Azərbaycan
nümayəndə heyəti Dünya Səhiyyə
Assambleyasının sessiyasında iştirak
edir
Cenevrədə Dünya Səhiyyə Assambleyasının 65-ci sessiyası işə başlamışdır. Səhiyyə naziri Oqtay Şirəliyevin başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti sessiyanın işində iştirak edir.
AzərTAc xəbər verir ki, Dünya Səhiyyə Təşkilatının baş direktoru Marqaret Çan tədbir iştirakçıları qarşısında çıxışında ümumi tibbi xidmətə keçməyə çağırmış və qlobal səhiyyə problemlərinin həllində diqqəti BRİKS ölkələrinin - Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikasının potensialına cəlb etmişdir.
Marqaret Çan demişdir: "Bu ölkələr əsas dərmanların əlçatan generiklər formasında ən iri təchizatçılarına çevrilmişlər ki, bu da inkişafda olan ölkələrin xeyrinədir. BRİKS ölkələri texnologiyaların sürətlə ötürülməsi daxil olmaqla, səhiyyənin inkişafının alternativ modelini də təklif edirlər".
Səhiyyə sahəsində "qızıl onilliyin" geridə qaldığını iddia edənlərlə razılaşmayan DST-nın başçısının fikrincə, bu gün, iqtisadi sarsıntılar dövründə səhiyyə sahəsində kəskin maliyyələşdirmə çatışmazlığı hiss edilir. Onun fikrincə, bu sahədə tərəqqi başqa amillər, o cümlədən innovasiya qərarları ilə bağlı amillər hesabına mümkündür.
Marqaret Çan diqqəti belə bir məsələyə də cəlb etmişdir ki, hər il əməliyyatlar zamanı yol verilən səhvlər üzündən bir milyonadək insan tələf olur. DST bu yaxınlarda cərrahlar üçün təlimat dərc etmişdir. Təlimata dəqiq riayət edilməsi 500 minədək insanın həyatını xilas etməyə imkan verər.
DST-nın baş direktoru diqqəti səhiyyə sahəsində ən ciddi problemlərə cəlb edərək vurğulamışdır ki, dünyada hər üç yaşlı adamdan birinin yüksək qan təzyiqi vardır. Yüksək qan təzyiqi bütün insult və ürək xəstəlikləri hallarının təxminən yarısının səbəbidir. Hər on adamdan biri diabetdən əziyyət çəkir. Dünya əhalisinin 12 faizi - yarım milyard insan piylənmədən əziyyət çəkir. Bu rəqəm son 30 ildə iki dəfə artmışdır.
Dünya Səhiyyə
Assambleyasının sessiyasında
erkən nikahlar problemi
də müzakirə ediləcəkdir.
Azərbaycan.- 2012.- 23 may.- S. 3.