Döyüşərək qocalanlar

 

İkinci dünya müharibəsinin başlamasından 71, faşizm üzərində Qələbədən 67 il ötür. Bu dəhşətli müharibənin ön sıralarında Sovetlər birliyinin minlərlə vətəndaşı kimi, Azərbaycanın 700 minə yaxın oğul və qızı da var idi. Onların yarıdan çoxu bu qanlı döyüşlərdən geri qayıtmadı. Əksəriyyəti  ilk dəfə əlinə silah alan həmin yeniyetmələr o davadan, müharibədən böyüyərək, mətinləşərək yaşa dolmuş, böyük həyat dərsi keçmiş insanlar kimi ayrıldılar. Kimi yenidən məktəbə, kimi qoyub getdiyi zavoda, fabrikə, kimi kolxoza, sovxoza - əvvəlki iş yerinə qayıtdı. Kimi isə elə uzandığı səngərdən, düşüb qaldığı torpaqdan qalxmadan əbədiyyətə üz tutdu...

 Bütün dünyanı bürüyən, tarixdə görünməyən o dağıdıcı müharibə zamanı qəhrəmanlığına və igidliyinə görə Azərbaycanın 130-dan artıq vətəndaşı ən yüksək mükafata - Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, minlərlə əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif olunub.

Onlardan general Həzi Aslanovun, Qafur Məmmədovun, İsrafil Məmmədovun adları bu gün də gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsində əvəzsiz rol oynayır.

Minlərlə azərbaycanlının düşmən arxasında partizan hərəkatında iştirakı barədə saysız-hesabsız faktlar mövcuddur. "Uzaq sahillərdə" filmi ilə uşaqlıqdan hamının qəlbinə yol tapan, elə o vaxtdan uzaq Sloveniya torpağında uyuyan əfsanəvi partizan Mehdi Hüseynzadənin qeyri-adi qəhrəmanlığı dediklərimizə daha bir sübutdur. Arxivlər açıldıqca,  sənədlər öyrənildikcə igid vətən oğullarının müxtəlif ölkələrdəki qəhrəmanlığı, şücaəti barədə yeni-yeni faktlar, məlumatlar ortaya çıxır.

Müharibənin ilk günlərində təşkil olunan Azərbaycan diviziyalarının fəaliyyəti isə qürur mənbəyimiz olmaqla yanaşı, həm də böyük tədqiqat, araşdırma mövzusudur. Bir faktı qeyd etməyə dəyər:  azərbaycanlılardan ibarət 77-ci, 223-cü, 336-cı, 402-ci və 416-cı diviziyaların Qafqazdan başlayan döyüş yolu müxtəlif ölkələrdən keçərək 1945-ci ilin 9 mayına -  Qələbə gününə kimi uzanmışdır.

O illərdə Azərbaycan təkcə ön cəbhədəki oğulları ilə deyil, həm də yorulmaq bilmədən arxada gecə-gündüz çalışan qocaları, qadınları, uşaqları ilə vuruşurdu. O vaxt düşmən üzərində qələbənin qazanılmasında əvəzsiz rolu olan tank və digər texnika üçün lazım olan yanacağın dörddə üç hissəsinin Bakıda istehsal olunduğunu nəzərə alsaq, qələbə üçün hər bir azərbaycanlının nə qədər hünər göstərdiyi aydın görünər.

Bu mənada oddan-alovdan keçmiş veteranların, bu yaşlı nəslin qayğısı, onun problemlərinin həlli  hər bir sivil cəmiyyətdə olduğu kimi, Azərbaycanda da dövlətin daimi diqqət mərkəzindədir. Ümummilli lider Heydər Əliyevin veteranlara qayğısını, onlarla keçirdiyi daimi görüşləri veteran döyüşçülərlə bərabər hamı yaxşı xatırlayır. Onun bu siyasətini Prezident İlham Əliyev uğurla davam etdirir. Hər il olduğu kimi, bu il də müharibə veteranları belə bir qayğı və diqqətdən kənarda qalmadılar. "1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi barədə" Azərbaycan Prezidentinin sərəncamı bunu bir daha təsdiqləyir.

Dövlət başçısının başqa bir sərəncamı ilə hələ ötən ildən Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-mühafizə Orqanları Veteranları Şurasının fəaliyyətinin gücləndirilməsi və maddi təminatının yaxşılaşdırılması nəzərdə tutulmuşdu. Burada da veteranların problemlərinin həlli,  onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, avtomobillə təmin edilməsi bir vəzifə olaraq qarşıya qoyulurdu.

 Bunu, bu atılan addımları isə dünyanın bərkindən-boşundan, od-alovundan  çıxmış insanlar heç vaxt unutmayacaqlar. Bir də uşağını, yaşlı, qoca insanlarını, xüsusilə vaxtilə döyüşərək qocalan insanlarını, odlardan keçmiş əsgərlərini uca tutmaq hər bir dövlətin və cəmiyyətin əsas vəzifələrindən biri olmaqla, həm də onun öz sabahına, gələcəyinə göstərdiyi qayğıdır, diqqətdir. Sabahın isə öz savaşı var. Bu, hələ də başa çatmayan Qarabağ savaşı - Şuşa, Laçln, Xocalı, Kəlbəcər uğrunda savaşdır.

 

 

Bəxtiyar QARACA

 

Azərbaycan.- 2012.- 13 may.- S. 10.