Niderlandın məşhur Telegraf qəzetində Azərbaycandan və Eurovision-2012 mahnı müsabiqəsindən bəhs edən geniş məqalə dərc olunmuşdur

 

 Niderlandda böyük oxucu auditoriyasına malik nüfuzlu "Telegraf" qəzetinin 19 may tarixli nömrəsində  Bakıda keçirilən "Eurovision" mahnı müsabiqəsi barədə məqalə dərc edilmişdir.

Azərbaycanın Niderland Krallığındakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, məqalədə Bakı şəhərinin qeyri-adi gözəlliyi, buradakı tarixi abidələr, insanların qonaqpərvərliyi, ləziz milli mətbəximiz haqqında geniş məlumat verilir. Həmçinin  Bakının "Eurovision-2012" mahnı müsabiqəsinə ev sahibliyi edəcəyi və şəhərin çoxsaylı turistlər üçün hazır olduğu bildirilir.

Bakı şəhərindən və azərbaycanlıların səmimi qonaqpərvərliyindən bəhs edən bu məqalədə ölkəyə hollandiyalıların  gözü ilə baxılaraq zəngin mədəniyyətə malik Azərbaycan xalqının öz milli adət-ənənələrinə nə qədər sıx bağlı olduğundan, lakin bununla yanaşı, azərbaycanlıların daim yeniləşməyə, müasirləşməyə və inkişaf etməyə can atan millət olmasından söhbət açılır.

Bakının ecazkar gözəlliyini və ecazkarlığını tərənnüm edən müəllif hollandların Azərbaycana səfər etmələrinin onların yaddaşlarında  unudulmaz xatirə kimi qalacağını diqqətə çatdırır.

 

 

Azərbaycan.- 2012.- 23 may.- S. 4.