“Musiqi və
xalq sənəti həftəsi” çərçivəsində keçirilən
növbəti konsertdə klassik və caz musiqisi səsləndirilmişdir
Mayın 22-də Filarmoniya bağında Mədəniyyət və Turizm Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin (BŞMTİ) birgə təşkilatçılığı ilə keçirilən "Musiqi və xalq sənəti həftəsi" çərçivəsində klassik və caz musiqisi ifaçılarının konserti olmuşdur.
"Eurovision-2012" mahnı müsabiqəsi zamanı xarici qonaqlara və turistlərə Azərbaycanın tarixi və mədəni irsi, zəngin mədəniyyəti, digər sahələr haqqında məlumatların çatdırılması, müvafiq xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə keçirilən həftə çərçivəsində tədbirlərin mayın 27-dək davam edəcəyi bildirilmişdir. Məlumat verilmişdir ki, bugünkü konsertdə BŞMTİ-nin tabeliyində olan uşaq incəsənət və musiqi məktəblərinin kollektivləri çıxış edəcəklər. Onların repertuarından Azərbaycan və xarici bəstəkarların əsərləri, xalq, klassik və caz musiqi nömrələri təqdim olunacaqdır.
Konsertdə M.Maqomayev, R.Babayev, R.Behbudov, Ə.Bakıxanov, F.Əmirov, C.Hacıyev, S.Ələsgərov, Ş.Ələkbərova adına uşaq incəsənət və musiqi məktəblərinin kollektivlərinin ifasında Q.Qarayev, T.Quliyev, Niyazi, M.Maqomayev, İ.Ştraus, K.Qarden, D.Harlit və digərlərinin əsərləri səslənmişdir.
Klassik və caz musiqisi konserti şəhər sakinləri tərəfindən alqışlarla qarşılanmışdır.
AzərTAc
Azərbaycan.- 2012.- 23 may.- S. 8.