İtaliya Prezidenti: Qarabağ münaqişəsinin həlli beynəlxalq birliyin strateji maraqlarına uyğundur

 

İtaliya Prezidenti Corcio Napolitanonun fikrincə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli dünya birliyinin strateji maraqlarına uyğundur, çünki bu halda regionda yeni imkanlar yaranar.

Prezident C.Napolitano "The Business Year" jurnalının Azərbaycana həsr edilmiş xüsusi buraxılışına verdiyi müsahibədə demişdir: "Bu münaqişənin həlli bütün Cənubi Qafqaz regionunda sabitliyə kömək edəcək, yeni iqtisadi imkanlar yaradacaq və gənc nəslin gələcəyinin daha yaxşı olmasına təminat verəcəkdir".

Prezident əmin olduğunu bildirmişdir ki, Azərbaycanın 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi bu ölkənin regiondaregion hüdudlarından kənarda aparıcı rolunu gücləndirmək üçün nadir imkan olacaqdır.

2006-cı ildən prezident vəzifəsində çalışan Napolitano demişdir: "Mən buna da əminəm ki, Azərbaycan diplomatiyası BMT-nin beynəlxalq sülh və təhlükəsizlik, yoxsulluğa qarşı mübarizə və ətraf mühitim qorunması, habelə insanlar arasında dini və mədəni dialoqun genişləndirilməsi kimi məqsədlərinə nail olmağa şərait yaratmaq üçün bu məqamdan istifadə edəcəkdir".

O, müsahibədə Dağlıq Qarabağ münaqişəsində status-kvonun qəbuledilməz olmasını təsdiqləmişdir.

Napolitano hər iki tərəfin bu münaqişəni dinc, diplomatik yolla həllini axtarmaq öhdəliklərini alqışlayaraq "baza prinsipləri" əsasında saziş əldə edilməsi üçün səyləri davam etdirməyə çağırmışdır. O, həmçinin Avropa İttifaqının regionda sülhə və sabitliyə nail olmaqda səmərəli rol oynayacağına inandığını qeyd etmişdir.

İtaliyanın 11-ci Prezidenti Bakı ilə Roma arasında siyasi dialoq mövzusuna toxunaraq qeyd etmişdir ki, 1992-ci ildə İtaliya ilə Azərbaycan arasında diplomatik münasibətlər yaradılandan bəri bu ölkələr həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə siyasi dialoqu durmadan inkişaf etdirməyə nail olmuşlar. O demişdir: "İtaliya hökuməti Azərbaycanın ATƏT-də və Avropa Şurasında üzvlüyünü fəal dəstəkləmişdir. Bu, Avropaya mərhələlər üzrə inteqrasiya prosesində tarixi addımdır".

Napolitano son bir neçə ildə Azərbaycanın NATO ilə fəal əməkdaşlıq etməsini, Alyansın ən mühüm hərbi əməliyyatlarında Azərbaycanın iştirakını vurğulayaraq xatırlatmışdır ki, Azərbaycan əsgərləri Əfqanıstanda NATO-nun sülhyaratma missiyasında iştirak edirlər, Alyansın Əfqanıstana qeyri-hərbi təyinatlı yüklər daşıması üçün mühüm hava yolu da Azərbaycandan keçir.

Prezident demişdir: "NATO-nun Əfqanıstanda həyata keçirdiyi tədbirlərdə bizim ölkələrin iştirak etməsi daha təhlükəsiz dünya, terrorizminekstremizmin olmadığı dünya yaradılmasına konkret töhfədir".

Napolitano bildirmişdir ki, İtaliya öz xarici siyasətində Azərbaycanın Avropaya inteqrasiyası səylərini dəstəkləyir. O demişdir: "Biz Avropa İttifaqının "Şərq tərəfdaşlığı" proqramını Azərbaycan ilə Aİ arasında əməkdaşlığın bütün spektrinin möhkəmləndirilməsi və genişləndirilməsi üçün mühüm vasitə hesab edirik".

İtaliya Prezidenti iki ölkə arasında əməkdaşlığın iqtisadi perspektivləri mövzusuna toxunaraq qeyd etmişdir ki, son illərdə bu sahədə möhkəm iqtisadi əlaqələr yaradılmışdır. Prezidentin sözlərinə görə, hazırda İtaliya Azərbaycanın ən iri iqtisadi tərəfdaşıdır. Keçən il ikitərəfli əmtəə dövriyyəsinin həcmi 7,5 milyard avrodan çox olmuşdur.

Bu yaxınlarda Azərbaycan İtaliyanı neft ilə təchiz edən ən böyük tərəfdaş olmuşdur. Beləliklə, Azərbaycan İtaliyanın enerji təchizatının şaxələndirilməsinə kömək edir, bu isə ölkənin strateji məqsədidir. Bununla belə, Prezident qeyd etmişdir ki, iqtisadi sahədə ikitərəfli münasibətlərin inkişaf etdirilməsi üçün çox böyük potensial imkanlar vardır.

"Əməkdaşlığın bir neçə yeni sahəsi ölkələrimiz arasında münasibətlərdə yeni fəsillər aça bilər", - deyən Napolitano nümunə kimi informasiya texnologiyaları, yeyinti sənayesi, turizm və bərpa edilən energetika sahələrinin adını çəkmişdir.

İtaliya Prezidenti qarşılıqlı münasibətlərin mədəni və sosial aspektlərinə də toxunaraq bildirmişdir ki, ölkələr arasında mədəniyyət sahəsində intensiv inkişaf edən əməkdaşlıq insanların bir-birini daha yaxşı başa düşməsinə və turizmin inkişafına şərait yaradır.

Napolitano demişdir: "Təkcə 2011-ci ildə Azərbaycandan İtaliyaya 4 min turist gəlmişdir, Azərbaycan Dillər Universitetinin italyan dili fakültəsində təhsil alan tələbələrin sayı isə ilbəil artır".

O, qarşılıqlı münasibətlərin sosial aspektinin əhəmiyyətini vurğulayaraq demişdir ki, İtaliya Azərbaycanın Qafqazda təmsil etdiyi dini tolerantlıq modelini alqışlayır. Prezident demişdir: "Bu mühüm nailiyyət müsəlman dünyasının başqa ölkələri üçün də nümunədir".

 

 

 AzərTAc

 

Azərbaycan.- 2012.- 13 may.- S. 1.