Sanki röyadayıq

 

"Baku City Tour"la paytaxta - nağıllar dünyasına səyahət edən xarici turistlər Şəhidlər Xiyabanında duyğulu anlar yaşadılar

 

Son 20 ildə ictimai-siyasi, sosial-mədəni həyatın müxtəlif çox sahələrində beynəlxalq miqyaslı layihələrə uğurla imza atmış Azərbaycan bu il daha bir mötəbər yarışmaya - 57-ci "Eurovision" mahnı müsabiqəsinə ev sahibliyi edir.  Bununla əlaqədar olaraq, müxtəlif ölkələrdən çoxlu sayda turist respublikamıza təşrif buyurub. Onlar mahnı müsabiqəsinin təşkilatçıları, iştirakçıları və məhşur mahnı müsabiqəsinin fanatlarıdır.

Təbii ki, xaricdən gələn əcnəbi vətəndaşlara dövlət tərəfindən müxtəlif sahələrdə edilən güzəştlərlə yanaşı, onların asudə vaxtlarını mənalı və səmərəli şəkildə keçirmələri üçünbir sıra proqramlar hazırlanıb. Onlardan biri də Mədəniyyət və Turizm Nazirliyinin və Bakı Turizm İnformasiya Mərkəzinin mütəxəssisləri tərəfindən  paytaxtı daha da yaxşı tanımaq istəyənlər üçün "Baku City Tour" ekskursiya proqramıdır.

Avtobus turunda turistlərə 30-dan çox şəhər obyekti nümayiş etdirilir. Onların arasında Bakının simvolu sayılan tarixi və memarlıq abidələri - Qız Qalası, İçərişəhər, həmçinin musiqi yarışmasının keçirildiyi məkan - "Crystal Hall", Beynəlxalq Muğam Mərkəzi, dəniz sahilindəki yeni Xalça Muzeyi və başqaları var. Məlumat üçün qeyd edək ki, tur 3 saat 50 dəqiqə davam edir. Başlanğıc və bitmə məkanı Azadlıq meydanındandır. Turlar ikimərtəbəli avtobuslarda səhər saat 10-dan 16.00-dək   keçirilir.

"Baku City Tour"un turistlərdə nə kimi fikir formalaşdırdığını öyrənmək üçün bizbu şəhər turuna onlarla birlikdə çıxdıq. Avtobusda təxminən 20-yə yaxın əcnəbi turist yer alırdı. Onların əksəriyyəti İsrail, İspaniya, Almaniya, Yunanıstan və Rusiyadan olan jurnalist qrupları idi.

Birinci səyahət Azadlıq meydanından Heydər Əliyev Mərkəzi istiqamətində oldu. Bakının ecazkar görünüşünə valeh olan turistlər dayanmadan bu gözəllikləri fotoaparatlarla lentə alırdılar. Bir çoxları isə Bakının necə möhtəşəm bir şəhər olduğunun, paytaxtımızın tarixiliklə müasirliyin vəhdət təşkil etdiyinin ən bariz nümunəsi kimi dəyərləndirirdilər. Tur bələdçisi Nailə Mamiyeva paytaxtın ən gözəl yerlərindən keçdikcə buradakı tarixi abidələr barədə geniş məlumat verir, turistlərin suallarını cavablandırırdı.

Şah İsmayılın abidəsi - İncəsənət Muzeyi-Hökumət Evi marşrutu üzrə hərəkət edən avtobus Qız qalası tarixi abidəsi önündə dayandı. Orada turistlərə məlumat verildi ki, Bakının ən möhtəşəm və sirli memarlıq abidəsi olan Qız qalası qədim qala divarlarının (İçərişəhərin) cənub-şərq hissəsində, dənizkənarı parkın (bulvar) yaxınlığında yerləşən tarixi abidədir. Tikilmə çağı ətrafında mübahisələrin heyrətləndirici böyük zaman intervalı çərçivəsində aparılması baxımından memarlıq tarixində Qız qalası ilə müqayisə edilə biləcək abidə yoxdur. Belə ki, abidənin yaşının Şumer dövründən başladığını güman edən mütəxəssislər də var. Burada zaman fərqi tikilmə tarixi bilinməyən başqa abidələrdə olduğu kimi, bir neçə il deyil, hətta bir neçə əsr də deyil, 3 min ildən artıqdır. Ətraflı məlumatlardan sonra turistləri maraqlandıran suallara cavab verildi.

Daha sonra tur şəhərimizin növbəti görməli yerləri ilə davam etdirildi. Turistlərlə söhbətimiz zamanı bir daha aydın oldu ki, onlar, həqiqətən, Bakıya çox heyrandırlar.

Yunanıstandan olan jurnalist Georgies Papadapulos bildirdi ki, Azərbaycana birinci dəfədir gəlir: "Buradakı gözəlliklər məni çox heyran etdi. Bakı artıq mənim üçün doğma bir diyara çevrilir. Buradan heç ayrılmaq istəmirəm. Sanki, röyadayambir azdan məni oyadacaqlar ki, dur, işə gecikirsən (gülür)".

Almaniyalı turistlərdən Martin Levandovski  bildirdi ki, Azərbaycanın çox böyük tarixi inkişaf dövrü var. Ölkənizin ən böyük problemi Dağlıq Qarabağ məsələsidir. Mən Xocalı faciəsi ilə bağlı bir sıra video görüntülərə baxmışam, kitablardan məlumatlar oxumuşam. Bu, Azərbaycan xalqına qarşı törədilmiş bir beynəlxalq cinayətdir. İnanırıq ki, tezliklə bu məsələ Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapacaq.

Qonaq, həmçinin onu da vurğuladı ki, bu cür problemlərin içərisində belə bir inkişaf Azərbaycanın nə qədər qüdrətli və güclü dövlət olduğunu göstərir. "Eurovision" isə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mühim rol oynayacaq.

İsraildən olan jurnalist isə söhbət zamanı ölkəmizi, xüsusilə, paytaxt Bakını çox böyük heyranlıqla izlədiyini qeyd etdi. Dedi ki, birinci dəfədir tarixiliklə müasirliyi bir arada görür. Azərbaycanın müstəqilliyini elan etməsindən 20 il ötməsinə baxmayaraq, çox böyük bir inkişaf dövrü keçib. "Nağıllar dünyası" Azərbaycan bəzi inkişaf etmiş ölkələrə böyük nümunədir. İnsanlar isə çox mehriban, gülərüz və səmimidir. Nə yaxşı ki, mənim yolum Bakıdan keçdi.

İngiltərəli 75 yaşlı xanım turist Cenifer Krauç Azərbaycana heyran olduğunu bildirdi. Qeyd etdi ki, bu avtobus turu vasitəsilə paytaxt Bakının bir sıra maraqlı və tarixi yerləri ilə tanış olduq: "Mənim yoldaşım da köhnə jurnalistlərdəndir. O, hələ 2000-ci ilin əvvələrində bir səfər çərçivəsində Bakıda olub. Londona qayıtdıqdan sonra orada Bakı haqqında xoş təəssüratlarını bölüşüb. Mənə də dedi ki, "Eurovision"  musiqi yarışmasını bir fürsət bilərək səni Bakıya göndərirəm. Çünki Bakı indi daha da gözəlləşib. Həqiqətən, mən Bakıya valeh oldum. Tarixiniz barədə bir çox məlumatlar  əldə etdim. "Eurovision"la bağlı təşkilatı işlər isə çox möhtəşəmdir".

Heydər Əliyev adına İdman Konsert Kompleksi-İzmir parkı- Milli Elmlər Akademiyası marşrutu üzrə davam etdirilən tur Şəhidlər xiyabanında bir saatlığına dayandırıldı. Burada qonaqlara Azərbaycanın müstəqilliyi uğrunda canından keçmiş şəhidlər haqqında məlumat verildi. Bildirildi ki, 1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub. İyirmi iki il əvvəl yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun qoşun birləşmələri Bakıya daxil olaraq Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin ermənilərə havadarlığından hiddətlənib, küçələrə və meydanlara çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı hərbi əməliyyatlara başladı. Doğma yurdunun, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları həmin müdhiş gecədə canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Lakin bu qanlı qırğın Azərbaycan xalqının iradəsini qıra, azadlıq eşqini söndürə bilmədi. Xalqımız qanı bahasına da olsa, istəyinə - azadlıq və müstəqilliyinə qovuşdu. Keçmiş sovet hərb maşınının Azərbaycanda törətdiyi qanlı qırğından 22 il keçməsinə baxmayaraq, xalqımız o müdhiş gecəni daim xatırlayır, həmin faciənin ağrısı ilə yaşayır, bu vəhşiliyi törədənlərə dərin nifrətini bildirir. Hər il yanvarın 20-də on minlərlə insan Şəhidlər xiyabanını ziyarət edir, Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş Azərbaycan oğul və qızlarının əziz xatirəsini ehtiramla yad edir.

Bu məlumatları dinlədikdən sonra turistlərin böyük əskəriyyəti duyğulanmışdı. Bu məqamda onlardan bir neçəsinin fikirləri ilə tanış olduq.

Almaniyalı turist Yurqen Sammer bildirdi ki, bu məlumatlar oxunduqca həmin o gecənin bir anlıq kiçik bir səhnəciyini beynimdə canlandırdım. Çox böyük faciədir. Bu faciəli tarix xalqın yaddaşında daim qalmalı və gələcək nəsillər üçün mərdlik dərsi olmalıdır.  İndi tam əminliklə deyə bilərik ki, bu cür böyük tarixi qanlı hadisələrin şahidi olan Azərbaycan qısa zaman kəsiyində yüksək inkişaf tempi götürübsə, bu dövlət alqışlanmalıdır.

Yunanıstandan olan jurnalist Laukas Moras isə qeyd etdi ki, 20 Yanvar faciəsini törədənlər, təəssüf ki, hüquqi müstəvidə layiq olduqları cəzanı almadılar. XX əsrdə törədilən ən qanlı terror aktlarından biri olan 20 Yanvar faciəsində Azərbaycan xalqına qarşı törədilmiş cinayət, əslində, bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli bir əməldir. L.Moras onu da bildirdi ki, bununla yanaşı, Azərbaycanın Dağlıq Qarabağ problemivar. İnanıram ki, haqq, ədalət yerini tapacaqbu məsələ də Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapacaq. Çünki Azərbaycan artıq sözdə deyil, gördüyü işlərə görə də bütün dünyanın diqqət mərkəzindədir.

 

 

Elçin CƏFƏROV

 

Azərbaycan.- 2012.- 23 may.- S. 5.