idman mübarizəsi şəraitində keçən yürüşdə London Yay Olimpiya Oyunlarına lisenziya qazanmış Azərbaycan idmançısı Yelena Çalıx 34 dəqiqə 57 saniyə göstərici ilə bütün rəqiblərini qabaqlayaraq qalib olmuşdur. Alena Pavluxina (Ukrayna) ikinci, Aleksandra Sosenko (Litva) isə üçüncü pillədə qərarlaşmışlar.
Kişilərin arasında keçirilən ilk mərhələ yarışında 18 komanda 30 kilometr məsafəni
qət etmişdir. Rusiyanın "İtera Katyuşa" klubu finiş xəttinə
36 dəqiqə 38 saniyəyə çataraq
ilk mərhələni qələbə ilə
başa vurmuşdur. Qazaxıstan millisi ikinci, Almaniyanın "Specialized Consept
Store" klubu üçüncü
olmuşdur.
Yarışda fərqləndikləri üçün "İtera Katyuşa" klubunun velosipedçisi Aleksandr Qriqorev "ATA Holding"in göy, Qazaxıstan millisinin üzvü Roman Semyonov "Azpetrol"un yaşıl, "Specialized Consept Store"nin idmançıları Emanuel Buxman "Paşa Holding"in qırmızı, Tural İsgəndərov isə "Sinerci Group"un Odlar Yurdu köynəkləri ilə təltif olunmuş və ilk üç yerin sahibinə kubok təqdim edilmişdir. Köynək təqdim olunmuş idmançılar növbəti mərhələlərdə bu geyimdə çıxış edəcəklər.
Yarış başa çatdıqdan sonra "Hilton Bakı" mehmanxanasında qaliblərin mətbuat konfransı keçirilmişdir.
Velosipedçilər ikinci mərhələ çərçivəsində Bakı-İsmayıllı marşrutu üzrə 176 kilometr məsafə, o cümlədən Böyük Qafqaz dağlarında 3 yüksəklik qət etmişlər.
Mərhələnin qalibi Diputaciun de Avila - Smilekers.com komandasının nümayəndəsi ispaniaylı Diego Rubio Hernandez olmuşdur. Yarışın ümumi liderliyini isə CMC (Dünya Velosiped Mərkəzi) komandasını təmsil edən Əlcəzair idmançısı Yusif Rəqiqi ələ keçirmişdir.
Yusif Rəqiqi: "Yarış birinciliyi haqqında düşünmürdüm, sadəcə, bu mərhələdə qalib gəlmək istəyirdim. Öndəki qrupda olan digər velosipedçilər ilə çətin mübarizə aparırdım, lakin Rubionun həmləsini dəf edə bilmədim. Yürüşün lideri olmaq mənim üçün xoş bir sürprizdir. Liderliyimin qorunmasına gəlincə, komandamızın idman direktorunun məsləhətinə baxacağam".
"Ən güclü Azərbaycanlı
velosipedçisi olmaq
mənim üçün şərəfdir",
- Sumqayıt İdman Klubunun
təmsilçisi Qurban Tağıyev isə
bunları bildirib: "Bu
mənim iştirak etdiyim
ilk rəsmi yarışdır. Uzun və çətin bir
mərhələdə yaxşı sürdüyümdən çox məmnunam. Dünyanın ən
yaxşı velosipedçilərinə çatmaq
üçün bizə bir
az da məşq etmək
və təcrübə toplamaq
lazımdır. Veloturda bir
çox güclü velosipedçi var və bizi çox maraqlı yarış
gözləyir".
Azərbaycan.- 2012.- 12 may.- S. 16.