Rusiyanı sevən
və ona hörmət edən ölkə
İTAR-TASS agentliyinin orqanı, Moskvada çıxan həftəlik "Exo planetı" ictimai-siyasi jurnalının son nömrəsində Aleksey Vlasovun "Rusiyanı sevən və ona hörmət edən ölkə" adlı məqaləsi dərc edilmişdir.
AzərTAc həmin məqaləni təqdim edir.
Mayın sonunda Bakıda "Eurovision" müsabiqəsi başlayır (yarımfinal yarışları bu gün, mayın 22-də başlayır - AzərTAc). Bir neçə gün ərzində Azərbaycan dünyanın müxtəlif qitələrindən olan musiqi həvəskarlarının nəzərlərinin dikildiyi ölkə olacaqdır. Bununla belə, bir çox avropalılar üçün Azərbaycanın tarixi və müasir durumu elə bir kitabdır ki, onu ən birinci səhifədən başlayıb oxumaq lazımdır. Avropa və Asiya arasında coğrafi mövqeyi ölkəyə mühüm geosiyasi körpü obrazı formalaşdırır və həm də qeyri-adi rəqabət üstünlükləri yaradır.
Xəzər, Dağlıq Qarabağ, neft - ərazisinə görə Cənubi Qafqazın ən böyük respublikası haqqında sosial şəbəkələrdə məlumat tapmaq üçün bu açar sözlərdən istifadə etmək olar. Ötən əsrin 90-cı illərində Qərb üçün bütün postsovet məkanı keçmiş Sovet İttifaqının parçaları hesab edilirdisə, artıq indi Cənubi Qafqaz və Mərkəzi Asiya dövlətlərinin müstəqilliyi gerçəklikdir. Lakin bu heç də həmişə o demək deyildir ki, güclü informasiya axınları ölkənin aydın və dəqiq obrazını ifadə edən dolğun mənzərə yaradır.
Azərbaycan islam ilə Avropa mədəniyyətinin və siyasi ənənələrin birləşdiyi ölkədir. Bu sintez özünü Azərbaycanın eyni zamanda həm İslam Əməkdaşlıq Təşkilatının, həm də Avropa Şurasının və ATƏT-in üzvü olmasında, Milli Məclisin deputatlarının Avropa Parlament Assambleyasında təmsil olunmasında büruzə verir. Cəmi bir neçə ay əvvəl Azərbaycan diplomatiyası nəzərəçarpacaq uğur qazanmışdır - ölkə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü statusu əldə etmişdir.
Azərbaycan müxtəlif mədəniyyətlərin bütün nailiyyətlərini ehtiva etməklə özünün xüsusi, təkrarolunmaz obrazını yaradır. Burada yaşayan xalqların unikal qədim mədəniyyətini, bənzərsiz ənənələrini özündə cəmləşdirən bu obraz ultramüasir mehmanxanalar, qabaqcıl informasiya-telekommunikasiya texnologiyaları, bir neçə dil bilən, gənc biznesmenlər timsalında gələcəyə istiqamətlənmişdir. Ölkə ərazisində yaşayan hər bir xalq bərabər hüquq və imkanlara malikdir, buna "Eurovision" müsabiqəsinin qonaqları da əmin ola bilərlər - dövlət siyasətinin prinsipial əsasları belədir.
Ölkə əhalisinin orta yaş həddinin 30-dan azacıq yuxarı olması da Azərbaycan dövlətçiliyi üçün strateji resursdur, çünki biznesdən başlamış siyasətə qədər ən müxtəlif fəaliyyət sahələrində sağlam ambisiyalar və özünütəsdiq meyilləri gənclərə xas olan cəhətlərdir.
Buna görə də təsadüfi deyil ki, Azərbaycan rəhbərliyi gənclər və təhsillə bağlı proqramlara xüsusi diqqət yetirir. Belə ki, hələ 1994-cü ildə Heydər Əliyevin fərmanına əsasən Gənclər və İdman Nazirliyi yaradılmışdır.
Dinamik inkişafda olan Azərbaycanın insan kapitalı - gənc alimlər, tələbələr, tədqiqatçılar ölkəni onun hüdudlarından çox-çox uzaqlarda təmsil edirlər. Xarici ölkələrin elit tədris müəssisələrində kadr hazırlanması üçün hər cür şərait yaradılır. Azərbaycan hökuməti tərəfindən hazırlanan unikal dövlət proqramı tələbələrə dünyanın ən yaxşı təhsil məkanlarında biliklər qazanmaq, sonra isə həmin bilikləri ölkənin rifahı naminə praktiki fəaliyyətdə tətbiq etmək imkanı verir.
Azərbaycanın ali məktəbləri tədricən
keçmiş postsovet məkanının ali tədris müəssisələri
arasında ön mövqelərə çıxır. Bu, Diplomatik
Akademiyaya və Bakı Slavyan Universitetinə daha çox
aiddir. Çox xoşdur ki, Moskva Dövlət Universiteti Azərbaycan
filialının mövqeləri son vaxtlar əhəmiyyətli
dərəcədə möhkəmlənmişdir.
Azərbaycanın başlıca sərvəti
insanlardır, ona görə də mübaliğəsiz deyə
bilərik ki, bu diyarın gələcəyi uğurlu
olacaqdır. Əlbəttə, yaddan çıxarmaq olmaz ki, tarixən
bu respublikanın əsas rəmzlərindən biri neftdir.
Böyük Vətən müharibəsi illərində
sovet qoşunlarının qələbəsinin bünövrəsi
olmuş Bakı nefti əvvəlki kimi, yenə də strateji sərvətdir. Hazırda məhz
neft-qaz sektoru Azərbaycan iqtisadiyyatının əsasını
təşkil edir. 2010-cu ildə ölkədə 50,8 milyon ton neft istehsal edilmişdir ki, bu da
2003-cü ilin göstəricisi ilə (15,4 milyon ton) müqayisədə
3,3 dəfə çoxdur.
1994-cü
ildə "Əsrin müqaviləsi"nin
imzalanması bir neçə onillik üçün milli
iqtisadiyyatın inkişaf xəttini müəyyənləşdirmiş,
büdcəni artırmağa, sonra isə qorunma
strategiyasından sürətli inkişaf strategiyasına
keçməyə imkan vermişdir. Buna görə
də mübaliğəsiz deyə bilərik ki, milli
iqtisadiyyatın modernləşdirilməsi strategiyası indiyə
qədər hələ 90-cı illərin əvvəllərində
Heydər Əliyev tərəfindən müəyyən olunmuş
prioritetlər əsasında inkişaf edir. Bu isə ölkənin karbohidrogen
ehtiyatlarının dünya bazarlarında satışından
səmərəli istifadə etməklə öz iqtisadi
potensialını gücləndirməsinə imkan verir.
"Eurovision" mahnı müsabiqəsinin qonaqları bu vəsaitlərin
milli iqtisadiyyata fəal yatırılmasının şahidi ola bilərlər.
Bunu Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatları
da sübut edir. Həmin məlumatlara əsasən, 2011-ci ildə Azərbaycan
iqtisadiyyatına qoyulan xarici investisiyaların ümumi həcmi
2515.96 milyon manat təşkil etmişdir ki, bu da 2010-cu ilin
müvafiq göstəricisindən 3,2 faiz çoxdur.
2012-ci ilin dövlət büdcəsi 20 milyard dollardan
çoxdur, icmal büdcəsi isə təqribən 25 milyard
dollar təşkil edir. Strateji valyuta ehtiyatları artaraq 43 milyard
dollara çatmışdır.
Hətta böhranlı 2008-2009-cu illərdə, neftin
qiymətinin 4-5 dəfə düşməsinə baxmayaraq, Azərbaycan
iqtisadiyyatı yüksələn xətt üzrə
inkişaf edirdi, həm də bu artım, əsasən,
qeyri-neft sektorunda müşahidə edilirdi. Buna görə də təəccüblü
deyil ki, iki il əvvəl xarici
investisiyaların çox hissəsi neft-qaz sektoruna yönəldilirdisə,
bu gün artıq, enerjidaşıyıcılarla əlaqəsi
olmayan Azərbaycan iqtisadiyyatı xarici investorlar
üçün maraq kəsb edir. Hazırda
ölkənin bütün regionlarında böyük
infrastruktur layihələri həyata keçirilir. Yollar, su-kanalizasiya layihələri,
qazlaşdırma, elektrik ötürmə xətlərinin, kənd
yollarının çəkilişi - bu layihələrin
böyük əksəriyyəti dövlət tərəfindən
maliyyələşdirilir. Ölkədə sənaye
istehsalı demək olar ki, üç dəfə artmış,
bir milyona yaxın iş yeri yaradılmış, yoxsulluq
göstəricisi 2003-cü ildə 49 faiz təşkil edirdisə,
2010-cu ildə doqquz faizə enmişdir.
Elektroenergetika sənayesi üçün məhsullar
istehsal edilən müxtəlif zavodlar, sexlər, istehsal xətləri
yaradılmış Sumqayıt texnoparkı Azərbaycan
iqtisadiyyatının fəxridir. Postsovet məkanında
analoqu olmayan bu layihə Azərbaycanın XXI əsrin
reallıqlarına sıçrayışının rəmzidir.
Azərbaycana yatırılan investisiyaların 70 faizinin
birbaşa olması faktı da böyük əhəmiyyət
kəsb edir.
Bu, Azərbaycan üçün yeni texnologiyalar, əlavə
kapital, istehsal həcminin artırılması, təşkilatçılıq
sahəsində yeni biliklərin əldə edilməsi,
menecmentin yaxşılaşdırılması, yeni iş yerləri
deməkdir. Azərbaycan öz peykini
buraxmağı planlaşdırır. Xarici
investorlar üçün bu, öz növbəsində, əlavə
gəlir əldə etməklə istehsal və satış
bazarının genişləndirilməsi deməkdir. Artıq, Azərbaycan özü də investora
çevrilmiş, ölkə hüdudlarından kənarda
dörd milyard dollara yaxın yatırım etmişdir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, "Azərbaycan
hərtərəfli, şaxələndirilmiş şəkildə
inkişaf edir, ölkədə çox böyük ixrac
potensialı formalaşdırılır. Öz
növbəsində dövlət də bu işdə çox
fəal rol oynayır, milli, o cümlədən özəl
şirkətlərin xarici bazara çıxmasına
çalışır".
2004-cü ildə Azərbaycan Respublikası
regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət
Proqramı qəbul edilmişdir. Ən iri məqsədli
proqramlardan biri olan bu proqram ilk növbədə Azərbaycanın
daxili ərazi strukturunun harmonik inkişafına, ölkənin
ayrı-ayrı bölgələrində sosial-iqtisadi geriliyi
aradan qaldırmağa, son illərdə isə modernləşdirilmiş
sıçrayışla bağlı məsələlərin
həllinə yönəlmişdir. Azərbaycanın
Qəbələ rayonu buna bariz nümunədir, bu rayonda ən
müasir mehmanxana kompleksləri, əyləncə parkı və
kino-konsert zalı tikilmişdir.
Respublikamızın
paytaxtı, haqlı olaraq dünyanın ən gözəl
şəhərlərindən biri adlana biləcək Bakı
Azərbaycanın heç də az əhəmiyyət
kəsb etməyən strateji resursudur. "Eurovision"
müsabiqəsinin qonaqlarının Azərbaycan paytaxtının
ən azı iki görməli yerinə baş çəkməsi,
sadəcə, zəruridir. Bunlardan biri
Bakının mərkəzində yerləşən,
yaşı əsrlərlə ölçülən qala
divarları ilə əhatə olunmuş qədim
yaşayış məskəni - İçərişəhərdir.
İçərişəhər 2000-ci ildə
Şirvanşahlar sarayı və Qız qalası ilə
birlikdə UNESCO-nun Ümumdünya İrs Siyahısına
daxil edilmişdir. Azərbaycan hökuməti İçərişəhərin
ərazisində yerləşən bütün abidələrin
tarixi görkəminə toxunmadan qorunub saxlanmasına
xüsusi diqqət yetirir. Bu, belə bir həqiqətin
dərk olunmasına sübutdur ki, dövlətin obrazı təkcə
müasir texnologiyalar və inkişaf etmiş infrastruktur
hesabına deyil, həm də öz tarixi yaddaşına
qayğıkeş münasibət hesabına formalaşır.
Şəhər sakinlərinin yaşından
asılı olmayaraq sevimli istirahət yeri sayılan Dənizkənarı
bulvar Bakının "iki nömrəli" görməli
yeridir. Bulvardan qədim Xəzərə açılan əsrarəngiz
mənzərə, atəşpərəstlikdən
başlamış ta XXI əsrdəki hi-techə qədər
bir neçə dövrün mədəni qatlarını
özünə hopdurmuş və qoruyub saxlamış nadir
obrazı tamamlamalıdır.
Yeri gəlmişkən, "Eurovision"
qonaqlarının servisin səviyyəsi və xidmətlə
bağlı narahat olmasına dəyməz. Son bir
neçə ildə şəhərin mərkəzində ən
müasir mehmanxanalar tikilmiş, başlıcası isə -
yüksək ixtisaslı xidmət heyəti
hazırlanmışdır. Başqa
ölkələrdən gələn turistlər
üçün yeganə "təhlükə" çəkilərinin
xeyli artması ehtimalıdır. Bu, Azərbaycan mətbəxinin
ləziz təamlarından bixəbər olanlar
üçün ciddi sınaqdır, xüsusən ona görə
ki, bakılılara xas olan qonaqpərvərlik hələ sovet
dövründə dillər əzbəri idi.
Bakıda
turizm obyektləri tikintisinin geniş miqyas alması, gözəl
mehmanxanalar və konsert zalları - paytaxtın bugünkü
simasının göstəriciləri belədir. Azərbaycanda
çoxları deyir ki, Qarabağ münaqişəsi bu qədər
uzanmasaydı, uğurlar daha sanballı ola
bilərdi. Bu münaqişədə ölkə
ərazisinin 20 faizdən çoxu işğal edilmişdir.
Dağlıq Qarabağla əlaqədar gərginlik davam etdikcə
Azərbaycan öz hərbi xərclərini yüksək səviyyədə
saxlamağa məcburdur, halbuki bu pulları infrastruktur layihələrinə,
əsaslı tikintiyə sərf etmək olardı. Buna görə də mübaliğəsiz demək
olar ki, məhz Qarabağ problemi ilə əlaqədar
danışıqlarda irəliləyişin olmaması Azərbaycanın
yüksələn xətlə inkişafını ləngidən
amildir.
Rusiya-Azərbaycan münasibətlərinə gəldikdə
isə hazırda bu iki ölkə arasında əlaqələr
strateji tərəfdaşlıq ruhunda inkişaf edir. Sərhədyanı
əməkdaşlıqdan tutmuş enerji dialoquna qədər,
çox geniş əhatəli məsələlər kompleksi
qarşılıqlı etimad və hörmət əsasında
həll edilir. Əlbəttə, həmişə
belə olmamışdır. 1990-cı illərdə
ovaxtkı Rusiya rəhbərliyinin Dağlıq Qarabağ
probleminə münasibətdə bəsirətsiz və səmərəsiz
siyasəti nəticəsində Moskva ilə strateji
qarşılıqlı əlaqələr nəzərəçarpacaq
dərəcədə zəifləmişdi. Lakin Vladimir Putin hakimiyyətə gələndən
sonra vəziyyət dəyişməyə başlamış
və Heydər Əliyev ilə Rusiya prezidentinin şəxsi
münasibətləri səviyyəsində
formalaşmış etimad xətti İlham Əliyevin
dövründə də qorunub saxlanmış və möhkəmlənmişdir.
Amma hər halda Rusiya və Azərbaycan arasında
münasibətlər təkcə siyasət, iqtisadiyyat və
təhlükəsizliklə məhdudlaşmır. Bu, ilk növbədə,
insanlar arasında hələ Sovet İttifaqı
dövründən qorunub saxlanmış, indi isə iki
müstəqil dövlətin gənc vətəndaşlarının
sonrakı nəsillərinə ötürülən səmimi
dostluq münasibətləridir. Bu ölkə müxtəlif etnik
və dini mənşəyə malik xalqların əsrlər
boyu çiyin-çiyinə, səmimilik şəraitində
yaşadığı bir məkan olmuşdur. Azərbaycan
cəmiyyəti bu gün də heç nəyə baxmayaraq,
müxtəlif millətlərin və dinlərin nümayəndələrinin
dostluq şəraitində yaşadığı, mədəni
və etnik rəngarəngliyə malik bir məkandır.
Bakıya gələn hər hansı bir rusiyalı adət
etdiyi dil mühitinə düşərək özünü
rahat hiss edir. Şübhəsiz, burada Rusiyanı sevirlər,
onu özlərinin yaxın qohumları qədər sevir və
hörmət edirlər, bu hisslər isə Azərbaycanda ailə
ənənələrinin təməl daşıdır.
Şübhə
etməmək olar ki, mayın sonlarında Avropanın ən
populyar məkanında toplaşacaq insanları da eynilə bu
cür səmimilik və dostluq, qayğı və diqqət
gözləyir və bu insanlar qədim ənənələri
müqəddəs dəyərlər kimi qoruyub saxlayan, eyni
zamanda hər bir yeniliyə açıq olan qeyri-adi bir ölkəni
özləri üçün kəşf edəcəklər.
Azərbaycan.- 2012.- 23 may.- S. 8.