“Eurovision-2012” mahnı müsabiqəsinin birinci
yarımfinalının əsas məşqləri uğurlu olmuşdur
Xəbər verdiyimiz kimi, "Baku Crystal Hall"da "Eurovision-2012" təmsilçilərinin birinci və ikinci məşqləri uğurla başa çatmışdır. Bu ərəfədə təmsilçilər yarışmanın yarımfinallarının əsas məşqlərinə başlamışlar.
Mayın 21-də "Baku Crystal Hall"un səhnəsində "Eurovision-2012" mahnı müsabiqəsinin birinci yarımfinalında çıxış edəcək ifaçıların mətbuat üçün açıq məşqi keçirilmişdir. Müsabiqənin iştirakçısı olan 42 ölkədən 18-nin təmsilçiləri "Baku Crystal Hall"un səhnəsində bir-birinin ardınca məşq etmişlər.
İlk olaraq səhnəyə çıxan "Eurovision-2012" şousunun aparıcıları Eldar, Leyla və Nərgiz bu mötəbər layihənin tamaşaçılarını salamlamışlar.
Daha sonra isə səhnəyə "Euro Neuro" mahnısı ilə Monteneqro təmsilçisi Rambo Amadeus çıxmışdır. İslandiyanın Greta Salome & Jonsi dueti, Yunanıstandan Eleftheria Eleftheriou, Latviya təmsilçisi Anmari, albaniyalı Rona Nishliu, Rumıniyanın "Mandinga", İsveçrənin "Sinplus" qrupları, belçikalı təmsilçi İris, Finlandiyadan Pernilla Karlsson, İsrailin "İzabo" qrupu, San Marinodan olan ifaçı Valentina Monetta, Kipr təmsilçisi İvi Adamou, Danimarkadan Soluna Samay, Rusiyanın məşhur "Branovskiye babuşki", Macarıstanın "Compact Disco", Avstriyanın "Trackshittaz" qrupları, Moldova təmsilçisi Paşa Parfeni və nəhayət İrlandiyanın "Jedward" pop-dueti öz ifalarını təqdim etmişlər.
Mətbuat üçün məşq zamanı diqqəti cəlb edən əsas məqam isə səhnə arxasındakı monitorlarda nümayiş etdirilən Azərbaycanın müxtəlif guşələrinin görüntüləri olmuşdur.
Gecə saat 00.00-da isə tamaşaçıların iştirakı ilə birinci yarımfinalın 18 ölkəsinin - Monteneqro, İslandiya, Yunanıstan, Latviya, Albaniya, Rumıniya, İsveçrə, Belçika, Finlandiya, İsrail, San Marino, Kipr, Danimarka, Rusiya, Macarıstan, Avstriya, Moldova, İrlandiyanın əsas məşqi başlamışdır.
Səhnəyə çıxan "Eurovision-2012" şousunun aparıcıları Eldar, Leyla və Nərgiz tamaşaçıları salamlamışlar. Yarışmanın əsas elementlərindən olan postkardlar da nümayiş olunmuşdur. Nümayiş etdirilən postkardlarda Azərbaycan mədəniyyəti, incəsənəti, Qarabağ atları, qədim adət-ənənələrimiz, aşıq sənəti, milli bayramlar, rəqslərimizdən, ölkənin regionlarından bəhs olunmuşdur. Hər biri xüsusi başlıqlarla adlandırılan postkardlar mövzu və üslubu ilə diqqət çəkmişdir.
Əsas məşq həm də jüri məşqi adlanır. Məşqdə iştirak edən ölkələrdən və həmçinin Azərbaycan, İtaliya və İspaniyadan olan 21 peşəkar münsiflər heyəti iştirakçılara səs verəcəkdir. Onların səsləri ümumi səslərin 50 faizini təşkil edəcəkdir. Hər münsiflər heyəti 5 üzvdən və sədrdən ibarətdir. Hər üzv 10 ölkəyə 1-dən 12-yə qədər xal verəcəkdir.
Birinci yarımfinalda iştirak edəcək ölkələrin təmsilçiləri məşq edəndən sonra "Baku Crystal Hall"un səhnəsinə çıxan yarışmanın aparıcıları səsvermə qaydaları barədə məlumat vermişlər.
Daha sonra birinci yarımfinal iştirakçılarının interval aktı tamaşaçılara təqdim olunmuşdur.
Məşq zamanı, həmçinin tamaşaçılar Azərbaycan mədəniyyətinin möhtəşəmliyinin də şahidi olmuşlar. Bu şouda Azərbaycanın milli musiqi alətləri - tar, kamança, balaban, nağaranın ifasında performans Avropa mediasının marağına səbəb olmuşdur. Azərbaycan musiqi mədəniyyətinin rəmzi sayılan qavaldaşın "Eurovision-2012" mahnı müsabiqəsinin səhnəsinə gətirilməsi isə tamaşaçılarda tamam başqa bir təəssürat oyatmışdır. Qədim qavaldaşda "Natiq" ritm qrupunun bədii rəhbəri Natiq Şirinov ifa etmişdir. Bu şouda Azərbaycan Dövlət rəqs ansamblının ifasında "Yallı" rəqsinin nümayişi, eyni zamanda, "Natiq" ritm qrupunun ifası yaddaqalan olmuşdur.
Macarıstandan gəlmiş jurnalist Viktor Brugo demişdir: "Mən vətənimə qayıdanda hamıya deyəcəyəm ki, heç olmasa həyatınızda bircə dəfə Bakını ziyarət edin. Bakı dünyanın ən gözəl şəhərlərindən biridir".
Artıq bir neçə gündür Bakıda olduğunu bildirən Viktor Brugo şəhərimizin, İçərişəhərin, Qız qalasının çox gözəl olduğunu vurğulamış, həmçinin metronun bütün tələblərə cavab verdiyini diqqətə çatdırmışdır.
Viktor Brugo Mətbuat Mərkəzinin fantastik dərəcədə gözəl olduğunu bildirmişdir. Burada çoxlu texniki avadanlıq, kompyuter var, hər şey moderndir. Jurnalistlərin işləməsi üçün çox yaxşı şərait yaradılmışdır, internet sürətlidir.
"Bakıda Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası, qədim İçərişəhər və Qız qalası çox xoşuma gəldi. Şəhərin mərkəzindəki parklarda fəvvarələr də çox gözəldir. Bakı əsl arzular, istəklər şəhəridir". Bu sözlərin müəllifi isə Ukraynanın "Eurovision-2012" mahnı müsabiqəsindəki təmsilçisi Qaytana Essamidir. O bildirmişdir ki, Azərbaycan paytaxtı mənim o qədər xoşuma gəlir ki, Bakıda günlərimin başa çatmasını istəmirəm. Burada insanlar çox qonaqpərvərdirlər, adamı mehriban qarşılayır və gülümsəyirlər, daim hədiyyə verirlər. Bu fantastikdir! Mətbəxiniz son dərəcə heyranedicidir, hər şeyi bir-birinin ardınca yeyirəm, amma qorxuram ki, çox kökələm. Köhnə Bakı, İçərişəhər çox gözəldir. Oradakı suvenir və xalça mağazaları məni valeh etdi. Xüsusi olaraq bizim üçün tikilən yeni "Baku Crystal Hall" möhtəşəmdir! Xüsusilə, axşamlar. Bütün işıqlar yananda insan gözlərini ondan çəkmək istəmir.
Almaniyalı fan Stefan Engel isə öz növbəsində paytaxtımızla bağlı təəssüratlarını belə bölüşmüşdür: "Mən Bakıda hər addımda gözəlliyin şahidi oldum. Bu mənim Bakıya ilk səfərimdir. İndiyədək Azərbaycan haqqında heç bir məlumatım yox idi". Qonaq demişdir ki, keçən il Düsseldorfda Azərbaycan təmsilçilərinin qalib gəlmələri onun üçün böyük sürpriz olmuşdur. Onların ifa tərzi və mahnıları çox gözəl idi. "Eurovision" mahnı müsabiqəsinə səkkizinci ildir qatıldığını söyləyən Stefan Engel çoxlu fan dostlarının olduğunu, onların arasında Azərbaycandan olanlarla ilk tanışlığının ölkəmizin bu tədbirə ilk dəfə qatıldığı zaman başlandığını bildirmişdir.
Bakının havasının, təbiətinin çox gözəl olduğunu deyən almaniyalı fan buranın yayını ölkəsinin iqlimi ilə müqayisə etmişdir. Şəhərimizdə çoxlu turistlərin də olduğunu qeyd edən Stefan Engel onların buradakı şəraitdən çox razı qaldıqlarını söyləmişdir.
Paytaxtımızda gördüklərinin onu yaxşı mənada təəccübləndirdiyini söyləyən almaniyalı fan bu yerlərin Aralıq dənizinin sahillərini xatırlatdığını demiş, həmçinin Dənizkənarı Milli Parkın qarşısını çoxlu tikililəri ilə birgə Fransanın cənubundakı Nitsa şəhəri ilə müqayisə etmişdir. Bildirmişdir ki, insanlar axşamlar bu parkda dincəlir, təbiətdən zövq alırlar. Hamı çox mehriban, qayğıkeş, ünsiyyətcil və gülərüzdür.
Stefan Engel vurğulamışdır ki, ölkədə yarışmaya hazırlıq işləri yüksək səviyyədə aparılmışdır. "Baku Crystal Hall" çox gözəldir, Mətbuat Mərkəzi geniş, rahat və moderndir, müasir avadanlıqla təchiz edilmişdir. Həmçinin könüllülər çox fəaldır, hər zaman kömək edirlər. Almaniyalı fan təhlükəsizliyə yüksək diqqət ayrıldığını da vurğulamış, nəqliyyatın ahəngdar işlədiyini qeyd etmişdir.
"Bakı çox heyrətamiz şəhərdir, insanları gülərüz və qonaqpərvərdir. İçərişəhəri isə daha çox bəyəndim". Bu fikirlərin müəllifi isə Xorvatiyanı "Eurovision-2012" mahnı müsabiqəsində təmsil edən Nina Badriçdir.
Nina Badriç gələcəkdə repertuarında Azərbaycan mahnılarına da yer ayıracağını demiş və hətta Azərbaycan müğənnilərindən biri ilə duet oxuyacağına da söz vermişdir. Lakin Nina Badriç hələlik mahnının adını sirr saxladığını demişdir.
"Baku Crystal Hall"da yaradılan şəraitdən və zalın genişliyindən danışan Xorvatiya təmsilçisi demişdir: "Bu zal həqiqətən də geniş imkanlara malikdir. Düşünürəm ki, "Baku Crystal Hall" gələcəkdə də böyük konsertlərin keçirilməsi üçün əlverişli məkan olacaqdır".
"Eurovision-2012" mahnı müsabiqəsindəki
favoritlərindən danışan müğənni
yarışmada kifayət qədər yaxşı
ifaçıların və mahnıların olduğunu
bildirmişdir. Lakin o, daha çox
Böyük Britaniya, Fransa və İsveç
təmsilçilərinin ifalarını
xoşladığını demişdir:
"Düşünürəm ki, bu yarışmada güclü
mübarizə olacaqdır. Mən öz
mahnımın tamaşaçıların qəlbinə yol tapacağına inanıram, lakin
əvvəlcədən bir söz demək çox
çətindir, hər şey yekunda bilinəcəkdir".
Sloveniya
təmsilçisi Eva Boto isə demişdir ki, Azərbaycanla
bağlı təəssüratlarım uzun müddət
yaddaşımda qalacaqdır.
Azərbaycana yenidən gəlmək arzusunda olduğunu deyən sloveniyalı təmsilçi bu müsabiqəni karyerasının ən parlaq səhifəsi adlandırmışdır. Qonaq demişdir: "Azərbaycan çox gözəl ölkədir. Biz Bakını, İçərişəhəri gəzdik və Azərbaycanın milli xörəklərindən daddıq. Özümü burada çox yaxşı hiss edirəm. Mənim 16 yaşım var, şou-biznesə hələ yeni qədəm qoyuram. "Eurovision-2012" isə mənim karyeramda ən böyük səhifədir".
Azərbaycanlı təmsilçi Səbinə Babayevanın səsi və səhnə geyimi də xarici jurnalistlər və fanların diqqətindən yayınmamışdır.
S.Babayevanın geyiminin möhtəşəm olmasını bildirən əcnəbilər "Eurovision-2012" mahnı müsabiqəsində Azərbaycanı təmsil edən müğənninin oxumasını yüksək qiymətləndirmiş, onun səs imkanlarının və ifasının möhtəşəm olduğunu demişlər.
Həm müsabiqəni dəstəkləyən pərəstişkarlar, həm də jurnalistlər hesab edirlər ki, Səbinə Babayevanın libası builki yarışma iştirakçılarının geyimləri arasında ən gözəlidir.
AzərTAc
Azərbaycan.- 2012.- 23 may.- S. 7.