“Eurovision-2012” mahnı müsabiqəsinin postkardları nümayiş etdirilmişdir

 

 Azərbaycanın ev sahibliyi etdiyi "Eurovision-2012" mahnı müsabiqəsinin əsas elementlərindən olan postkardların da ilkin nümayişi keçirilmişdir. AzərTAc eurovision.az saytına istinadla xəbər verir ki, mayın 21-də "Baku Crystal Hall"da  birinci yarımfinalın media nümayəndələri üçün təşkil edilən əsas məşqində bu sıradan 14 videoçarx göstərilmişdir.

Nümayiş etdirilən postkardlarda Azərbaycan mədəniyyəti, incəsənəti, Qarabağ atları, qədim adət-ənənələrimiz, aşıq sənətimiz, milli bayramlarımız, rəqslərimizdən s. bəhs olunur. Həmçinin bu postkardlarda Azərbaycanın müxtəlif bölgələri təqdim edilir.

Hər biri xüsusi başlıqlarla adlandırılan postkardlar mövzu üslubu ilə diqqəti cəlb edir. Bu videolarda Azərbaycan milli mədəniyyəti bir daha Avropa izləyicilərinə çatdırılır.

Ümumilikdə, 57-ci "Eurovision" mahnı müsabiqəsində iştirak edən ölkələrin sayına uyğun olaraq 42 postkard hazırlanmışdır. Bu postkardlar hər iştirakçı ölkənin təmsilçisinin çıxışından əvvəl efirə gedəcəkdir.

 

 

Azərbaycan.- 2012.- 23 may.- S. 7.