Buna yalnız sevinmək lazımdır

 

Müstəqil Azərbaycan dövləti son illər ərzində sıçrayışlı inkişaf yolu keçib. Dövlət başçısı İlham Əliyevin yürütdüyü uğurlu siyasət Azərbaycanın milli maraqlarının maksimum  dərəcədə  təmin olunmasına yönəlib. İqtisadi və siyasi islahatların  paralel şəkildə aparılması  ölkəmizə böyük uğurlar gətirib. Məhz bunun nəticəsidir ki, Azərbaycan son illər iqtisadi artım tempinə görə dünyada ön sıralardadır. Hətta ötən illərdəki dünya iqtisadi və maliyyə böhranı   şəraitində belə Azərbaycanın sürətli inkişafı  özü-özlüyündə çox şey deyir, ölkəmizin güclü iqtisadi resurslara söykəndiyini əyani şəkildə təsdiqləyir. Nəzərdə tutulan dövlət proqramlarının  və infrastruktur layihələrinin  inamla və qətiyyətlə həyata keçirilməsi çox böyük uğurdur.

Bu günlər bütün dünyanın diqqəti Azərbaycana yönəlmişdir. Respublikamız  çox mühüm və əlamətdar bir hadisəyə ev sahibliyi edir. Bu, "Eurovision" musiqi yarışmasıdır. Bakıda keçirilən sayca 57-ci musiqi yarışması ilə əlaqədar  paytaxtımıza minlərlə qonaq gəlməkdədir. Bu qonaqlar, musiqi yarışmasında iştirak edənlər, tamaşaçılar, yarışmanı işıqlandıracaq media nümayəndələri müsabiqənin yaratdığı bayram əhval- ruhiyyəsində Azərbaycanda olmaq, Cənubi Qafqazın bu gözəl guşəsində maraqlı anları bizimlə bölüşmək istəyən şəxslərdir.

Azərbaycan Cənubi Qafqazın 3 dövlətindən biridir. Respublikamız Cənubi Qafqaz əhalisinin təxminən 70-75 faizini, iqtisadi potensialının isə 80-85 faizini təşkil edir. Hər bir azərbaycanlı qürur duymalıdır ki, bölgənin əsas enerji resursları və dünyanın digər dövlətlərini maraqlandıran iqtisadi resurslar bizim ölkəmizdə cəmləşib.

Lakin təəssüf ki, Bakının getdikcə belə cəlbedici şəhərə çevrilməsini, xarici turistlərin bura sərbəst gəlib istirahət etməsini, beynəlxalq yarışların paytaxtımızı  daha çox məşhur etməsini ciddi şəkildə qısqanclıqla qarşılayanlar da var. Bizi gözü götürməyənlərin belə cılız hisslərlə yaşaması təəssüf doğurur. Ən xoşa gəlməyən odur ki, bəzi vətəndaşlarımız  da onların dəyirmanına su tökmək, bu sevincli  günlərimizdə narahatçılıq yaratmaq istəyirlər.

Bütövlükdə ölkəmizin Avropanın mahnı müsabiqəsində uğur əldə etməsi, bu müsabiqənin qalibi olması Azərbaycanın gənc  dövlət kimi böyük nailiyyətlərindən biri sayılmalıdır. Bu, Azərbaycana şans verir ki, öz milli üstünlüklərini, gündən-günə artan uğurlarını bütün dünyaya təqdim edə bilsin, öz yüksək qonaqpərvərliyini bir daha göstərsin və sözün həqiqi mənasında, ölkəmiz dünyaya təbliğ edilsin.

Əminəm ki, müsabiqəni izləyəcək milyonlarla insan Azərbaycanın sürətlə inkişaf edən, azad,  tolerant, dünyəvi, qədim və zəngin mədəniyyətə malik ölkə olduğunu görəcəklər.

Son olaraq qeyd edim ki, Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv qəbul olunması  siyasi baxımdan nə qədər böyük əhəmiyyət  kəsb edirsə,  57-ci "Eurovision" musiqi yarışmasının ölkəmizdə  keçirilməsi də mədəni baxımdan  bir o qədər böyük əhəmiyyətə malikdir. Bunlara yalnız sevinmək lazımdır.            

 

 

Vasim MƏMMƏDƏLİYEV,

Akademik

 

Azərbaycan.- 2012.- 23 may.- S. 3.